“Neftçi”nin təklifini tərəddüdsüz qəbul etdim"

26 Sentyabr 2020 14:50 Neftçi 1 196
“Neftçi”nin təklifini tərəddüdsüz qəbul etdim"

Sportinfo.az “Neftçi”nin fiziki hazırlıq üzrə ispaniyalı məqşçisi Mario Fernandes Kastelyanonun müsahibəsini təqdim edir:

- Necə oldu ki, Azərbaycana gəlməyə qərar verdiniz?

Azərbaycana ilk dəfə gəlməyim 6 il bundan öncəyə təsadüf edir. Bir ildən çox burada çalışdım. Daha sonra müəyyən səbəblərdən ölkədən getməli oldum. Amma mən Bakıda özümü çox rahat hiss edirdim. Daha sonra bu il Azərbaycanda ikinci dəfə çalışmaq şansım oldu. Fevralda “Neftçi”nin təklifini tərəddüdsüz qəbul etdim. Azərbaycan mənim ikinci ölkəm kimi yox, doğma ölkəm kimidir. Burada özümü evimdəki kimi hiss edirəm.

- Bizim insanlarımız haqqında nə düşünürsünüz?

Mən bir çox ölkədə olmuşam. Müqayisə etdikdə görürsən ki, buradakı insanların istiliyi, qonaqpərvərliyi, səmimiyyəti ikinci dəfə bura qayıtmağıma səbəb oldu. Öz tərcüməçim belə artıq mənim dostum kimidir. Mən ona görə bilirdim ki, ikinci dəfə qayıtsam mənə çətin olmayacaq, Bakıda mənə kömək edən insan çox oldu.

- İlk dəfə ilə budəfəki təcrübələriniz arasındakı fərqlər?

Bakı çox dəyişib, gözəlləşib. İnsanlar daha da aktiv olublar. Avropa ilə olan fərq demək olar ki, azalmaqdadır. Küçələrə baxdıqda daha sosial insanlar görmək olur.

- "Neftçi”dəki futbolçularla necə anlaşırsınız?

Səmimi deyəcəm ki, burada futbolçularla işləmək mənə öz həmvətənlərimlə çalışmaqdan belə daha çox xoşuma gəlir. Burada bir-birimizi yaxşı anlayırıq, məşqlərimi düzgün yerinə yetirdiklərini gördükdə özüm də bundan həvəslənirəm. Artıq neçə aydır, birlikdə çalışırıq və hər hansı bir çətinliyimiz olmayıb.

- Oyunçuların fiziki hazırlıq səviyyəsi sizi qane edirmi?

Mən hər hansı bir komandada işə başlayanda o komandanın cari fiziki vəziyyəti məni çox da düşündürmür. Əgər problemi görüb onu aradan qaldırmaq üçün heç nə etmiriksə, bu hal məni düşündürər. Əsas odur ki, çatışmayan cəhətləri görüb onların üzərində işləyə bilək. Mən də komandaya gələndən bu günə baş məşqçimizlə birlikdə yaxşı işlər görmüşük və təlim-məşq toplantımız yaxşı keçib. Hal-hazırdakı vəziyyət məni qane edir, amma biz hər zaman daha yaxşısı üçün çalışırıq.

- Fiziki hazırlıq məşqləri nə üçün önəmlidir?

Hər bir məşqçidə olduğu kimi mənim işimin də çətin tərəfləri var. Çünki futbolçuların ən xoşlamadığı məşq etapı fiziki çalışmalardır. Amma mən həm də onu görürəm ki, komanda verdiyim tapşırıqları həvəslə və böyük istəklə həyata keçirir. Onlara sadəcə təşəkkür düşür! Onların şəxsi uğuru həm mənim, həm də “Neftçi”nin uğurudur. Bu onların karyerasının da daha uzunömürlü olması deməkdir. Mən düşünürəm ki, biz komanda olaraq doğru yoldayıq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu