Tərlan Əhmədovun qələbə məcburiyyəti

18 Sentyabr 2022 17:00 Premyerliqa 405
Tərlan Əhmədovun qələbə məcburiyyəti

Tərlan Əhmədovlu "Kəpəz" bu gün ikinci matçına çıxacaq. Rəqib çempionatın aşkar autsayderlərindən hesab olunan "Şamaxı"dır.

Təqvim yeni çalışdırıcı üçün kifayət qədər əlverişlidir.

Debutda debütant "Turan Tovuz" (0:2), ardınca da "Şamaxı" kimi yeni formalaşmış komanda.

Qərb derbisindən üzüağ çıxmağı bacarmayan çalışdırıcı, heç hər hansı müsbət siqnallar da ötürə bilmədi. Hələki ciddi mənada yalnız Rauf Əliyevi komandandan göndərməklə yaddan qalan təcrbüəli mütəxəssis gənc Cavid Hüseynovun yetirmələrinə qalib gəlməyə məhkumdur.

Rəqib "Qarabağ" deyil, "Neftçi" deyil ki, "mənə vaxt verin" söhbətlərinə yer qalsın. Heç iddiallı "Sabah", təcrübəli "Qəbələ" də yox, "Şamaxı"dır.

Düzdü, Hüseynov mübariz komanda yarada bilib. Əlindəkindən daha sanbalı heyətə sahib Aleksey Baqa və Mahmud Qurbanovu büdrədib. Lakin yenə də bu komandanı udmaq üçün aylarla hazırlıq keçib, komanda formalaşdırmağa o qədər də gərək yoxdur.

Sadəcə əlindəki materialı doğru yönə yönəldib, əla motivasiya verib meydana buraxmaq lazımdır. Ki, sonda 3 xala sevinə biləsən. Bu isə sırf Əhmədovun bacarığına qalan məsələdir.

Həm də digər tərəfdən qarşıdan iki həftəlik fasilə gəlir. Komandanı istədiyin sistemə uyğunlaşdırmaq üçün əla fürsətdir. Amma belə fasiləyə hansı ab-havada getməyin də önəmli rolu olacaq. Qələbə yeni ümid qığılcımı yaratmaqla bərabər, həm də yaxşı motivasiyaya yol açmış olacaq.

Yox, yenə qərb təmsilçisi qələbəyə həsrət qalacaqsa, indidən yeni baş məşqçi axtarışına çıxmaq olar.

XANOĞLAN İMANOV

Xəbər Lenti