"Neftçi" müsibəti: "Bizi biabır etdilər! İnsan bilmir əsəbdən, stressdən nə etsin"

15 Noyabr 2020 13:40 Neftçi 1 113
"Neftçi" müsibəti: "Bizi biabır etdilər! İnsan bilmir əsəbdən, stressdən nə etsin"

Xəbər verdiyimiz kimi, “Neftçi”də bir sıra dəyişikliklər olub.

Sportinfo.az xəbər verir ki, klubun idman direktoru Ceyhun Sultanovla baş məşqçi Füzuli Məmmədov istefa verib.

Komandanın yeni baş məşqçisinin adına da aydınlıq gəlib. Müşahidə Şurasının qərarı ilə “ağ-qaralar”ı Samir Abasov çalışdıracaq.

Son turda “Qarabağ”a 0:6 hesabı ilə yenilən “Neftçi”nin azarkeşləri həm rəhbərliyə, həm də baş məşqçiyə etiraz edirdilər.

Onlar sosial şəbəkələrdə komandanın tarixinə böyük ləkə yazıldığını bildirərək, həm Kamran Quliyevin, həm Ceyhun Sultanovun, həm də Füzuli Məmmədovun istifasını tələb edirdilər.

“Forza Neftçi” fanklubunun rəhbəri Sübhan Əliyev hətta “feysbuk” hesabında belə bir post paylaşmışdı: “Qeyrəti olan adamlar oyun qurtaran kimi klubu təhvil verib gedər “Neftçi”dən!”

Onlar aqressivliklərini ancaq yazılı şəkildə bildirməkdən uzaq idilər. Yayılan məlumata görə, azarkeş qrupu klubun rəsmi şəxsləri ilə də görüşüb. Bütün bunları nəzərə alaraq, dünən Sübhan Əliyevlə əlaqə saxladıq (Futbol+).

Azad azarkeş qrupunun rəhbəri “Neftçi” rəsmiləri ilə görüşə bilmədiklərini söylədi: “Oyundan dərhal sonra rəsmilərlə görüşmək üçün bazaya getdik.

Amma orda bizi əsas şəxslərdən kimsə qarşılaşmadı. Sadəcə, klubun bəzi işçiləri ilə görüşdük. Onlar da nəticəyə görə məsuliyyət daşıyan şəxslər deyildilər.

Görüşdüklərimiz də 0:6 hesabına görə çox üzgün idilər. Məsələni çox uzatmadıq. Bizə söz verildi ki, tezliklə rəhbərliklə görüşümüz olacaq. O zaman istəklərimizi və tələblərimizi bildirəcəyik”.

Sübhan bəy “Neftçi”də baş verən dəyişikliklərə də münasibət bildirdi: “Bizim əsas istəyimiz hər üçünün istefa verib, getməsi idi. Bunlardan ikisi həyata keçdi, qaldı prezident. İndi bizə qaranlıq olan məqamlar var.

Ola bilər ki, Müşahidə Şurası nəticəyə görə prezidentdə günah görməyib. Ceyhun Sultanovla Füzuli Məmmədovun gedişi sevindirici məqamdı.

“Qarabağ”a 0:6 hesabı ilə uduzaraq komanda tarixinə silinməz ləkə vurdular. Bunu necə təmizləyəcəklər? Tutaq ki, çox güclü prezident və ya məşqçi gəldi komandaya, “Qarabağ”ı 7:0, 8:0 hesabı ilə uda biləcəklər? Bu mümkünsüzdü. Bizi biabır etdilər. İnsan bilmir əsəbdən, stressdən nə etsin”.

“Forza Neftçi”nin rəhbəri Samir Abasovun baş məşqçi təyin olunmasına isə belə reaksiya verdi: “Samir müəllim çox yaxşı mütəxəssisdi. O, “Sumqayıt”da, “Zirə”də yaxşı komanda formalaşdırmışdı.

Sözü yerində və zamanında deyən şəxsdi. “Neftçi”də nə işlər görəcəyi müəmmalıdı. Çünki Samir bəy mərd oğuldu. Həmişə azadlığı sevib. Ona “Neftçi”də şərait yaradılacaqmı? Bu, bir az düşündürücü sualdı”.

Digər Xəbərlər
Xəbər Lenti