"Bu gün nəticə istəmək absurd bir şeydir"- Cavid Hüseynov

2 Oktyabr 2022 18:50 Premyerliqa 533
"Bu gün nəticə istəmək absurd bir şeydir"- Cavid Hüseynov

"Şamaxı" Azərbaycan Premyer Liqasının 8-ci turunun oyununda doğma meydanda "Sabah"a 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında əyalət təmsilçisinin məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb:

- "Sabah" çempionluq uğrunda mübarizə aparan 2-3 komandadan biridir. Həqiqətən də çox güclü futbolçulardan təşkil olunub. Buna baxmayaraq, məğlub olmamaq üçün əlimizdən gələni etdik. Son dəqiqələrdə təcrübəsizlikdən qol buraxdıq. Futbolçulara göstərdikləri mübarizəyə görə təşəkkür edirəm.

- Demək olar ki, komanda bu mövsüm ən yaxşı oyununu oynadı?

- Xeyr, belə düşünmürəm. Daha yaxşı oyunlarımız olub. Evdə "Səbail"ə qarşı yaxşı oynamışdıq. Həmin matçda qalib gəlməliydik. "Turan Tovuz"la matçımız da yaxşı olub.

- Ən çox üzüldüyünüz məqam nə oldu?

- Təcrübəsizlikdən "Neftçi" ilə matçın 85-ci dəqiqəsində qol buraxmışdıq. Bu gün də eyni hal baş verdi. Gənc komanda olduğumuza görə bu cür hallar baş verir.

- Kamran Quliyevi gec əvəzlədiz. Bunun səbəbi nə idi?

- Kamranın təcrübəsinə güvənərək onu meydanda saxladıq ki, hansısa epizodda qol vurmaq şansı ola bilər. Son dəqiqələrdə gənc oyuncumuz olan Rövşən Şahmuradovu meydana buraxdıq. Bu, planımızda var idi. O da əlindən gələni etdi.

- Qurban Səfərovun yararlana bilmədiyi epizodu oyunun qırılma nöqtəsi hesab etmək olar?

- Yüz faizlik qol imkanı idi. Qolla nəticələnsəydi, daha yaxşı olardı. Amma qırılma nöqtəsi deməzdim. "Sabah"ın sürətli futbolçuları var. Onların təzyiqi ilə üzləşirdik.

- Komandanın geridə qalan turlar ərzində çıxışını necə dəyərləndirirsiz?

- Ən gec yığılan komanda biz olduq. Bundan əlavə gənclərdən ibarət komandayıq. Çox çətinliklə futbolçuları əldə etdik. Bu gün nəticə istəmək absurd bir şeydir. Komandanı formalaşdıranda nəticəni yox, futbolçuların inkişafını düşünürdük. Qarşımıza qoyulan məqsəd budur. Düzdür, turnir cədvəlinin sonuncu pilləsindəyik. Bu, məni də narahat edir. Amma nəticəni düşünsək, futbol oynamasaq, qapımızın toxunulmazlığı üçün çalışsaq, onda heç bir futbolçu inkişaf etməz. Ya futbolçuların inkişafını ya da nəticəni istəməliyik. Oyunçuların inkişafı göz qabağındadır. "Sabah"a qarşı bu cür mübarizə apardılar, təhlükəli epizodlar yarada bilirlər. 2-3 nəfər təcrübəli futbolçumuz var. Qalanları gəncdir. Elə futbolçular var ki, ilk dəfədir Premyer Liqada oynayırlar.

- Qışda legioner transferlərinə ehtiyac var?

- Bütün komandalar qarşısına avrokubok məqsədi qoyub və legionerlər transfer edib. Amma bizim məqsədimiz tam fərqli olduğu üçün legioner gətirməmişik. Hamı nəticə tələb edir. Ola bilər rəhbərlik təzyiq altında qərar versin ki, qışda legioner transfer edək. Bunu indidən demək tezdir. Rəhbərliklə görüşlərimiz olacaq. Bu mövzunu müzakirə edəcəyik.

- Təzyiq deyəndə nəyi nəzərdə tutursuz?

- "Şamaxı" hələ qələbə qazana bilməyib, sonuncu pillədədir. Amma təcrübəsiz futbolçularla bu cür oyun oynayırıqsa, demək inkişaf var. Amma nəticə istəyirlərsə, 6-7 legioner olarsa, o zaman nəticə də olar.

- Mövsümün sonunda bir komanda aşağı liqaya dusəcək. Bu, sizdə təzyiq yaradır?

- Bunu iki mənada başa düşürük. Rəhbərliyin strategiyası belədir ki, futbolçular inkişaf etsin. Bir az səbr etməliyik. Heyəti gücləndirməklə nəticəyə oynamaq olar. İnanıram ki, son pilləni biz tutmayacağıq. Buna əminəm. Futbol ictiaiyyətində nəticədən danışılırsa, ola bilər ki, rəhbərlik də buna dözməsin.

Digər Xəbərlər
Xəbər Lenti