Nəhayət, yeni mövsümdə Premyer Liqada 10 klub görəcəyikmi? - ŞOK GƏLİŞMƏ

29 Sentyabr 2021 13:00 Premyerliqa 1 984
Nəhayət, yeni mövsümdə Premyer Liqada 10 klub görəcəyikmi? - ŞOK GƏLİŞMƏ

Gənclər və idman naziri Fərid Qayıbov yeni vəzifəsinin icrasına federasiyaların fəaliyyətinə tanışlıqla başladı.

O, öncə AFFA rəhbərliyi ilə bir araya gəldi.

Sentyabrın 13-də AFFA-ya yollanan gənc nazir icraçı vitse-prezident və baş katib Elxan Məmmədovla dəyirmi masa arxasına əyləşdi.

Nazirin diqqətinə hazırda gündəmdə olan və həlli vacib bir neçə məsələ çatdırıldı. Bildirildi ki, 8 klubla keçirilən Azərbaycan Premyer Liqasında idman rəqabəti qənaətbəxş səviyyədə olsa da, AFFA və Peşəkar Futbol Liqası iştirakçı sayının 10-a yüksəldilməsini istəyir.

Lakin maliyyə resurslarının çətinliyi ucbatından müvafiq şərtlərə uyğun gələn klubların olmamasına görə bu sayı artırmaq mümkün olmur.

Bununla belə, Premyer Liqaya yüksələ biləcək potensial klubların fəaliyyətini təmin etmək üçün AFFA Birinci Divizionda çıxış edən “Kəpəz” (Gəncə), “Turan-Tovuz” və “Zaqatala”nı tam olaraq maliyyələşdirir.

Qeyd olunub ki, komanda sayının artması Premyer Liqada daha güclü rəqabətə, yeni futbolçuların üzə çıxması üçün geniş potensiala və peşəkar futbolun coğrafiyasının genişlənməsinə səbəb olardı.

AFFA 2 ildir ki, bu məsələni gündəmə gətirir. Hər mövsümün sonunda bu məsələ müzakirəyə çıxarılır, yeni yol xəritəsi hazırlanır, son anda isə məlum olur ki, vəziyyət «köhnə hamam, köhnə tas» prinsipiylə idarə ediləcək.

Fərid Qayıbovun ölkənin futbol həyatını öz ağuşuna alan böhrana sərt münasibət bildirməsi yadınızdadır. Millinin Porrtuqaliyaya 0:3 hesabıyla məğlub olduğu matçı tribunadan izləyən yeni nazir üzüntüsünü açıq dillə ifadə etmiş, tənqidi fikirlər səsləndirmişdi.

Bu mənada onun idman sahələrə ilə tanışlığa futbol sektorundan başlaması düzgün addımdır. Qaldı ki AFFA-nın Premyer Liqada klub sayının az olmasıyla bağlı şikayətinə, bildiyimizə görə, nazirlik məsələnin araşdırılmasını öz nəzarətinə götürüb.

GİN federasiyanın problemərin həllini istiqamətində təkliflər paketi hazırlamasını gözləyir. Sonra bu, hökümətin üst dairələrinə təqdim olunacaq.

GİN və AFFA-nın birgə İşçi Qrupu yaratması, hər iki qurumun nümayəndələri ilə yanaşı, müstəqil ekspertlərin də bura cəlb edilməsi düşünülür.

Tərəflər gələn ilin martınadək Premyer Liqanın coğrafi xəritəsinin genişləndirilməsinin mümkünlüyü ətrafında hərtərəfli araşdırma aparacaq, yeni maliyyə mənbələrinin tapılması üzərində çalışacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"