"Qarabağ" Qurban Qurbanova vaxt verdi, "Neftçi" də ona 3-5 il vaxt versin"

16 Noyabr 2020 21:00 Neftçi 920
"Qarabağ" Qurban Qurbanova vaxt verdi, "Neftçi" də ona 3-5 il vaxt versin"

“Samir Abasovun "Neftçi"yə baş məşqçi təyin olunmağı rəhbərlik tərəfindən çox düzgün seçimdir.

Ayxan Abbasov, Samir Abasov, Aftandil Hacıyev - bunlar hamısı yeni nəsil, savadlı və istedadlı məşqçilərdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında tanınmış futbol azarkeşi İlqar Həmzəyev deyib.

Hələ 1980-ci illərdən “Neftçi” fanatı olduğunu bildirən Həmzəyev Samir Abasovun “ağ-qaralar”a baş məşqçi təyin edilməsini dəyərləndirib. O, bir azarkeş kimi yeni çalışdırıcıya inandığını və ona vaxt lazım olduğunu qeyd edib:

“1980-ci illərdən "Neftçi"yə azarkeşlik edirəm. Sadəcə, mən 1992-ci ildə Ağdamda minaya düşmüşəm və həmin vaxtdan sonra bir Qarabağ qazisi kimi "Qarabağ"a da azarkeşlik edirəm.

Çox istərdim ki, "Neftçi" rəhbərliyi sıravi azarkeşlərin, bizim kimi Qarabağ qazilərinin hissləri ilə oynamasın. Mən nə təklif edərdim? Samir Abasova zaman verilməsini istərdim.

Ən azından 3-5 il. Necə ki, "Qarabağ"da Qurban Qurbanova vaxt verdilər. Bundan əlavə, Samir Abasovun işlərinə müdaxilə edilməsin. Mən yalnız bunu xahiş edə bilərəm.

Düşünürəm ki, məni dinləyərlər. Samir Abasova rəğbətim var. Sadəcə, ona bir az emosiyalarını cilovlamağı tövsiyyə edərdim. Qurban Qurbanov kimi olsa...

Deməzdim ki, Qurban Qurbanova bənzəsin, sadəcə, emosiyalarını cilovlaya bilsin. Samir Abasova uğurlar arzulayıram. İnşallah, biz azarkeşləri Avropada sevindirsin".

“Neftçi” Samir Abasovla 2022-ci ilin yayına qədər müqavilə imzalayıb. O, bu vəzifədə Füzuli Məmmədovu əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!