"Başına dönüm, qurban olum, ölüm qabağında, çıx get "Neftçi"dən!"

14 Oktyabr 2020 14:08 Neftçi 1 613
"Başına dönüm, qurban olum, ölüm qabağında, çıx get "Neftçi"dən!"

«Neftçi»nin son vaxtlar bərbad təsir bağışlaması Füzuli Məmmədovu yenidən azarkeşlərlə üz-üzə gətirib.

Tərəfdar ondan heç nə gözləmir artıq.

Nə gözləməlidirlər axı… Gün kimi aydındır ki, o, hanıssa xidmətinə, əziyyətinə görə komandanın sükanı arxasına əyləşməyib.

Onu orada, sadəcə, əyləşdiriblər. Belə demək mümkünsə, indi klub rəhbərliyinə «maskot» lazımdır, texniki zonada söz sahibi olan birinin dayanması yox.

O, yalnız Kamran Quliyevlə Ceyhun Sultanova sərf edir. Başqa heç kimə! Və sözsüz, «Neftçi» fanatları bunu görür və təbii olaraq qıcıq keçirir. Tamamilə haqlıdırlar.

Elin gözü tərəzidir. Yəqin ki, Füzuli Məmmədov bu məsəli eşidib. Bilirik ki, özü bir müddət əvval sosial şəbəkəni tərk eləsə də, burada yazılanlardan, onun barəsində səslənən fikir və təkliflərdən məlumatlıdır.

Xəbər çatdıranı çoxdur. Elə paytaxt klubunun sadiq və səmimi azarkeşlərinin bir araya gəldiyi «Neftchi Fan Page» səhifəsində gedən rəylərdən də.

Biz indi onlardan yalnız birini təqdim edirik. Halbuki bilirik ki, Füzuli Məmmədov oturduğu yerdən bərk yapışıb və öz xoşuyla istefaya getməyə hazırlaşmır.

Başının üstündəkilərə arxalanır. Klubdadaxili müzakirələrdə «davam edəcəm» fikrini dönə-dönə səsləndirib. Ona görə, bütün bunlar postunda gözü olanların işidir və qəsdən aranı qızışdırır, fanaiları üstünə qaldırırlar.

Əlbəttə, bu, kökündən yanlış düşüncə tərzidir. Komanda ötən mövsümü nəticə qazanmadan başa vurub. Cari «futbol ili» isə yaxşı nəsə vəd etmir. Avrokuboklara erkən vida, Premyer Liqaya uğursuz start, üstəlik, 5-ci turda «Zirə»yə məğlubiyyət aysberqin görünən üzüdür.

Vəziyyəti bu həddə çatdıran səbəblər düşərgənin dörd divarı arasında gizlənib. Burada isə ona müxalif olanlar üstünlük və çoxluq təşkil edir. Başda da elə futbolçular.

«Sabah»la oktyabrın 18-də keçiriləcək qarşılaşma bu mənada həlledici ola bilər. SOCAR-da komandanın çıxışından narazılıq böyükdür.

Neft şirkətinin mənsubları narahatlığa son qoymağın çarəsini baş məşqçi postuna layiqli birini gətirməkdə görür. Bu fikrirdə kifayət qədər ciddidilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti