"Şeydayevin forma yığması "Sabah" üçün çox gözəl haldır"

28 Aprel 2021 17:40 Premyerliqa 18 115
"Şeydayevin forma yığması "Sabah" üçün çox gözəl haldır"

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 24-cü turunun "Zirə" - "Sumqayıt" (0:0) və "Sabah" - "Neftçi" (2:2) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Zirə" - "Sumqayıt"
Bu iki komanda arasında üçüncü yer uğurunda gərgin mübarizə gedir. "Sumqayıt" səfər oyununda qarşısına qoyduğu məqsədə çatdı.

Oyuna canlı baxa bilməsəm də, nəticəyə əsasən deyə bilərəm ki, 0:0 daha çox "Sumqayıt"a kömək etdi. İki eyni gücə malik komanda qarşılaşırdı.

"Zirə"üçüncülük uğrunda çox vacib xal itirdi. Ammaa onların yenə də irəli çıxmaq şansı var. "Zirə" qarşıdakı dörd turda öz vəziyyətini yaxşılaşdırmaq potensialına malikdir.

"Neftçi" "Sabah"
"Sabah" Ramin Quliyevin gəlişindən sonra xarakter göstərir. Futbolçularda özünə inam artıb, yeni məşqçiyə özlərini göstərmək istəyirlər.

Bu da onlarda çox yaxşı alınır. Neçə turdur deyirik ki, "Sabah"ın oyununda irəliləyiş var. Ona görə də "Neftçi"nin Masazırda xal itirəcəyi gözlənilirdi.

Məhz məşqçi dəyişikliyindən sonra futbolçuların stabil və özlərini yaxşı hiss etməsi "Neftçi" üçün çətinlik yaradacaqdı. İlk 30 dəqiqənin tamamında hesab 2:0 "Sabah"ın xeyrinə idi. Bu da ev sahiblərinin döyüşkənliyinin göstəricisidir.

Ramil Şeydayevin yavaş-yavaş əvvəlki formasını yığması "Sabah" üçün çox gözəl haldır. Təmkin, Bəhlul, Çoşqun kimi futbolçuların da oyunu ürəkaçandır.

"Neftçi" oyuna sönük başladı, öz oyununu sərgiləyə bilmədi. Hakimin "Sabah"ın qapısına təyin etdiyi ilk penalti epizodunda Bəhlul qaydanı cərimə meydançasından yarım metr kənarda pozmuşdu. Yalnış qərar olduğu görsənirdi.

Ümumiyyətlə, hakim haqqında nəsə deməyə ehtiyac yoxdur. Yəqin ki, federasiya öz qərarın verəcək. Oyun çox əsəbi halda keçdi. Bunu da hakimlərlə bağlamaq olar.

Xəbər Lenti