"Kəpəz"ə bir də belə fürsət nə vaxt düşəcək?

7 Avqust 2022 21:00 Premyerliqa 1 316
"Kəpəz"ə bir də belə fürsət nə vaxt düşəcək?

Azərbaycan Premyer Liqasında yeni mövsüm “Kəpəz” – “Zirə” matçı ilə start götürdü.

Gəncədə oynanılmalı olan matç hələ də sirrli qalan (daha doğrusu göstərilən) səbəblər üzündən Mərdəkanda – “Dalğa Arena”da keçirilirdi.

4 ildən sonra Premyer Liqaya yüksələn Qərb təmsilçisi ilk yarıda gözlənilən cılız, aciz komanda obrazını əyani canlandıra bilirdi.

Qonaqlar rahatlıqla topu özündə saxlayır, mövqe hücumları ilə rəqib qapısına yaxınlaşmağa çalışırdı.

Qapanan meydan sahibləri isə ara-sıra əks-hücumlarda Rauf Əliyevin inadkarlığı və təcrübəsi hesabına nəsə eləməyə çalışırdı. Sivir uca kimi isə toplar daha çox sağ cinahda yer alan təcrübəli Tural Axundovun sayəsində çatırdı.

Matçda elə bir təəssurat vardı ki, sanki Rəşad Sadıqovun yetirmələri “istədiyimiz vaxt qol vura bilərik” prinsipi ilə davranırdılar.

O istədikləri qolu da istədikləri vaxt – 32-ci dəqiqədə Mahamad Hamdaui ilə gəldi. Bu, darmadağından xəbər verən siqnal təsiri də bağışlaya bilərdi.

Amma ilk yarının son saniyələrində Mixail Ergemlidze cərimə zərbəsindən vurduğu möhtəşəm qolla sanki bütün komanda yoldaşlarını ayıltmış oldu. Ki, bura Premyer Liqadır, belə mübarizə aparmaq olmaz.

Əbəs deyil ki, fasilədən sonra daha “diri” “Kəpəz” görə bildik. Bərabərlik qolu ilə inam qazanan komanda daha rahat müdafiə olunmağa başladı. Hər keçən dəqiqə bir qədər də əsəbiləşən “Zirə”lilər heç bir vəclə rəqib qapısına yaxınlaşa bilmirdi. Hətta Ergemlidze bir epizodda özü qazandığı topu özü zərbə ilə sonlandırsa da dəqiqlik çatmadı.

83-cü dəqiqədə Ergemlidzenin növbəti təhlukəli reydini bu dəfə kobudluqla dayandıran Dimitrios Çantakiosun qırmızı vərəqə alması ilə gəncəlilərin minimum 1 xal ümidi daha da artmış oldu.

Hətta bir qədər sonra Elvin Yunuszadə vurduğu qol offsayt səbəbindən ləğv edilməsəyəydi qələbə də qeydə alına bilərdi.

Sonda isə təcrübə öz sözünü dedi. Azlıqda qalan qonaqlar bir ötürmə ilə meydan sahiblərinin cərimə meydançasına girdisə, üçüncü ötürmədə bir qədər əvvəl meydana daxil olan Sərkan Taşkın əla zərbə ilə topu qapıdan keçirdi.

Düzdü, Premyer Liqanın debütantı göstərdiyi mübarizəsi ilə ən azı bu oyunda 1 xalı haqq edirdi. "Zirə"ni əməlli-başlı tər axıtmağa vadar etdilər. Amma elə təkcə sonuncu qol “Kəpəz” üçün Premyer Liqada yaxşı çıxış edə bilmək yolunda əyani dərslik olmalıdır.

Ki, ani boşluq acı sonluğa apara bilər. Hər tur rəqib azlıqda qalmayacaq, əgər belə fürsət düşübsə onu dəyərləndirmək mütləqdir. Belə rəqiblə matçda belə fürsət bir də nə vaxt ələ düçəcək Allah bilir. Bələ də düşməyəcək!

İndiki “Kəpəz” hər nə qədər “Zirə”yə başağrısı olmağa çalışsa da, görünən odur ki, Yaşar Vahabzadənin komandasına xal(lar) qazanmaq elə də asan olmayacaq. Boşluqlar, nöqsanlar nə qədər desən var. Mərdəkandakı nəticəyə, gedişata aldanmaq olmaz. Bu komanda ilə bağlı mövsümöncəsi proqnozlar bu tur özünü doğrultmadı, amma növbəti turlar da belə olacaq deyə zəmanət vermək olmaz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı