"Neftçi"ni "yıxan" "Şah" - Premyer Liqanın 3-cü hesabatı

14 Sentyabr 2021 09:40 Premyerliqa 1 100
"Neftçi"ni "yıxan" "Şah" - Premyer Liqanın 3-cü hesabatı

«Pro» kateqoriyalı məşqçi Azər Bağırov Premyer Liqanın 3-cü turunda qeydə alınan nəticələri Sportinfo.az üçün şərh edib.

"Neftçi" ilə oyunda məğlubiyyət onları uçuruma sürükləyəcək

"Keşlə" - "Zirə": Matçın ilk 20-25 dəqiqəsi meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Amma "Zirə" ağılla müdafiə olunaraq sanki rəqibin səhvini gözləyirdi. Fikir versək, "Keşlə" əvvəlki oyunlarda daha çox əks-hücumlardan top buraxırdı və Rəşad Sadıxov da bunu bilirdi. Abanqın qırmızı vərəqə alması oyunun ssenarisini tam dəyişdi.

Burada matçın 4-cü hakimi Rövşən Rəcəbovun sayıq olması və qayda pozuntusu epizodunu gözdən qaçırmamasına alqış düşür. Məhz bundan sonra "Zirə" bir qədər rahatlaşdı. Bu dəfə müdafiəni düşünərək ərazi üstünlüyünü ələ keçirən qonaqlar ikinci taymın ortalarında David Volkovla iki dəfə fərqləndilər. David qol vurmasaydı belə, matçın ən yaxşısı idi. Volkovdakı qol duyumu, əks-hücumlarda və standart vəziyyətlərdə təhlükəli olması futbolçunun səviyyəsindən xəbər verir.

Düzdür, "Keşlə" 10 nəfərlə oynamasına baxmayaraq, ikinci hissənin əvvəllərində də hücum futbolu sərgilədi. Amma bu, qollara kimi oldu. Fikrimcə, əvəzetmələr bir qədər tez olsaydı, oyunu bəlkə də xilas etmək olardı. Yeri gəlmişkən, "Keşlə" ikinci qolu əks-hücumdan keçirdi. Ardıcıl 3 məğlubiyyət komandanı olduqca pis vəziyyətdə qoyub. Növbəti tur daha iddialı "Neftçi" ilə oyunda da məğlubiyyət komandanı uçuruma sürükləyəcək.

"Qəbələ" riskə getmədi

"Sabah" - "Qəbələ": Hər iki komanda qələbə istəyirdi. Amma bu istək "Sabah"da daha çox idi. Bunun da əsas səbəbi meydan sahibinin ilk iki turda məğlub olması və "qara zolaq"da olması idi. Üstəlik, "Sabah" hər iki oyunda 1 qol belə vurmamışdı. Birinci hissə bərabər mübarizə şəraitində keçdi. Bol legionerli "Sabah"dan qol gözlənilsə də, ilk yarıda hətta 100 faizli qol epizodunun belə şahidi olmadıq.

Fasilədən sonra "Qəbələ" qapısını qorumaqla yanaşı uğuru həm də rəqib qapısında axtardı. Gənc, perspektivli Rövlan Muradovun ağıldolusu ötürməsindən sonra Yaovi Akakpo hesabı açdı. Buraxılan qoldan sonra sanki ayılan "Sabah" 70-ci dəqiqələrdə ard-arda təhlükəli həmlələrlə yadda qaldı. Hətta bir dəfə qola dirək mane oldu.

Amma bütövlükdə "Qəbələ" müdafiəsi etibarlı və risksiz oyunla yadda qaldı. Müdafiəçilər təzyiqə baxmayaraq, rahat idilər. "Sabah" nə ilə yadda qaldı? Daha çox dişsiz hücumlarla və müdafiədə olan boşluqlar, müdafiəçilərin anlaşmaması, dördlük müdafiənin buraxdığı kobud taktiki və texniki səhvlər. Bunun da məntiqi nəticəsi kimi son dəqiqələrdə Ülvi İsgəndərov ikinci qolu vurmaqla matçda nöqtəni qoydu.

Bir neçə səhlə yadda qaldı ki...

"Səbail" - "Sumqayıt": Oyundan əvvəl turnir cədvəlinə fikir versəydik, "Səbail"in meydana daha istəkli çıxacağını təxmin etmək olardı ki, bu da oyunun ilk dəqiqələrindən sezildi. Aftandil Hacıyev ənənəsinə sadiq qalaraq komandasını meydana 4-2-3-1 (bəzən 4-5-1) taksikası ilə çıxarmışdı. Komanda hücumda 3-4-3, müdafiədə isə 4-5-1-ə (bəzən 5-3-2) üstünlük verirdi.

Ayxan Abbasov da ənənəni pozmamışdı. "Sumqayıt" 5 müdafiəçi ilə oynayaraq daha çox öz qapısının toxunulmazlığının qeydinə qalmaq və ikinci toplarla rəqibi əks-hücumda "tutmağı" düşünürdü. Amma "Səbail"in müdafiə xətti bunu bildiyindən, sayıqlığı əldən vermədi və oyunboyu etibarlı oynadı. Bu oyunda "Sumqayıt"ın oturuşmuş müdafiə xətti bir neçə səhlə yadda qaldı ki, bunun da biri - 64-cü dəqiqədəki səhv qol buraxmaqla nəticələndi.

Cabir Əmirlinin vurduğu qol bir daha sübut etdi ki, bütün futbolçular sona kimi, yəni, hakimin fitinə kimi oynamalıdılar. Oyun gözlənildiyindən maraqlı keçdi. Matçın sonuna doğru "Sumqayıt" bir neçə dəfə oyunu xilas etməyə yaxın olsa da, futbolçularda son anda dəqiqlik çatışmadı. "Səbail" demək olar ki, tam müdafiəyə oturmuşdu. Bu, məşqçinin hesabı qorumaq üçün taktiki gedişi də ola bilərdi, futbolçularda rəqibin təzyiqi qarşısında fiziki cəhətdən yorulması da. Hər iki komandanı sərgilədikləri futbola görə təbrik edirəm.

"Şah" inanılmazı etdi

"Neftçi" - "Qarabağ": Turun ən prinsipial oyununun ilk dəqiqələri "Neftçi"nin qapıya doğru təhlükəli zərbələri ilə yadda qalsa da ilk hissə demək olar ki, qonaqların diqtəsi ilə keçdi. "Qarabağ" daha ağıllı, səbirli futbol sərgiləyərək, rəqibin səhvlərini 2 halda qola çevirdi. "Neftçi"min sağ cinahı hücumda passiv idi və səhvlərlə yadda qaldı.

"Qarabağ"ın yeni legioneri Vadji İbrahima vurduğu 2 qol bir yana, meydandakı işi ilə komandasına lazımlı futbolçu olduğunu sübut etdi. "Neftçi" də müdafiə olunmasına baxmayaraq, zaman-zaman təhlükəli həmlələrlə yadda qaldı. Məsələn, 23-cü dəqiqədə cərimə meydançası daxilində Andradenin əlinə dəyən top...

Hakim Rəşad Əhmədov penaltini qeydə alsaydı, matç fərqli macərada davam edəcəkdi. Hər halda hakim epizoda hamıdan yaxın idi və qərarına hörmətlə yanaşmaq lazımdı. Yeri gəlmişkən, Rəşad gənc olmasına və matçın ağırlığına baxmayaraq, qətiyyəti və idarəçiliyi ilə yadda qaldı. Gənc hakimimizə buna görə alqış düşür.

İkinci hissə, göründüyü kimi, "Neftçi"min üstünlüyü şəraitində keçdi. Hissənin başında vurulan qol meydan sahiblərini bir qədər də coşdurdu. Amma təhlükəli zərbələri Şahruddin Məhəmmədəliyev inamlı oynadı. 65, 75 və 86-cı dəqiqələrdəki epizodlarda hesab bərabərləşməli idi. Amma "Şah" inanılmazı etdi. Fikrimcə, oyunun ədalətli nəticəsi heç-heçə olardı. Ümumiyyətlə, oyunun sonlarında açıq futbol izlədik. Hər iki komanda qol vura bilərdi.

Digər Xəbərlər
Xəbər Lenti