Yorğun "Qarabağ" – Bu gedişlə nələr olacaq?

4 Oktyabr 2021 21:00 Premyerliqa 1 026
Yorğun "Qarabağ" – Bu gedişlə nələr olacaq?

Azərbaycan Premyer Liqasında 6-cı tura dünən baş tutan "Qarabağ" - "Qəbələ" görüşü ilə yekun vuruldu.

Mövsümə surpirz nəticələrlə start verən və arxada qalan 5 turda məğlubiyyət üzü görməyən "Qəbələ"nin belə rəqiblə görüşdə necə görünəcəyi maraqla gözlənilirdi.

YORĞUN "QARABAĞ"

Görüş meydan sahiblərinin hücumları ilə start verdi. Rəqibinə yüksək sürət təklif edən "Qarabağ" erkən qol vurmağa can atırdı. Qurban Qurbanovun yetirmələrinin pressinq etməsi "Qəbələ"li futbolçuların ilk dəqiqələrdə bir neçə ciddi top itkisi ilə müşayidə olundu. Xüsusilə də öncəki oyunlarda haqqında müsbət fikirlər formalaşdıran Aliminin top itkiləri gözlənilməz idi. Amma "Qarabağ" bu fürsətləri dəyərləndirə bilmədi. Belə temp təxminən 10 dəqiqə davam etdi. Dəqiqələr keçdikcə 3 gün əvvəl Kiprdə ağır matç keçirən "Qarabağ"lı futbolçularda yorğunluq özünü birüzə verməyə başladı.

Düzdü, "Omoniya"ya qarşı meydanda olanların çoxu dünən ehtiyatda idi. Amma əsas məsələ də odur ki, onların yerinə çıxanlar eyni effekti verə bilmirdilər. Bir andaca sürətli oyun sakit məcraya keçdi. Ənənəvi "Qarabağ"ı görməyə başladıq. Ara-sıra "Qəbələ"nin əks-hücumları da təhlükəli olurdu. Amma sonluq real qol epzioduna yaxın düşmürdü.

Sakitlik bir də fasiləyə yaxın pozuldu. Toral Bayramovun cərimə meydançası kənarından vurduğu möhtəşəm zərbə tirdən qayıtdı.

LAYİQLİ MÜBARİZƏ

Gedişatdan narahat olan Qurbanov fasilədəcə iki əvəzetmə etməyə qərar verdi. Filip Ozobiçlə Abdullah Zubir uyğun olaraq Musa Qurbanlı və Qaspar Panaderonun yerinə meydana daxil oldular. Bundan sonra "Qəbələ"nin işi bir qədər də çətinləşdi. Komanda xüsusi ilə Zubirin olduğu sağ cinahdan gələn hücumların qarşısını almaqda çətinlik çəkirdi.

Zubirlə, Ozobiçin fərq yaratmasına isə cəmi 7 dəqiqə bəs etdi. Mərakeşli futbolçu 3 rəqibini keçəndən sonra möhtəşəm zərbə ilə hesabı açdı. Elmar Baxşıyevin komandası da bu dəqiqələrdə sakit dayanmırdı. "Qəbələ" heyət və büdcə baxımından "Qarabağ"dan çox geri qalsa da meydanda layiqli mübarizə aparmağı bacarırdı. Cəmi 3 dəqiqə sonra Elmar Baxşıyevin yetirmələri hesaba tarazlıq gətirə bilərdi. Asif Məmmədov böyük mübarizə hesabına Medinadan aldığı topu kəsərli ötürmə ilə Omar Hanini qapıçı ilə üz-üzə qoydu. İordaniyalının zərbəsindən sonra Emil Balayev qaytardığı top Rəfail Utriqin qarşısına düşdü. Braziliyalı futbolçu boş qalan qapı əvəzinə topu tribunalar yolladı.

ƏDALƏTLİ NƏTİCƏ

Görüşün 66-cı dəqiqəsində "Qəbələ"nin bərabərlik ümidlərini puç edən qol vuruldu. Filip Ozobiçin qüvvətli zərbəsindən sonra "Qəbələ"li futbolçulara dəyən top az fərqlə qapıdan yan keçdi. Hücumun davamında künc zərbəsindən ötürülən topu Ramil Şeydayev qapıdan keçirdi. Üstünlüyü iki topa çatdıran "Qarabağ" sona kimi qələbə hesabını qorumağı bacardı. Hər nə qədər qonaqların yaxşı mübarizə apardığını desək də səviyyə fərqi hansısa məqamlarda özünü mütləq göstərirdi. Və bunun məntiqi nəticəsi olaraq matç "Qarabağ"ın ədalətli qələbəsi ilə başa çatdı.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti