Futbolu bizə qaytaran "Qəbələ" və "Qarabağ"

30 Noyabr 2021 17:40 Premyerliqa 806
Futbolu bizə qaytaran "Qəbələ" və "Qarabağ"

Belə bir deyim var - "Futbolun bəzəyi qoldu".

Amma bu, heç də həmişə belə deyilmiş.

Dünən Qəbələdə baş tutan və qolsuz bərabərliklə başa çatan "Qəbələ" - "Qarabağ" oyununa baxan hər kəs yəqin ki, mənimlə razılaşar.

Qolun vurulmadığı oyunda hər şey vardı.

Güclərin bərabər olmadığı iki komandanın ifasında 90 dəqiqə hücum futbolu gördük. Top gah bu qapıda olurdu, gah da digər qapıda.

Hər iki tərəfin ifasında qol vurmaq üçün yetəri qədər qol imkanları izlədik.

Futbolun bəzəyi olan azarkeşlərin varlığını hiss etdik.

Futbolçular arasında amansız mübarizə ilə bərabər, həm də tərəflər arasında səmimiyyət, hörmət sona kimi qorundu.

Açığı, belə mübarizə, belə mənzərə üçün darıxmışdıq. Futbol adına həmin gün Qəbələdə hər şey vardı. "Qəbələ" və "Qarabağ" bir kənara, meydanda futbolun özü vardı.

Buna görə hər iki tərəfə minnətdar olmalıyıq.

Amma ən böyük "sağ ol" meydan sahiblərinə düşür. Məhdud büdcə, məhdud heyətlə "Qarabağ" kimi komandanın önündə belə görünmək sadəcə alqışlanmalıdır.

Elmar Baxşıyevin yetirmələri 90 dəqiqə ərzində nə fizikada, nə texnikada rəqibinə uduzmadı. Ən önəmlisi "Qarabağ" adından qorxmadılar. Adlı-sanlı rəqibinə son saniyəyə kimi dirəniş göstərdilər.

Dünənki qarşılaşmadan hər iki tərəf, azarkeşlər, mətbuat, bir sözlə, hər kəs məmnun qaldı. Ki çempionatımızın, futbolumuzun belə rəqiblərə, belə oyunlara çox ehtiyacı var.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti