“Buranı düzəldə bilsələr, yeni mövsüm yaxşı "Sabah" görə bilərik”

11 May 2021 19:00 Premyerliqa 723
“Buranı düzəldə bilsələr, yeni mövsüm yaxşı "Sabah" görə bilərik”

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 26-cı turunun "Zirə" - "Qəbələ” (0:0) və "Sabah" - "Qarabağ" (0:4) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Zirə" - "Qəbələ"
"Sumqayıt"ın "Keşlə" üzərində qələbəsindən sonra "Zirə"yə hər şey məlum idi. Qələbə onlar üçün çox vacib idi.

"Qəbələ" də lazım olanda oynamağı bacarır. Həm evdə, həm də səfərdə çox güclü komandalara qarşı yaxşı oynaya bilir.

Bu dəfə də elə oldu. Həm müdafiədə, həm əks hücumda, həm də orta sahədə "Zirə" ilə başabaş mübarizə apardılar.

İlk “onbirlik” düzgün seçilmişdi. Asif Məmmədovun liderliyi daha çox gözə çarpırdı. Müdafiə xətti daha inamlı oldu. Rəşad Sadıqov bu oyunda yorğunluq olduğunu bildirdi.

Mənə elə gəlir ki, həm də xətlər arasında uyğunsuzluq da gözə çarpırdı. Müdafiə və hücum arasında boş məsafə çox idi.

İtirilən toplara müdafiə və yarımmüdafiə xəttindəkilər çox gec çatırdı. Aralarında 60-70 metr məsafə yaranırdı. Bu da kəsərli hücumların az olmasını göstərir.

Doğrudan da, komandada yorğunluq və ruh düşgünlüyü hiss olunurdu. "Qəbələ"nin rahat təslim olmayacağı öncədən gözlənilrdi və bu, belə də oldu.

Son 2 turda medallar və avrokuboklar uğurunda çox gərgin mübarizə gedəcək. Bu, ələlxüsus da "Sumqayıt" - "Neftçi" oyununda nəzərə çarpacaq. Məncə, həmin oyunda üçüncü yerin taleyi 50-60% bilinəcək.

Hakimlər oyunu yaxşı idarə elədi. Bəzən meydanın mərkəzində edilən kiçik səhvlər yaddaqalan oldu. Amma nəticəyə təsir edən səhvlər görmədim.

"Sabah" - "Qarabağ"
"Neftçi"nin "Səbail" üzərində qələbəsinin "Qarabağ"a necə təsir göstərəcəyi, necə köklənəcəyi maraqla gözlənilirdi. Demək olar ilk hissədə oyunun taleyi həll olundu.

Ramin Quliyevin "Sabah"a gəlişindən sonra komandada köklü dəyişiklik baş verib. Oyunçularda yüksək istək yaranıb. Bunu turnir cədvəli və oyunlardan da görmək olur. B

u, bir daha onu göstərir ki, yeri məşqçilərimiz əcnəbilərdən geri qalmır. Hələ bəzi komponentlərdə onları üstələyirik. Mentalitet deyilən bir şey var.

Futbolçularımız həmin adət-ənənələrdən düzgün istifadə edirlər. Çalışırlar heç birini narazı salmasınlar. Bunun da qarşılığı olaraq, meydanda iki dəfə artıq güc qoyurlar.

Xayme Romero və Mahir Emrelinin qayıdışından sonra "Qarabağ" Filip Ozobiçsiz ən inamlı oyunlarından birini keçirdi. Belə hesabı heç kim gözləmirdi.

"Qarabağ" çox istəkli idi. Məğlubiyyətə görə "Sabah"ı nədəsə günahlandırmağa dəyməz. Bu oyunda "Qarabağ" birinci yeri əldən verməmək üçün bütün gücünü ortaya qoydu.

Bu amil oyunun gedinşində özünü çox göstərdi. "Sabah" ikinci hissədə müqavimət göstərməyə çalışdı, amma qol imkanların dəyərləndirə bilmədi.

Ramin Quliyev yeni mövsümdə qalsa, orta sahə oyunçularına diqqət etməlidir. Oyun qurucusu mütləq lazımdır. Bu mövqeni düzəldə bilsələr, yeni mövsüm yaxşı "Sabah" görə bilərik.

Hakimlər heç bir kobud səhvlə yadda qalmadı.

Digər Xəbərlər
Xəbər Lenti