"Neftçi"nin idman direktoru postuna namizədlər

13 Noyabr 2020 23:20 Neftçi 1 120
"Neftçi"nin idman direktoru postuna namizədlər

Stajlı fanatın futbolla nəfəs aldığını söyləsək, yeni fikir səsləndirmiş olmarıq.

Bu, hamıya bəlli həqiqətdir.

Klub rəhbərləri, futbolçular, digər əməkdaşlar çalışdığı camiədən əməkhaqqı alırsa, azarkeşi könül verdiyi rənglərə yalnız mənəvi tellər bağlayır.

Bu gün məlum islahatlara, baş məşqçi dəyişiklərinə rəğmən, hələ də adına layiq şəklə düşməyən "Neftçi"nin durumuna da əsl fanatları biganə deyil.

Kamran Quliyevin rəhbərliyi dönəmində də relsə düşməyən komandanın "Qarabağ"a 0:6 hesabıyla yenilməsi bıçağın sümüyə dirənməsi anlamındaydı.

Səriştəsiz idarəçilərin təkəbbürü və qeyri-peşəkar qərarları üzündən adının ağırlığı altında qalan Bakı klubunun baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanovun işindən azad edilməsi şübhəsiz, dərindən bulanan suları durultmayıb.

Narazılığın pik həddinə çatmasının bariz nümunəsi olaraq "Neftçi" fanatlarının sosial şəbəkədəki üsyanını göstərmək olar.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın azarkeşlərinə məxsus "Facebook" səhifəsi - Neftchi Baku (Fan Page) bakılıların tərəfdarlarına səslənib.

Sorğunu olduğu kimi təqdim edirik:

"Hazırda komandamızın idman direktoru vəzifəsi boşdur. Yarıtmaz Ceyhun Sultanovdan sonra bu posta kimi namizəd görərdiniz? Ürəyimdən Tahir Süleymanov demək keçir, amma..."

Gördüyünüz kimi, adminin özü də namizədinin adını çəkib. Özü də "amma" ilə... Tərəfdarların klubun ən uğurlu dönəminin vitse-prezidenti Tahir Süleymanovu o postda görmək istəməsi təbii qarşılanmalıdır. Hərçənd onu idman direktoru yox, prezident vəzifəsinə layiq olduğuna eyham vuranların da sayı yetərincə çoxdur. Süleymanovun klub idarəçisi qismində fəaliyyət göstərdiyi vaxtlarda çempionluqların sevincini ard-arda yaşayan, Avroliqanın qrupunda çıxış edən komandaya fanatlıq etmək arzusuna qovuşanları başa düşmək çox asandır. Elə "Süleymanov işbilməzlərlə işləməyə razılaşmaz" söyləyənləri də...

Sabiq idman direktorunun əvvəlki işinə qaytarılmasını uyğun sayanlar da var, namizədinin Səbuhi Səfiyarlı olduğunu vurğulayanlar da... Daha radikal mövqedə duraraq "gedək, klubun ofisinə haqqımızı tələb edək" təklifiylə fərqli çözüm arayanların əsəblərinin tarıma çəkildiyi də göz önündədir.

Gerisinin necə olacağını SOCAR-ın, fanatların və zamanın ixtiyarına buraxaq (fanat.az).

Digər Xəbərlər
Xəbər Lenti