"Neftçi"nin məşqçilərinin ən zəif cəhəti

26 Sentyabr 2020 16:28 Neftçi 694
"Neftçi"nin məşqçilərinin ən zəif cəhəti

“Qarabağ” “Neftçi” ilə oyunlarda üçüncü dəfədir qalib gələ bilmir.

2019-cu il sentyabrın 15-də 2:0 hesablı qələbə qazanan Qurban Qurbanovun komandası ötən mövsümün digər iki qarşılaşmasında qolsuz heç-heçə edib.

Əsas rəqibinə üç oyundur uduzmayan “Neftçi” də uğursuz seriyanı qırıb. Son iki matçda öncə Premyer Liqada “Sumqayıt”a 0:2, sonra Avropa Liqasında “Qalatasaray”a 1:3 hesabı ilə məğlub olan bakılılar seriyanın 3-ə çatmasına imkan verməyib.

“Ağ-qaralar” 2018-ci il oktyabrın 28-dən sonra ilk dəfə “Qarabağ”a qalib gəlib. Həmin vaxt 3:1 hesablı ev qələbəsinə sevinən “Neftçi” 5 matç idi rəqibini xalsız qoymurdu. 693 gündən sonra paytaxt təmsilçisi buna nail olub.

“Neftçi”nin “Qarabağ” üzərində çempionatdakı son səfər qələbəsi isə 2018-ci il mayın 6-na təsadüf edib. 868 gün öncə ağdamlılar evdə 0:1 hesabı ilə qələbə qazanıb. Bundan sonrakı 4 səfər matçında “Neftçi”nin qazancı 3 heç-heçə olub.

"Ağ-qaralar"ın son qələbəsinə kölgə salmaq olmaz. Lakin və istənilən halda nəticənin əsas səbəbkarı elə ilk hissədən də göründüyü kimi "Qarabağ"ın özüdür.

Rəqib onun imkan verdiyi həddə oynayaraq sona doğru cəsarətləndi və qarşılaşmanın ipini əldən vermədi və yaxud rəqibinin buna gücü yetmədi.

"Neftçi" haqqında fikirlərimizi tamamlayaraq qeyd edək ki, 3 xal ona prinsipial olaraq lazım idi. Tamamilə cəfəng oyunla "Sumqayıt"dan alınan məğlubiyyət, Avropa kubokundakı aşkar "dişsizlik" komandanı psixoloji cəhətdən təzyiq altına salmışdı.

İndi rahat nəfəs almaq üçün şans əldə etmiş kollektiv bu fürsəti qaçırmamağa çalışmalıdır. Belə olarsa, mövsümdə yüksəlişin təminatı olacaq. Əks-təqdirdə, komanda əvvəlki dövrdə olduğu kimi qış fasiləsinə qədər təzyiq altında əriyəcək və eniş-yoxuş onun simasını itirməsinə aparıb çıxara bilər.

"Neftçi"nin məşqçilərinin ən zəif cəhəti, sadəcə, müdafiədəki oyunu qura bilməməsi deyil. Komanda oyununu təşkil edən elementlərin hər birində qırıqlıq və natamamlıq var.

Ən əsası, taktiki cəhətdən tamamilə çiy oyun, "Sumqayıt"la matçın da göstərdiyi kimi, kollektivi məzmunsuzluğa və futbolçuları fiziki-psixoloji yorğunluğa daşıyır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”