Qurbanovların dueli - QİSAS, YOXSA HÜNƏR?

19 Noyabr 2021 18:00 Premyerliqa 517
Qurbanovların dueli - QİSAS, YOXSA HÜNƏR?

Milli komandanın DÇ-2022-nin seçmə mərhələsindəki oyunları ilə bağlı Premyer Liqamızda yaranmış iki həftəlik fasilə bu gün başa çatır.

Start götürəcək 11-ci turun açılış matçında "Qarabağ" "Keşlə"ni qəbul edəcək.

Vitse çempion ilk dövrədə bacarmadığı rəqibini bu gün məğlub etməyə çalışacaq.

Hər iki kollektivdə də ab-hava yüksək səviyyədədir. "Qarabağ" yaranmış fasilə öncəsi Konfrans Liqasında tarix yazmışdısa, Premyer Liqada da "Sumqayıt"la səfər matçında böyükhesablı qələbəyə (4-0) sevinmişdi.

"Keşlə" isə mövsümdə enişli-yoxuşlu qrafik cızsa da, Sənan Qurbanovun yetirmələri öyünə biləcək nəticələrə sahibdir.

Paytaxt klubu fasilə öncəsi son çempion "Neftçi"ni məğlub etməyi bacarmışdı. Həm də 0-2 geridə olduğu oyunu 3-2-yə dəyişməklə.

Ümumilikdə isə bu mövsüm "Neftçi" və "Qarabağ"dan xal almağı bacaran yeganə komanda "Keşlə"dir.

Hər iki tərəf də axşamkı matça ciddi itkilərlə çıxacaq. Meydan sahiblərini Filip Ozobiçin yoxluğu daha çox qayğılandırır.

Çempionatın bombardiri sarı vərəqə limitini doldurduğu üçün meydanda olmayacaq. "Kayrat"la oyundan sonra zədə problemi yaşayan Toral Bayramov və Abbas Hüseynovun da son durumları hələ bəlli deyil.

"Keşlə"də isə əsas narahatedici sima Şəhriyar Əliyevin yoxluğudur. O da Ozobiç kimi vərəqə limitini doldurub. Əliyevin yoxluğunda "Keşlə" müdafiədə ciddi problemlər yaşayır.

Nəzərə alsaq ki, bu gün rəqib "Qarabağ"dır. O zaman vəziyyət daha da qorxulu hal ala bilər. Sənan müəllim yəqin ki, bütün bunları nəzərə alıb.

Gördüyünüz kimi hər iki tərəfdə də ciddi itkilərin fonunda yüksək atmosfer hökm sürür. Deməli, bu gün gərgin qarşılaşma qaçılmaz olacaq.

Təcrübəli Qurbanov ilk dövrədəki xal itkisinin əvəzini çıxmağa çalışacaqsa, həmkarı böyüklərə qarşı göstərdiyi hünəri növbəti dəfə təkrarlamağa çalışacaq.

Hansının istəyinə çatacağını isə final fitindən sonra biləcəyik.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti