Azərbaycanlı hakimlər VAR-da nəyə baxırlar?

19 Sentyabr 2022 23:00 Premyerliqa 954
Azərbaycanlı hakimlər VAR-da nəyə baxırlar?

Azərbaycan Premyer Liqasına VAR sistemi gələndə hamımız sevinmişdik.

Ki, daha kobud hakim səhvləri olmayacaq. Komandaların haqqı yeyilməyəcək. Layiq olan qələbəsini, bərabərliyini qazanacaq.

Amma indi nə görürük? Daha betər biabırçılıq. Məsələn, əvvəl hansısa səhvlər olanda deyirdik ki, hakim də insandı, görmədi. Hər halda bir anda epizod olur və keçir. Belədə hakimin nəyisə gözdən qaçırması normaldı.

Bəs indi? Axı indi belə bir şans yoxdur. Təkrar-təkrar şübhəli epizodlara manitorda baxıb, doğru qərar çıxarmaq olar. Amma bizim "fit sahibləri" bu şərtlər altında da doğru qərarı göstərən fiti çala bilmirlər.

Heç arxada qalan 7 turun hamısına baxmağa gərək yoxdur. Yalnız son turdakı 3 matçda hakimlər VAR-a baxa-baxa yalnış qərar veriblər.

"Səbail" - "Neftçi" oyununda hər kəsin ilk andaca cərimə meydançasında Mamadu Mboca qarşı edilən kobudluğun penal olduğunu görməsinə baxmayaraq, illərin təcrübəli hakimi Əliyar Ağayev VAR-da təkrar-təkrar baxdığı epizodda penal olmaması qənaətinə gəldi.

"Sabah" - "Turan Tovuz" görüşündə ilk hissənin sonları meydan sahiblərinin forvardı Epah yerdə qaldı. Siandanın müdaxiləsi təkrara baxanda penal olmasını asanlıqla deməyə imkan verirdi. Amma Rauf Cabbarov VAR-a müaricətdən sonra yox qərarı verdi.

Lakin matçın sonlarında Şəhriyar Əliyevin qaydanı pozmadığı sadə epizodda "Turan Tovuz"un qapısına penal verdi. Həm də VAR-a heç baxmadan.

"Qəbələ" - "Sumqayıt" oyununda Elçin Məsiyev VAR-a müraciət etdikdən sonra meydan sahiblərinin futbolçusu Rövlan Muradova birbaşa qırmızı vərəqə göstərdi.

Halbuki təkrara baxanda rahatlıqla görsənirdi ki, əksinə qaydanı rəqib futbolçu pozub, sadəcə havada olan Rövlan nə qədər cəhd etsə də müvazinətini qoruya bilməyərək rəqibinə xətər yetirir.

Xoşbəxtlikdən hər üç oyunda da VAR-ın yanlış qərarı ziyan görən tərəfin xal itirməsinə səbəb olmayıb. Amma bu, növbəti matçlarda da belə olacaq anlamına gəlmir.

Hakimlər kifayət qədər diqqətli olmalıdılar. Ki, VAR-a baxandan sonra da səhv qərar verəcək qədər biabırçılağa yol açmasınlar.

Əks halda, haqlı olaraq soruşulacaq ki, bu hakimlər VAR-da nəyə baxır?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti