Baş məşqçisiz qalan komanda - "Qara zolaq" təhlükəsi

16 Sentyabr 2022 16:00 Premyerliqa 767
Baş məşqçisiz qalan komanda - "Qara zolaq" təhlükəsi

Bu gün Premyer Liqanın 7-ci turu Masazırda start götürəcək.

Mövsümün iddialı komandası “Sabah” surpriz komandası “Turan Tovuz”u qəbul edəcək.

Meydan sahibləri ilk 4 turdakı qələbədən sonra çempionluğa namizəd kimi dəyərləndirilirdi, amma son iki turda Musayevin yetirmələri özünə bənzəmir.

Öncə “Səbail”lə matçda vacib iki xal itirildisə, ardınca “Qarabağ”la dramatik keçən oyunda kollektiv xalsız qaldı.

Oyun olaraq ümidsizlik yaradacaq bir durum yoxdur. Xüsusi ilə son çempionla oyunda “tələbələr” hətta 10 nəfərlə belə əla oyun keçirdi.

Sadəcə, şanssızlıq və ən əsası kobud hakim səhvi ən azı bir xal qazanmağa mane oldu. Tək xalsız qalmadı, “Sabah” həm də baş məşqçisiz və əsas müdafiəçisiz qaldı.

Ki, Murad Musayev və Abdulaye Ba qırmızı vərəqəyə layiq görüldü. Bəzən “qara zolaq” deyilən anlayış da belə gözlənilməzliklərlə başlayır.

Ona görə də bu gün qələbə mütləqdir. “Sabah”da zahirən, lap elə daxilən hər şey əla ola bilər. Amma futbolda ab-havanı yaxşı və ya pis yöndə saxlayan ən vacib məsələ nəticələrin necəliyidir.

Növbəti xal itkisi paytaxt klubunu heç də yaxşı olmayan sonluğa istiqamətləndirə bilər. O baxımdan bu günkü qələbə “Səbail”lə, “Qarabağ”la oyunlardan da önəmlidir.

Lakin rəqib də bu yolda “asan yem” deyil. Bölgə klubu Ayxan Abbasovun rəhbərliyi altında iki aya yığılan komanda ilə sezona əla start verib. Bir oyunu təxirə salınan komanda cəmi 1 oyunda da məğlubiyyət yaşayıb.

Düzdü, “Turan Tovuz” məğlub olmadığı matçlarda dişinə görə rəqiblərlə üz-üzə gəlib. Əslində “Şamaxı” xaric digərləri haqqında bunu demək olmaz.

Ən doğru diaqnoz o olardı ki, gənc mütəxəssis kifayət qədər mübariz, döyüşkən komanda yarada bilib. Qalır bunu iddialı rəqiblərlə oyunlarda da ortaya qoymaq.

Hazırkı heyətlə çox çətindir, lakin Abbasovun ifasında bunu əvvəlki klublarında dəfələrlə görmüşük. İndi qalır “Turan Tovuz”la missiyanı davam etdirmək.

Bu periodda “Sabah” siftədir, davamında “Neftçi”, “Qarabağ” kimi sanballı rəqiblər də var. Bugünkü müsbət nəticə növbətilər üçün də inam və əsas olacaq. Gözləyək...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"