“Neftçi” və “Qarabağ”: kimin nə problemi var?

10 Sentyabr 2021 13:00 Premyerliqa 1 436
“Neftçi” və “Qarabağ”: kimin nə problemi var?

Millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilənin başa çatması ilə diqqətlər yenidən Premyer Liqaya yönəldi.

Və belə bir dönəmdə çempionatın “Neftçi” – “Qarabağ” matçı ilə davam etməsi yerinə düşdü. Son illər güc nisbətində digər rəqiblərini aşkar üstələyən iki komandanın qarşılaşması, böyük əksəriyyətin qəbul etdiyi formada desək, derbi.

İndi əsas sual prinsipial dueli kimin qazanacağıdır. “Neftçi” uzun illərdən sonra meydana ilk dəfə çempion qismində çıxacağı halda, ağdamlılar mübarizəyə Konfrans Liqasının faktiki iştirakçısı kimi başlayacaq.

Hər iki komandanın lehinə və əleyhinə işləyən məqamlar var ki, onlara nəzər salacağıq.

Fiziki durum

“Qarabağ”lıların işi əməlli-başlı çətindir. Üç cəbhədə - daxili çempionat, Konfrans Liqası və millilərdə çıxış edən futbolçuların “nəfəsi kəsilib”. Sıx qrafikdə meydana çıxmaları fiziki durumlarında gərginlik yaradır ki, bu da istər-istəməz ağır oyunlarda özünü göstərir. Bildiyimiz kimi, Lüksemburq, İrlandiya və Portuqaliya ilə görüşlərdə “Qarabağ”lıların böyük əksəriyyəti Canni de Byazinin etimadını qazandı.

“Neftçi”nin işi bu baxımdan yaxşıdır. Derbiyə Mamadu Kane və Emin Mahmudovsuz hazırlaşan komandanın digər üzvləri həm yorğunluğu üzərindən atmağı bacardı, həm də hazırlıq üçün zaman qazanıldı. Fiziki baxımdan bakılıların problemi olmamalıdır.

Psixoloji durum

“Neftçi”nin avrokuboklarda uğursuz çıxışı, çempionluq titulunu qoruyub saxlamaq istəyi, azarkeşlərin gözləri önündə mümkün məğlubiyyət, rəqibin ötənilkinə nisbətən güclənməsi – bütün bunlar “ağ-qaralar”da müəyyən narahatlıq yaradır. Psixoloji hazırlığın istənilən səviyyədə olmamasının hansı fəsadlara yol açdığını bilirik.

“Qarabağ”ın müəyyən rahatlığı anlaşılandır. Çempionatda işlər qaydasında gedir, Konfrans Liqasının qrupuna vəsiqə qazanılıb, oyun planında ciddi narahatlıq yoxdur. Odur ki, psixoloji durumu nəzərə alsaq, tərəzinin bir gözü “köhlən atlar”ın xeyrinə işləyir.

Oyuna hazırlıq

Bu mövzuda Qurban Qurbanovun narahatlığını başa düşmək olar. Fasilə müddətində aparıcı yerli futbolçularından və Patrik Andrade kimi vacib fiqurdan uzaq düşən təcrübəli mütəxəssis derbiyə tam istədiyi formada hazırlaşa bilməyib.

Başqa cür desək, “Qarabağ”ın “Neftçi” ilə oyuna tam heyətlə hazırlaşmaq üçün cəmi 3 gün vaxtı olub.

Üstəlik, qarşıda “Bazel”lə yekun nəticəsi kifayət qədər önəm kəsb edən matç var. Təsəvvür edin, Qurbanov komandasını sentyabrın 12-də “Neftçi”nin, 4 gün sonra İsveçrə təmsilçisinin önünə çıxarmalıdır. 5 gündə 2 ağır oyun.

Heyəti qur, taktiki planda “baş sındır”, rotasiyaları fikirləş – düşünmək belə, adamı yorur.

Hər bir halda bazar günü “Bakcell Arena”da meydana çıxacaq komandalara uğurlar arzulayırıq. Baxımlı və bol qollu derbi izləmək ümidi ilə...

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti