Baqa bu gün göylərə qalxacaq, yoxsa...

12 May 2022 19:00 Premyerliqa 494
Baqa bu gün göylərə qalxacaq, yoxsa...

Bu gün Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış "Qarabağ" - "Sumqayıt" qarşılaşması keçiriləcək.

Əgər bu qarşılaşma 16-cı turda keçirilsəydi, mənzərə tam başqa olacaqdı.

Onda hələ üçüncü dövrə yeni başlamışdı. Ağdamlılar hər matça son matç kimi çıxırdı. Ki, o durumda Aleksey Baqanın yetirmələrini heç də yaxşı sonluq gözləməzdi. Bəlkə də "Şamaxı" (8-0) faciəsi daha əvvəl yaşanmış olacaqdı.

Amma indi şərtlər tam başqadı. Çempionluğun taleyini hələ 2 tur əvvəl həll edən meydan sahibləri üçün matçın heç bir ciddi önəmi qalmayıb. Hər nə qədər baş məşqçi Qurban Qurbanov komandada ciddiyəti qoruyub saxlamağa çalışsa da boşluq olacağı qaçılmazdır.

Necə ki, son tur "Zirə" ilə bərabərə bitən (0-0) oyunda buna şahidlik etdik. Hətta geniş tərkibdə rotasiyalar da kollektivi çempionluq havasından çıxara bilməmişdi. Yəqin ki, eyni ruhiyyə bugünkü matçda da hiss olunacaq.

Bu, qonaqlar üçün müsbət nəticə yolunda önəmli avantaj ola bilər. Belaruslu mütəxəssis 15 matçlıq "qara zolaq"dan sonra nəhayət ötən tur "Şamaxı" üzərindəki qələbə ilə (2-0) üzü güldü.

Uzun müddətli uğursuzluğun yaratdığı klubdaxili bərbad ruhiyə həmin qələbə ilə mütləq ki, bir xeyli düzəlib. Bugünkü qələbə isə Baqanı göylərə qaldıra bilər. Tək Baqanı yox, həm də onu ölkəmizə gətirənləri...

Elə turnir cədvəlində 6-cı pilləyə yüksəlmək də kiçik nəticə kimi təqdim olunmayacaq. Bir sözlə, şərtlər "kimyaçılar" üçün göydən düşmədi.

Qalır indi onu dəyərləndirmək. Yox, əksi baş versə, "Şamaxı" qələbəsindən feyziyab olub göylərə qalxan komanda 3-5 gün sonra yerə çox pis düşə bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!