Premyer Liqada reklamlar bitdi, seyrə davam!

26 Noyabr 2022 21:20 Premyerliqa 985
Premyer Liqada reklamlar bitdi, seyrə davam!

Sizin üçün bilmirəm necədir, mənə görə, Azərbaycan millisinin oyunları ilə Azərbaycan kubokunun matçları Premyer Liqamızın yerini vermir.

Hələ Ağasəlim Mircavadovun dönəmindən başlayıb Berti Foqtsla davam edən, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç, hətta Canni de Byazinin də dərmanını tapa bilmədiyi yığma uğursuzluğu əksəriyyət kimi məni də ölkənin bir nömrəli komandasından soyudub.

Hə, payızda doğan günəşin istisi üzümüzü ardıcıl 5 qələbə ilə qızdırsa da, vəziyyətin bu cür davam edəcəyinə inananların sayı yox dərəcəsindədir.

De Byazili milli AÇ-2024-ün seçmə mərhələ oyunlarında Belçika, Avstriya, İsveç millilərinə boy verə bilsə, çoxdan dəfn etdiyimiz ümidlərimiz möcüzə sayəsində diriləcək.

Ölkə kubokundakı durum da acınacaqlıdır. 1/8 final mərhələsi adı altında mübarizəyə cəmi 12 komandanın qoşulması dünyada analoqsuzdur.

Oyunlarda qeydə alınan hesablar – Premyer Liqa təmsilçilərinin Birinci Divizion komandalarının qapısından gəzə-gəzə 4-5 cavabsız top keçirməsinin nəyinə və ya harasına baxasan?

Ən yaxşısı ölkə çempionatıdır. Komandaların sayı 10-a yüksəlib, bölgə təmsilçiləri bir-biri ilə amansız mübarizəyə girişb,

“Neftçi”nin qeyri-sabitliyi fonunda “Sabah” inamlı təsir bağışlayır, “Qarabağ” əvvəlkitək rahat nəfəs ala bilmir. Hər həftəsonu nəfəsləri kəsən azı 2-3 oyun izləyiriksə, bunun özü ölkə futbolu adına bayramdır.

Premyer Liqada son illər görmədiyimiz mübarizəni izləməkdəyik. Medallar uğrunda yarışanların öz dünyası var, sonuncu olmamaq üçün savaşanların öz dünyası.

Qış fasiləsinə cəmi 4 tur qaldığını nəzərə alsaq, gərginliyin pik həddə çatacağı şübhə doğurmur. Çempionatın ən maraqlı qarşılaşması – “Qarabağ” – “Neftçi” duelinə isə saatlar qalıb.

Odur ki, milli və kubok çərçivəsində nəzərdə tutulmuş reklamlar bitdi. Seyrə davam.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti