"Qəbələ" "Neftçi" və "Qarabağ"dan da baxımlı oynayır, amma..."

5 Oktyabr 2021 22:20 Premyerliqa 1 044
"Qəbələ" "Neftçi" və "Qarabağ"dan da baxımlı oynayır, amma..."

Azərbaycan Premyer Liqasında 6-cı tur bu həftə arxada qaldı. Klublar növbəti tura kimi iki həftəlik məcburi istirahətə yollandı. Səbəb milli komandamızın Dünya Çempionatı 2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya və Serbiya milli komandaları ilə baş tutacaq oyunlarıdır.

Fasiləni nəzərə alıb, Premyer Liqanın arxada qalan 6 turunda başverənləri Rəşad Sadiqovla müzakirə etməyi qərara aldıq.

Milli komandamızın sabiq üzvü Sportinfo.az-a açıqlamasında 6 oyuna görə "Qəbələ"ni xüsusi fərqləndirib: "Oyunların demək olar 90%-nə baxmışam. Ümumi komandalar barəsində fikrim odur ki, ən yaxşı oyun göstərənlər "Qəbələ" və "Qarabağ" oldu. Düzdü, "Neftçi" də pis oynamır. Amma "Qəbələ"nin oyunu mənə görə hər ikisinin də oyunundan daha baxımlıdır. Bu mənə elə görünür. Komanda çox baxımlı və hücumameyilli futbol göstərir".

Sadiqov "Qəbələ"nin çıxışını hər nə qədər tərifləsə də çempionluq mübarizəsində bölgə klubunun olacağına inanmadığını bildirib: "Ancaq inanmıram ki, "Qəbələ" sona qədər çempionluğa oynasın. Yəqin ki, yenə "Qarabağ" və "Neftçi" sona kimi çempionluğa oynayacaq".

Veteran yarımmüdafiəçi digər klubların avrokuboklar üçün mübarizə aparacağını deyib. Amma onların da içində bəzilərinin şanslarını daha yüksək qiymətləndirib: "Avrokuboklara vəsiqə verən yerlər uğurunda mübarizə aparacaq klubların içində isə ən iddialısı "Qəbələ"dir. "Zirə" və "Sumqayıt"ı da bura əlavə etmək olar. Digər komandalar xal və oyun baxımından çox arxada qalırlar".

"Neftçi" və "Qarabağ" kimi klubların şərəfini qorumuş yarımmüdafiəçi onun təəccübləndirən iki klub haqqında isə qısa danışıb: "Nəticələrinə ən təəccübləndiyim "Keşlə" və "Sabah" oldu. Həqiqətən də yaxşı yerli və əcnəbilərdən ibarət heyətləri var. Buna baxmayaraq sonuncu yerdə getmələri qəribə gəldi".

Xəbər Lenti