Premyer Liqanın aynası: Kiminə dərd, kiminə də dərman olan milli fasilə

20 Noyabr 2022 21:20 Premyerliqa 668
Premyer Liqanın aynası: Kiminə dərd, kiminə də dərman olan milli fasilə

Azərbaycan millisinin Moldova və Şimali Makedoniya ilə yoxlama matçına görə Premyer Liqada yaranmış fasilə davam edir.

Belə ki, soncu dəfə bu ayın 11-13 aralığında 14-cü turun matçlarına çıxan klublarımız bir də təxminən 2 həftədən sonra 27-29 noyabrda 15-ci turun oyunlarını keçirəcək.

Aradakı 14-15 günlük boşluq təbii ki, çempionatdakə gərginliyi nisbətən ləngitmiş olacaq. Çünki yaxşı forma yığan klublar bu müddətdə mütləq ki, eniş yaşayacaqlar.

Məsələn, “Sabah” və “Qarabağ” millidə olan 7 oyunçusu olmadan hazırlıq keçir. Və bundan əlavə olaraq hər iki klubun da digər millilərdə olan legionerləri var.

Məşqlərdə yaranan ciddi boşluq ilk rəsmi oyunlarda özünü göstərməyə bilməz. Əvvəlki tonusa qayıtmaq üçün minimum 2 tur lazım olacaq.

“Qarabağ”ın digər problemi bu müddətdə heç bir oyuna çıxa bilməməsidir.

Belə ki, millinin toplanışından həmən sonra Azərbaycan kubokunun 1/8 final mərhələsinin matçları var. Bu görüşlər oyun ritmini geri qaytarmaq üçün “Sabah” başda olmaqla digər klublar üçün əla fürsət kimi qiymətləndirmək olar.

Eyni imkandan “Qarabağ”la bərabər, “Neftçi” də məhrumdur. Hər iki klub da yarışa 1/4 final mərhələsindən start verəcək. “Neftçi”yə xeyrli olacaq məqam kimi, bu zaman kəsiyində Eddi İsrafilov başda olmaqla başqa bir neçə zədəlinin tam sağalacağını qeyd etmək olar.

Fasilədən xeyir görənlər də az olmayacaq. Götürək elə “Kəpəz” komandasını. Tərlan Əhmədovun gəlişindən sonra hər oyunda yeni dirçəliş əlamətləri hiss olunan qərb təmsilçisinin bu fasilədə daha da üstünə qoyacağı qaçılmazdır.

Qeyri-stabil çıxışla yadda qalan “Qəbələ”də yorğunluq az da olsa hiss olunmaqdaydı. Hər halda kasad heyət üçün normal görüntüdür. Fasilə dincəlməyə və toparlanmağa yeni imkanlar yarada bilər. Ki, dəyərləndirilə bilsə.

Son dönəmlər zədə sindromundan əziyyət çəkən “Turan Tovuz” nisbətən futbolçuların sağalması üçün əlavə zaman qazanmış oldu. Nəzərə alaq ki, ölkə kubokunun ilk mərhələsində də komandanın rəqibi kifayət qədər münasib hesab oluna biləcək “Şamaxı”dır.

“Şamaxı”dan söz düşmüşkən bu komanda üçün fasiləni heç də uyğun saymaq olmaz. Ki, son iki matçda ardıcıl qələbələr qazanan kollektiv yaxşı performans yaxalamışdı. İndi Cavid Hüseynovun komandası üçün qaldığı yerdən davam eləmək elə də asan olmayacaq.

Təbii ki, bütün bunlar bizim təcrübəyə söykənən ehtimallarımızdır. Həqiqət isə meydandakı mübarizə sonrası çılpaqlığı ilə ortaya çıxacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!