"Heç bizim də sponsorumuz yoxdur, varsa, çağırın gəlsin"

31 İyul 2021 12:40 Premyerliqa 524
"Heç bizim də sponsorumuz yoxdur,  varsa, çağırın gəlsin"

Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqanın 2021/22 mövsümü ilə bağlı sualları cavablandırıb.

- Klublarımızın avrokuboklardakı çıxışı üzücü oldu. Amma “Neftçi” və “Qarabağ” mübarizəni davam etdirir. Ümid edirəm ki, qrupa vəsiqə qazanarlar.

- Adətən çempionat oyunları həftəsonları keçirilir. Ancaq məlum səbəblərdən ictimai nəqliyyat işləmir. Jurnalistlərin oyunlara gedişi ilə bağlı problemin aradan qaldırılması üçün hansısa addım atılacaq?
- Mənə elə gəlir ki, klub rəhbərləri sizin əziyyətinizi dəyərləndirər. Əgər onlar kömək etməsələr, bizə müraciət edərsiniz, köməklik edərik.

- Klublarımıza hansı məsləhətləriniz var?
- Məsləhətim odur ki, avrokuboklarda yaxşı çıxış etmək istəyirlərsə, vaxtında hazırlıq görməlidirlər. Əfsuslar olsun ki, avrokubokların startına bir həftə qalmış oyunçu axtarırlar. Bunun da günahını bizdə görürlər. Bizim borcumuz ədalətli çempionat keçirməkdir. Kiminsə buna şübhəsi ola bilməz. PFL yarandığı gündən bəri heç bir komandaya qarşı haqsızlıq etməyib.

- İştirakçı komandaların sayı ilə bağlı ciddi narazılıq var. Gələcəkdə say artımı nəzərdə tutulub?
- Bu, bizi də narahat edir. Sponsor varsa, çağırın gəlsin. Sponsorlar da qaçırlar. Hamı çəkici bir yerə vurmalıdır. Neçə müddətdir heç bizim də sponsorumuz yoxdur. İndi klub sayının azlığına görə nə futbol ictimaiyyətini, nə də AFFA-nı qınamaq olar. Püşkə bir saat qalmış gələn varsa, buyursun.

- Tamaşaçıların oyunlara buraxılması ilə bağlı bir yenilik var?
- Çempionatın startına bir həftə qalmışa qədər müraciət olacaq. Gündən-günə yoluxma sayı artır. Say artımı olmasa, razılıq verilə bilər. Çempionatın startına bir həftə qalmış bir cavab verilər.

Xəbər Lenti