Kimin ağlına gələrdi ki... Yorğun "Qarabağ"dan asan zəfər

8 Noyabr 2021 17:20 Premyerliqa 912
Kimin ağlına gələrdi ki... Yorğun "Qarabağ"dan asan zəfər

"Qarabağ" "Zəfər turu"nu qələbə ilə başa vurdu. Sumqayıt səfərində olan ağdamlılar 3 xalı 4 qolla əldə etdi.

Meydan sahiblərinin heyətində Elvin Bədəlov, Höccət Haqverdi və Murad Xaçayevin müxtəlif səbəblərdən yoxluğu baş məşqçi Ayxan Abbasovu çətin duruma salmışdı.

İş o həddə çatmışdı ki, gənc çalışdırıcı məcburiyyətdən gənc futbolçu Emil Əliyevi belə rəqiblə görüşdə start heyətində meydana buraxmışdı.

Düzdü, qonaqlarda da ciddi itkilər vardı. Toral Bayramov və Abbas Hüseynov "Kayrat"la oyunda zədə almışdılarsa, Abdullah Zubir və İbrahima Vadji Qurbanovun qərarı ilə start "11-lik"də deyildilər.

Ciddi itkilərin fonunda belə vitse-çempionun heyəti əzəmətli görünürdü.

Ümumiyyətlə, hazırkı "Qarabağ" elə səviyyəyə çatıb ki, kimi hara qoysan özünü doğruldacaq. Məsələn, kimin ağlına gələrdi ki, Medina sol cinah müdafiəçisi kimi çıxış edə bilər? Amma elədi.

Qarşılaşmaya damğanı isə bir başqa "ehtiyyat qüvvə" Ramil Şeydayev vurdu. O, öncə komandasına penal qazandırdı.

Məhz 8-ci dəqiqədə ona qarşı Vurğun Hüseynovun kobudluğunu görən baş hakim onbirmetrlik nöqtəni göstərdi. Amma Filip Ozobiç real qol şansını qaçırdı. Onun zərbəsini Tərlan Əhmədli dəf etdi.

Təxminən yarım saat sonra Ramil Şeydayev özü səhnəyə çıxdı. Gənc Emil Əliyevin yalnış mövqe seçimindən sonra top Şeydayevin önünə düşdü. O isə fürsəti maksimum dəyərləndirərək hesabı açdı.

Ramil hissənin sonlarında yenidən diqqət mərkəzinə düşdü. Bu dəfə cinahdan etdiyi reydi cərimə meydançasına yaxşı ötürmə ilə tamamladı. Davamında Filip Ozobiçin zərbəsi Musa Qurbanlıya dəyərək qapıdan keçdi.

Ağdamlılar ikinci yarıya da qolla başladı. 51-ci dəqiqədə bu dəfə Musa Qurbanlıya qarşı edilən kobudluğa görə meydan sahiblərinin qapısına penal təyin edildi. Nöqtəyə kapitan Maksim Medevedev yaxınlaşaraq fərqi üç topa yüksəltdi.

Oyunda son nöqtənin qoyulmasında da yorulmaq bilməyən Şeydayevin birbaşa əməyi oldu. Kadi Borgeslə divar paslaşması edən Ramil cərimə meydançasına girər-girməz zərbə endirdi.

Tərlandan qayıdan topu Qurbanlı boş qapıdan keçirdi. Bu arada 4 qoldan üçündə birbaşa iştirakçı olan və komandasına penal qazandıran Ramil Şeydayevi birmənalı olaraq "matçın adamı" adlandırmaq olar.

Qalan dəqiqələrdə Qurban Qurbanovun yetirmələrinin bir neçə real qol şansı olsa da hesab dəyişmədi. Beləliklə, çətin görünən Sumqayıt səfərindən yorğun "Qarabağ" asan qələbə qazanmağı bacardı.

Xanoğlan İmanov

Xəbər Lenti