Masazırda ümid verən məğlubiyyət

18 Sentyabr 2022 23:00 Premyerliqa 752
Masazırda ümid verən məğlubiyyət

“Turan Tovuz” mövsümdə ikinci məğlubiyyətini “Sabah”dan aldı.

İlk hissəsi 2-0 bitən matçda qonaqlar həm də Şakir Seyidovun qırmızı vərəqə alması ilə paltardəyişmə otağına azlıqda yollandı.

Gözlənilirdi ki, ikinci yarı bölgə klubu daha bir neçə qol buraxcaq. Amma Abbasovun yetirmələri güclü rəqib önündə son dəqiqəyə kimi mübariz futbol oynamağı bacardı.

Hətta azlıqda qalmasına rəğmən Tovuz təmsilçisi Ruanın fərdi mübarizəsi hesabına 81-ci dəqiqədə fərqi də azaltdı da. Bu qoldan həvəslənən qonaqlar bərabərlik qolunu da vurmağa cəhd göstərdilər. Amma son saniyələrdə Elvin Camalovun penaldan vurduğu qol yekun hesabı müəyyənləşdirdi – 3:1.

Məğlubiyyətə rəğmən debutantın layiqli mübarizəsini qeyd etməmək olmaz. Bəli, "Sabah" daha inamlı idi.

Topa daha çox sahib olurdu, təhlükəli vəziyyətlər yaradırdı, amma gözlənilən qədər qorxulu deyildi. Çünki gənc mütəxəssis iddialı “Sabah”ı düzgün analiz etməyi bacarmışdı.

Əbəs deyil ki, mərkəzdən təhlükə yaratmağı mümkünsüz görən Murad Musayevin yetirmələri cinahlara yan almağa başladılar.

Elə problemlər də onda ortaya çıxdı. Vacib idi ki, texniki cəhətdən daha yaxşı olan qonaq futbolçuları maksimum cərimə meydançasından uzaq tutasan. Asmalar o qədər də təhlükəli deyildi. Ucaboy mərkəz müdafiəçiləri təhlükəni sovuşdura bilirdilər.

Düzdü, Ben Aziz sol cinahda nisbətən işini yaxşı görürdü. Onun cinahından ən yaxşı halda asmalar gəlirdi. Ki, bu da o qədər qorxulu deyildi.

Amma Ehtiram Şahverdiyevin cavabdeh olduğu sağ cinah xüsusilə də ilk hissədə “Sabah” üçün təhlükəli hücumların və vurulan qolların başlanğıc zonası idi.

Bir epizodda Bəxtiyar Həsənalizadənin qolu oyundan kənar vəzaiyyət səbəbinddən sayılmadı. Bu da Ehtiramı ayıltmadı. Ardınca eyni boşluqlardan iki qol vuruldu.

Yalnız fasilədə baş məşqçinin iradları, deyəsən, Şahverdiyevi ayıltdı. Onda da artıq gec idi.

Bir sözlə, Ayxan Abbasov komandanı güclü rəqibə qarşı düzgün hazırlaya bilmişdi, sadəcə cinah müdafiəçilərinin (Ələlxüsus da Ehtiram olan) çatdırmaması üzündən bəlkə də 1 xal əldən çıxdı.

Qazandığı xalları daha çox iddiasız komandalarla oyunda əldə edən qərb təmsilçisinin iddialılarla oyunda necə görünəcəyi maraqla gözlənilirdi.

İndi rahat iddia etmək olar ki, bu “Turan Tovuz” nəinki özünə bab, hətta daha güclü rəqiblərdən də xal(lar) qopara biləcək.

Qısası, Masazırda gələcəyə ümid verən məğlubiyyət oldu. Yola davam...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti