"Yalnız "Qarabağ" yox, digər klublarında Avropada heç olmasa 1-2 mərhələ keçməsi lazımdır"

22 May 2022 22:40 Premyerliqa 966
"Yalnız "Qarabağ" yox, digər klublarında Avropada heç olmasa 1-2 mərhələ keçməsi lazımdır"

Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Sportinfo.az-a açıqlama verib.

Təcrübəli mütəxəssis dünən başa çatan Azərbaycan Premyer Liqasının yekun tablosunu şərh edib:

"Çempionatın gedişini iki hissəyə bölmək olar. İlk dövrədən sonra hansı komandanın avrokuboklara düşəcəyini demək olmazdı. Təbii ki, mövsümün əvvəli hər kəs "Qarabağ"ın çempionluğa ən real namizəd olduğunu bilirdi. Ona layiqli mübarizə aparacaq ilk rəqib isə "Neftçi" olaraq düşünülürdü. Amma "Baksel Arena"da "Qarabağ" rəqibi üzərində 2-1 hesabı ilə qazandığı qələbə ilə çempionluq məsələsinə nöqtə qoymuş oldu.

Maraq 2-4-cü yerlər arasında gedən mübarizəyə artmış oldu. Murad Musayevin gəlişindən sonra "Sabah" bu mübarizəyə daha da rəng qatmış oldu".

Əsədov "Qəbələ"nin çıxışına xüsusi toxunub və bu komandanı mövsümün surpriz kollektivi adlandırıb: "Məsələn, "Qəbələ"nin startdan sona kimi stabil çıxış edib, avrokuboklara vəsiqə qazanacağını kimsə düşünmürdü. Mövsümün startına 1 ay qalmış bu komandada nə büdcə məlum idi, nə də kimin gedib, kimin qalacağı. Son anda bir araya gəlib, sona kimi belə çıxış etmələri surpriz və alqışa layiqdir. Sonuncu dövrədə bir qədər axsamalar oldu. Onda da heyətin kasadlığı, zədələrin çoxluğu özünü göstərdi. Amma son 4 turda lazım olan xalları yığaraq avrokuboklara vəsiqə qazandılar. Hətta bürüncü medal şansını son anda əldən verdilər. Məncə, sonda layiq olan komandalar ilk dördlükdə qərar tutdular".

O, ötən mövsümün ölkə kubokunun finalında oynamış "Şamaxı" və "Sumqayıt"dan da söz açıb: "Şamaxı"nın keçənilki kubok zəfərindən sonra bu il belə çıxışı gözlənilməz oldu. "Sumqayıt"ın da son mövsüm uğur qazanmasından sonra belə çıxışı gözlənilməz idi. Öncə mövsümə uğursuz başladılar, ardınca Ayxan Abbasovla yollar ayrıldı. Sonra yeni baş məşqçi gəldi. Heyəti tanıyana kimi xal itkiləri oldu. Yalnız son turlar komanda özünə gəlməyi bacardı. Ümumi götürsək belə çox da gözlənilməz və surpirz nəsə olmadı.

İndi əsas məsələ Avropada necə çıxış etməkdir. Avrokuboklarda ölkəmizi uğurla təmsil etmək vacibdir. Son illər olduğu kimi yalnız "Qarabağ" yox, digərlərinin də ən azı 1-2 mərhələ keçməsinə ümid edirik".

XANOĞLAN

Xəbər Lenti