“Qarabağ“ və 6 klub “Neftçi”nin çempionluğunu təbrik etmədi

6 İyun 2021 14:20 Premyerliqa 1 584
“Qarabağ“ və 6 klub “Neftçi”nin çempionluğunu təbrik etmədi

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionatının 2020/21 mövsümü başa çatdı.

Əvvəlki illərdən daha rəqabətli və gərgin keçən mövsümdə "Neftçi" qızıl medallara yiyələndi.

“Futbol ili”nin daha gərgin keçməsi qalibin son turda bəlli olmasından da görünür.

"Ağ-qaralar" son oyunda "Qarabağ"a qalib gəlməklə çempion oldu. Bununla bakılılar həm də ağdamlıların son 7 ildəki hegemonluğuna son qoydu.

İstənilən halda, cari çempionatı, çempionluğu hər baxımdan fərqli adlandıra bilərik. Çempionun adının dəyişməsi, "Neftçi"nin zirvəni fəth etməsi ətrafındakı söhbətlər bunu şərtləndirir.

Bu məqamda bir sual maraq doğurur. Görəsən, premyer-liqanın qalan klubları paytaxt təmsilçisini çempionluq münasibətilə təbrik edibmi?

Klubların "feysbuk" hesablarına nəzər yetirərkən, "Neftçi"nin çempionluğu ilə bağlı təbrik paylaşımı etmədiklərini görürük. Bir klub istisnadı.

Yalnız "Qəbələ" sosial şəbəkə hesabında "Neftçi"ni təbrik edib. Qalan klubların eyni addımı atmaması maraq doğurur.

Bəlkə də "Qarabağ"ın rəqibini təbrik etməməsini başa düşmək olar, bəs başqaları? Hər halda, 8 komandalı çempionatda belə prinsipiallıq yoxdu.

Lakin yaddaşımızı təzələsək, ötən illərdə də eyni vəziyyətin yaşandığını görərik. Ötən il çempionat pandemiya üzündən təxirə salındı və çempion erkən elan olundu.

2018/19 mövsümündə də "Qarabağ" çempionluğa yiyələndi. O zaman Ağdam klubunu sadəcə, iki rəqibi - "Sumqayıt"la "Qəbələ" təbrik etdi. Görünür, bəzi klublar meydandan kənarda da "feyr-pley" qaydalarına əməl etmirlər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!