"Qarabağ" üçün rahat qələbə, narahat hesab

20 Noyabr 2021 23:40 Premyerliqa 586
"Qarabağ" üçün rahat qələbə, narahat hesab

"Qarabağ" "Keşlə" matçı ilə Premyer Liqada yaranmış 10 günlük fasilə başa çatdı.

Millidən yorğun qayıdan "Qarabağ"lı futbolçuları bir neçə gün sonra Konfrans Liqasında "Omoniya" ilə qarşılaşma gözlədiyini nəzərə alsaq, Qurbanovun dünənki görüşdə eksperimental heyətə şans verəcəyinə ümid etmək olardı.

Amma Qurbanov növbəti dəfə çempionluğa nə qədər iddialı olduğunu və ciddi yanaşdığını meydana buraxdığı əsas heyətlə göstərmiş oldu. Yalnız Abdulla Zubirin ehtiyatda qalması diqqət çəkirdi.

"Keşlə"də isə Tərlan Quliyevin ehtiyatda qalması surpriz oldu. Sənan Qurbanovun Şəhriyar Əliyevin yoxluğu fonunda digər təcrübəli müdafiəçisi Quliyevi də ehtiyatda saxlaması anlaşılan deyildi.

Matç ehtimal olunduğu kimi meydan sahiblərinin hücumları ilə start götürdü. Ardıcıl təhlükəli epizodlar paytaxt klubun qapısı ağzında sıralanmaqdaydı. Gah Namaşko gah da bəxt "Keşlə"nin dadına çatırdı.

Qol fürsətlərinin bu səviyyədə sağa-sola xərclənməsi Qurban Qurbanovu narahat edə bilər. Ki, növbəti rəqib "Keşlə" yox, "Omoniya" olacaq.

İkinci yarı da eyni ssenari ilə davam etdi. "Qarabağ" hücum edən, "Keşlə" isə tam gücü ilə müdafiə olunan tərəf idi. Amma istənilən hada ağdamlılar tez-tez həmin müdafiəni rahatlıqla yarıb təhlükə yaratmağı bacarırdı. Belə epizodların birində Ramil Şeydayev hesabı açmağı bacardı.

Sadəcə fərqi artırmaq mümkün olmurdu ki, komandaya bir rahatlıq gəlsin. Məsələn, hesab 1-0 yox, 2-0, 3-0 olsaydı, yəqin ki, Qurban Qurbanov yorğun olan Qara Qarayev, Maksim Medvedev kimi adlara istirahət vermək və "Omoniya" ilə oyun haqqında düşünəcəkdi.

Ümumiyyətlə, hesaba baxan "Keşlə"nin layiqli mübarizə apardığını düşünə bilər. Amma meydanda tam başqa şeylər yaşanırdı.

Qonaqların əsas hücum qüvvəsi sayılan Anatole Abanq və Filipe Santosun gücü elə mərkəz xəttindəcə zərərsizləşdirilmişdi. Əbəs deyil ki, oyun ərzində bu cütlük "Qarabağ"ın qapısında bir təhlükəli epizod belə yarada bilmədi. Sanki ikili bir tur əvvəl "Neftçi" ilə oyundakı Abanq və Santos deyildi. Təbii ki, onların belə zərərsizləşdirilməsində "Qarabağ"lı müdafiəçilərin vaxtında etdikləri müdaxilələr xüsusi rol oynayırdı.

Vitse çempion isə istədiyi vaxt hücumlara çıxır, təhlükəli qol epizodları yarada bilirdi. Hesabın minimal olmasını sırf bəxtlə əlaqələndirmək olar. Əsas olan isə vacib 3 xalın əldə edilməsiydi. Ki, ağdamlılar da bunu rahatlıqa bacardılar.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti