Çempiona yaraşmayan mənzərə nə vaxt dəyişəcək? - Bəlkə bu gün, bəlkə...

15 May 2022 14:00 Premyerliqa 575
Çempiona yaraşmayan mənzərə nə vaxt dəyişəcək? - Bəlkə bu gün, bəlkə...

Azərbaycan Premyer Liqası sona yaxınlaşır. Bu gün 27-ci tur start götürəcək və növbəti turda mövsüm başa çatacaq.

PFL bu turdan matçları eyni günə və eyni saata təyin edib.

Deməli, gərgin matçlar bizi gözləyir. Aşağı-yuxarı bütün matçlarda ciddi hədəflər gözə dəyir. Hətta ən sıradan bildiyimiz "Səbail" - "Qarabağ" görüşündə belə.

Qonaqlar çempionluğu rəsmiləşdirsə də, ölkə kubokunda final oynayacaq deyə baş məşqçi Qurban Qurbanov komandanı tonusda saxlamaq üçün ciddiyəti heç bir halda itirməməyə çalışır.

Son "Sumqayıt" matçındakı darmadağınla qazanılan qələbə də (5-0) buna əyani sübutdur. Deməli, eyni təhlükə "Səbail"i də gözləyir. Başqa diqqət çəkən məqam isə çempionun son üç səfər matçında "Səbail"lə bacara bilməməsidir.

Belə ki, bu görüşlərdən sonuncusundan 1-3 məğlubiyyət alan "köhlən atlar" ondan əvvəlki iki səfər görüşündə isə bərabərliyə sevinməli olmuşdu. Uğursuz seriya istənilən halda "Qarabağ" üçün yaraşan məqam deyil.

Amma ötən oyun tam heyətlə çıxış edən "ağdamlılar"ın bu gün geniş rotasiyalara getmək ehtimalı da yüksəkdir. Nəzərə alaq ki, "ASCO arena"nın örtüyü də Qurbanovu ehtiyat heyətlə oynamağa vadar edir.

İki gün əvvəl yeni müqaviləyə imza atan Aftandil Hacıyev isə ən azından mövsümü son pillədə başa vurmamaq üçün futbolçularına motivasiya vermək məcburiyyətindədir.

Digər tərəfdən isə maliyyə imkanları artırılan bayıl təmsilçisində futbolçuların növbəti mövsüm özünə yer etməsi baxımından bu görüşlər az əhəmiyyət kəsb etməyəcək.

Müqavilənin yeni bağlandığını nəzər alsaq, Hacıyevin kimləri komandada saxlayacağı ilə bağlı yekun qərarını son iki qarşılaşmalara görə verəcəyini ehtimal etmək olar.

Bir sözlə, kənardan sıradan, lazımsız görünən oyuna kifayət qədər detallar var ki, maraq, gərginlik qata bilər. Necə olacağını isə təbii ki, qarşıdakı 90 dəqiqə əyani göstərəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu