"İnanıram ki, klub rəhbərliyi də onun arxasında duracaq"

28 Avqust 2021 17:40 Premyerliqa 1 297
"İnanıram ki, klub rəhbərliyi də onun arxasında duracaq"

"Bu komandaların oyunu keçən ildən maraq doğrurdu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında məşqçi Ramiz Məmmədov deyib.

Premyer Liqanıın 2-cit turu barədə danışıan "Pro" kateqoriyalı mütəxəssis "Zirə" - "Neftçi" matçında gördüklərinə bu cür münasibət bildirib:

"Rəşad Sadıqovun "Zirə"si Samir Abasovlu "Neftçi" üçün keçilməz rəqib idi. Bu görüşdə gözləyirdim ki, belə ağır dönəmdə "Neftçi" yarımçıq heyətlə meydana çıxacaq və "Zirə" bundan yararlanacaq. Ancaq tam əksi oldu. Yusif Lavalın liderliyini xüsusi vurğulamaq istərdim. Xoşa gələn oyun sərgilədi. "Makkabi" ilə səfərdə oynamayacağı dəqiqləşən futbolçudan Samir Abasovun hər iki hissə istifadə edəcəyi gözlənilən idi. Vurulan iki qol "Zirə"nin ümidini qırmadı. Volkovun vurduğu qol az da olsa yenidən ümid yaratdı. "Zirə"nin hakimlərlə olan problemini biz görürük. Rəşad Sadıqov da artıq danışmağa başlayıb. Həqiqətən, "Zirə"yə qarşı hakim səhvləri çox olur. İnanıram ki, tezliklə bu səhvlər aradan qaldırılar. Hakimlər Komitəsinin rəhbəri buna son qoymalıdır. Hər iki komandaya da gələcək oyunlarda uğurlar arzu edirəm".

O, "Qarabağ"ın "Səbail" üzərində qazandığı 3:0 hesablı qələbənin qanunauyğun olduğunu söyləyib:

"Qarabağ"a qarşı səfərdə və təbii ot meydançada oynamaq "Səbail"də çox vaxt alınmır. Əksər vaxt qapılarında çox qol görürlər. "Sabah"a qarşı Aftandil Hacıyevin yetirmələrinin göstərdiyi oyun ürəkaçan olmuşdu. Az büdcəyə malik olsalar da oyunları xoş təsir bağışlayır. Bu görüşdə məğlubiyyət gözlənilirdi. Qurban Qurbanovun 1-2 əsas oyunçusuna "Aberdin"lə görüşə görə istirahət vermişdi. Amma hazırda "Qarabağ" üçün 1-ci və ya 2-ci heyət anlayışı yoxdur. Balanslaşmış 2 heyət var. "Səbail"də Rauf Əliyev, Rahid Əmirquliyev və Kamran Ağayev kimi lider futbolçular özlərində bir az inama tapsalar və digər oyunçular da ətraflarında cəm olsa "Səbail"in surpirz nəticələri çox olacaq. "Qarabağ" layiqli qələbə qazandı. Musa Qurbanlının 2 qol vurması sevindirici halda. Cavan oyunçularımız özündə inam tapırlar".

"Sumqayıt" - "Sabah" matçının (2:0) baş verənləri qyimətləndirən R.Məmmədov deyib:

"Maraqla gözlənilən oyun idi. Meydan sahiblərinin ilk tur səfərdə "Keşlə"ni məğlub etməsi komandada rahatçılıq yaratmışdı. "Sabah"ın isə evdə "Səbail"ə uduzması qələbəyə daha istəkli olmasını göstərirdi. Artıq ilk dəqiqələrdən bu hiss olundu. Təəssüflər olsun ki, Ramin Quliyevin komandası müdafiəni yaddan çıxardı. Komanda pis çıxış etmirdi. İlk 20 dəqiqə "Sabah"ın orta xətti yaxşı oynayırdı. Səhvdən sonra komanda qapısında qol gördü. Bu gün komandanı arxasınca aparacaq lider yoxdur. Slavik Alxasov lider oyunçudu, amma 1 oyunçu ilə çətindir. Hər xəttə bir lider olsa "Sabah" bu vəziyyətdən çıxa bilər. Yeni qurulmuş komandadır. Ramin Quliyevə inanmaq lazımdır. Rəhbərliyə çox sağ ol düşür ki, mövsümü onunla davam edirlər. Gənc məşqçiyə bir qədər zaman lazımdır. 5-6 aya komanda düzəltmək çətindir. Bu məşqçilərə inanmaq lazımdır ki, məşqçilər öz fəlsəfələrini komandaya aşılaya bilsinlər. İnanıram ki, gələcəkdə yaxşı oyunla azarkeşlərini sevindirəcəklər. "Sumqayıt"da elə də heyət dəyişikliyi yoxdur. Komanda bir-birinə uyğunlaşıb. "Sabah"a qarşı tələşsız, rahat oynadıqların gördüm. Sanki qələbə iyini öncədən duymuşdular. Rəhim Sadıxovun hər iki oyundakı çıxışını xüsusi qeyd edərdim. Lider futbolçu belə seçilməlidir. "Sumqayıt"da bu funksiyanı Rəhim üzərinə götürür və komandanı arxasınca apara bilir. Komandanın müdafiə xətti də inamlı təsir bağışlayır. Bundan əlavə Rəhim Sadıxov və Əli Qurbani tandemi yaxşı anlaşır. Gələcək oyunlarda da çox fayda verə bilərlər".

O, "Qəbələ" - "Keşlə" görüşünün (2:1) ev sahiblərinin istədiyi sonluqla bitdiyini vurğulayıb:

"Bu qalibiyyət "Qəbələ" üçün çox vacib idi. İlk oyun səfərdə "Neftçi" ilə edilən heç-heçə komandada inamı artırmışdı. Böyük ölçüdə bu oyundan heç-heçə gözlənilirdi. Amma "Keşlə"nin müdafiəsində olan boşluqlar 2 qolun buraxılmasına gətirib çıxardı. İlk 15 dəqiqə "Keşlə"nin üstünlüyü hiss olunurdu. Sadəcə, bu üstünlüyü qola çevirə bilmədilər. Nəticədə əks hücumda vurulan qollar məğlubiyyəti gətirdi. "Keşlə"yə həvəsdən düşməməyi məsləhət görürəm. Mətbuat Sənan Qurbanovun üzərinə getsə də, o, özündə güc tapmalıdır. İnanıram ki, klub rəhbərliyi də onun arxasında duracaq. İki məğlubiyyət narahatçılıqdan xəbər vermir. Heyət yeni qurulub. Qarşıda uğurlu oyunların olacağına inanıram. Sənan Qurbanov komandanı bu böhrandan çıxara biləcək. Sadəcə, ələ düşən imkanlarından yararlanmaq lazımdır. Bu da başadüşüləndir. Mövqelər arasında bağlılıq çox azdır. Qısa bir zamanda komanda öz oyununu tapacaq. Abanqın qol vurmasını xüsusi demək istərdim. Bu hücumçunun yaxşı talantı var. Həmin talantın açılması üçün komandada yaxşı yarımmüdafiəçilər lazımdır. Hələ qarşıda "Keşlə"yə çox kömək edəcək".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!