Nisbi üstünlük “Qarabağ”ın tərəfindədir” – Bəxtiyar Musayevdən derbi təhlili

10 Sentyabr 2021 23:20 Premyerliqa 1 186
Nisbi üstünlük “Qarabağ”ın tərəfindədir” – Bəxtiyar Musayevdən derbi təhlili

Turun mərkəzi qarşılaşmasına saatlar qalmış həyəcan artır.

Çempion “Neftçi” ilə Konfrans Liqasının iştirakçısı “Qarabağ”ın “Bakcell Arena”dakı duelində nələrin yaşanacağını 90 dəqiqənin tamamı göstərəcək.

İndiki vaxtda əsas məqam oyundan öncə görünən və görünməyən nöqtələrə diqqət yetirməkdir. Bu mənada keçmişi yaşıl meydanlarla bağlı olan futbol ekspertlərinin köməyinə ehtiyac duyuruq.

Vaxtilə hər iki komandanın uğurları üçün tər tökmüş, millinin aparıcı simalarından olmuş Bəxtiyar Musayev də matçın başlama saatını səbirsizliklə gözləyənlərdəndir. Hər halda derbi ilə bağlı ilk sözləri belə düşünməyə əsas verir: “Çempionatda baxımlı və maraqlı oyunlar üçün darıxmışıq. Ümid edirəm ki, bu dəfəki “Neftçi” – “Qarabağ” qarşılaşması da sözün yaxşı mənasında yaddaşlarda qalacaq. Hər iki tərəf üçün çətin oyun olacaq. Buna görə də nəticə ilə bağlı proqnoz bildirmək olmur. Mərkəzi oyunlarda komandaların gücünə əsasən proqnoz vermək çətindir. Çünki adı üstündədir – derbi. “Barselona”nın ən yaxşı dönəmi olub ki, “Real”ın pis vaxtında əzəli rəqibinə uduzub. Millidən qayıdan futbolçuların son durumu da həlledici rol oynayacaq. Yığmada psixoloji cəhətdən sarsılan futbolçuların bu oyunda necə görünəcəyi maraq doğurur. Üç nəticədən hər biri qeydə alına bilər”.

“Qarabağ”ın futbolçularının bir neçə cəbhədə mübarizə aparması rəqibin xeyrinə işləyə bilərmi? Musayev derbidə fiziki hazırlıqdan çox psixoloji hazırlığın önəm kəsb edəcəyini düşünür: “Yorğunluq deyəndə ki, millinin sonuncu oyunu ilə derbi arasında 4-5 gün vaxt olub. Bu da bərpa üçün normal zaman kimi dəyərləndirilə bilər. “Qarabağ”ın bir neçə cəbhədə mübarizə aparmasına gəlincə, ağdamlılar hələ qrup mərhələsinə start verməyib. Təsnifat mərhələsində isə hər iki komandamız eyni sayda oyun keçirib. Bəli, yalnız yığma mövzusunda “Qarabağ”lılar nisbətən çox yüklənib. Əsas sözü psixoloji hazırlıq deyəcək. Hansı komanda bu baryeri rahat aşsa, işi rahat olacaq. Təbii ki, taktiki gedişlərlə ayrı-ayrı futbolçuların ustalıq səviyyəsi də yekun nəticədə özünü göstərəcək”.

Təcrübəli mütəxəssis bu cür oyunlarda istənilən nəticənin qeydə alına biləcəyini deyir. Razıyıq. Maraqlıdı, “Qarabağ”la “Neftçi”nin güc nisbətində hansının üstünlüyü var? Sualı başqa cür qoyaq: Favorit kimdir?

Musayev favorit komandanın adını açıqladı: “Arada aşkar fərqin olduğunu deməzdim. Lakin nisbi üstünlük “Qarabağ”ın tərəfindədir. Konfrans Liqasına vəsiqə qazanıblar, xətlərarası əlaqə yaxşıdır. “Neftçi”də isə aparıcı futbolçuların yerinə yenilər gəlib. Onların uyğunlaşması isə vaxt istəyir. Sırf bu səbəbdən “Qarabağ”ı bir addım öndə görürəm. Amma yenə də “hər cür nəticə qeydə alına bilər” fikrimdə qalıram”.

Digər Xəbərlər
Xəbər Lenti