"Neftçi"nin transfer siyasətini dəfələrlə tənqid etmişəm, ancaq...

19 May 2021 19:40 Premyerliqa 920
"Neftçi"nin transfer siyasətini dəfələrlə tənqid etmişəm, ancaq...

Mövsüm sona yaxınlaşır.

Ölkə çempionatını hər nə qədər tənqid etsək, cari mövsüm son illərə baxanda çox maraqlı alındı.

İlk növbədə ona görə ki, Samir Abbasovun gəlişindən sonra "Neftçi" dirçəldi və "Qarabağ"ın heqemoniyasına son qoymağa yaxındır.

Əvvəlki illərdə "Qarabağ" sona bir neçə tur qalmış titulu qazanırdısa, hazırda hər şey "Neftçi"nin əlindədir. Elə Avrokuboklara son vəsiqə uğrunda "Zirə" ilə "Sumqayıt" arasında amansız mübarizə gedir.

Cari mövsümün bir başqa özəlliyi budur ki, ən sərrast futbolçular elə özümüzkülərdi - Mahir Emreli ilə Namiq Ələsgərov. Hər ikisi da "Bakı" Futbol klubunun yetirməsidi.

Bir anlıq təsəvvür edək ki, "Bakı" dağılmasaydı bu klubun akademiyası ölkə futboluna nə qədər istedad verərdi...

Mövsümün sonu həm də ən yaxşı oyunçunu seçməyinin əsl vaxtıdır. Sabahki oyunun nəticəsindən asılı olmayaraq, bu ada ən çox Sabir Buqrin layiqdır.

Mərakəş əsilli futbolçu mövsüm boyu baxımlı futbol sərgiləməklə yanaşı "Neftçi"nin əsl liderinə çevrildi. "Neftçi"nin transfer siyasətini dəfələrlə tənqid etmişəm.

Ancaq Buqrinə çatanda klubun keçmiş idman direktoru Ceyhun Sultanovun haqqını vermək lazımdır. Buqrin məhz onun tapıntısıdır.

Yəqin Ceyhun bəy özü da anlayır ki, Karikari, Raku, Paratski və diqər gətirdikləri ortabab legionerlərlə müqayisədə Buqrin bir brilliantdır.

Özü də Buqrin heç də böyük maaşa gətirilmədi. Buqrinin bu yerə gəlib çıxmasında Samir Abbasovun da əməyi danılmazdı. Füzuli Məmmədovun vaxtında Sabir o qədər də nəzərə çarpmırdı.

Futbolçunun potensialını üzə çıxartmaq istənilən məşqçinin işindən xəbər verir.

Ümid edirəm ki, "Neftçi" bu futbolçunu heyətində saxlaya biləcək və Buqrin öz oyunu ilə komandasına xeyir verməyə davam edəcək.

Erkin İbrahimov

Digər Xəbərlər
Xəbər Lenti