İnadkar Abbasova qarşı Qurbanovun qələbə məcburiyyəti

13 Avqust 2022 19:20 Premyerliqa 653
İnadkar Abbasova qarşı Qurbanovun qələbə məcburiyyəti

"Turan Tovuz" uzun fasilədən sonra bu gün Premyer Liqada ilk səfər matçına çıxacaq. Rəqib paytaxtın "Səbail" komandasıdır.

Ayxan Abbasovun yetirmələri həm də ilk xal(lar) axtarışındadır.

Birinci tur "Qəbələ" ilə oyunda məğlub olan komandanı həm də böyük bəxtsizlik rahat buraxmadı.

Söhbət, təbii ki, alınan qırmızı vərəqə, verilən penaltidən gedir. Yoxsa indiyə kimi xal xanasında nəsə olardı.

Qərb təmsilçisi yeni qurulan komandadır. Müəyyən zaman və səbr mütləqdir. Həm də yaxşı gələcək yolunda belə matçlarda uğurlu nəticə də böyük təkan rolunu oynayacaq.

Bayıl təmsilçisi heyətinə, büdcəsinə, təcrübəsinə görə qonaqları qabaqlasa da inadkar Ayxan Abbasovun komandasından bu rəqiblə oyunda xal(lar) qazanmağı gözləmək olar . İ

lk oyunda mübarizəsi ilə ümid verən komanda bu dəfə nəticəni də ortaya qoymağa çalışacaq. "Səbail"də böyük təzyiq varsa, "Turan Tovuz"da belə bir gərginlik yoxdur. Uğurlu çıxış yolunda bu detal da çox önəmlidir.

Meydan sahiblərində isə vəziyyət fərqlidir. Heyət yeni yığılsa da tam yeni komanda olduğunu demək olmaz. Ötən mövsümlərdə də burda çıxış etmiş Rahid Əmirquliyev Turan Manafov, Tural Bayramlı, Emil Balayev kimi təcrübəli simalar yenə komandanın əsas özəyini təşkil edirlər.

Əksinə büdcənin artması ilə daha baha qiymətə heyətə yaxşı legionerlər cəlb etmək mümkün olub. Ki, bu da hədəfi böyüyən komandanın daha da güclənməsi deməkdir.

İlk matçda "Qarabağ"a məğlubiyyət (3-1) Mahmud Qurbanovun yetirmələrinə o qədər böyük tənqid yeri qoymadı. Hər halda "ağdamlılar"a məğlubiyyət artıq ölkədə normal qarşılanır.

Amma bu gün Tovuz təmsilçisi ilə matçın nəticəsi çox önəmlidir. Növbəti uğursuz nəticəyə yer yoxdur. Hətta bu gün bərabərlik belə meydan sahibləri üçün uğursuzluq sayılacaq. Bir sözlə, gərgin və amansız 90 dəqiqənin bizi gözlədiyini indidən deyə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti