“Neftçi”dən mənə zəng gəldi, kömək istədilər“

11 Avqust 2020 16:28 Neftçi 1 709
“Neftçi”dən mənə zəng gəldi, kömək istədilər“

Azərbaycanda “Neftçi” və “İnter”in (indiki “Keşlə”) formasını geyinmiş şimali makedoniyalı Slavço Georgiyevski ölkəsinin mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, sabiq yarımmüdafiəçi komandalarının avrokuboklarda Azərbaycan təmsilçiləri önündə şanslarını dəyərləndirib.

- Azərbaycanda “Neftçi” və “İnter”in formasını geyinmisiniz. Klublarımızın avrokuboklarda bu ölkənin təmsilçiləri önündəki şanslarını necə dəyərləndirirsiniz?
- Azərbaycan futbolunda böyük dəyişikliklər olub. İndi orada futbol mənim oynadığım dövrdəki qədər güclü deyil. Bəzi klublar maliyyə problemləri ilə üzləşdiyindən müflis elan olunub. Hətta heyətində çıxış etdiyim “Neftçi” və “İnter” də problem yaşadı. İllərlə böyük maliyyə dayağına malik olan “Xəzər Lənkəran” da hazırda yoxdur.

- İlk olaraq “Sileks” Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq...
- Sözlərim yanlış anlaşılmasın, “Sileks”in “Qarabağ” önündə çox şansı yoxdur. “Qarabağ” güclü heyəti, böyük büdcəsi olan, avrokuboklarda, xüsusən də, evdə stabil çıxış edən klubdur. “Sileks”in onları keçmək şansı minimumdur. Çox çətin olacaq. “Qarabağ” yaxşı heyətə malikdir. Əksər futbolçular milli üzvləridir və güclü əcnəbiləri var.

- Həm “Neftçi”, həm də “Şkupi”də çıxış etmisiniz. Bu komandaların dueli barədə nə deyə bilərsiniz?
- Bəli, 2005-ci ildə “Şkupi”də, 2010-2012-ci illərdə “Neftçi”də oynamışam, iki titul qazanmışam. Bu cütlükdə yaxşı mübarizə olacaq. “Şkupi”nin “Şkendiya” ilə oyununu seyr etdim, komanda xoş təsir bağışladı. “Neftçi” mənim dönəmimdəki kimi deyil, amma yenə də möhkəmdir. Böyük maliyyəsi, bahalı transferləri yoxdur. Ancaq Azərbaycanın ən böyük klubudur. Mərhələ bir oyundan ibarət olduğundan ev sahibi təmsilçimizə yuxarıdan aşağı baxmayacaq. “Şkupi” Bakıdakı matçın 5 dəqiqəsindən belə, lazımınca istifadə etməlidir. Püşkatmadan dərhal sonra “Neftçi” tərəfindən mənə zəng gəldi. Rəqib barədə məlumat və “Şkupi” ilə əlaqə saxlamaq üçün kömək istədilər. Klubun idman direktoru dostumdur.

- “Sumqayıt” kimi bizə tanış olmayan bir komanda “Şkendiya”ya rəqibdir...
- “Şkendiya” bu mərhələni keçəcək. Tetovo klubunun avrokubok təcrübəsi var, Besart İbraimi, Armend Alimi, Kostadin Zahov, Eqzon Beytulai kimi oyunçulara malikdir. “Sumqayıt” Bakıda məskunlaşmayan və fikrimcə, Avropa Liqası matçlarını öz stadionunda keçirməyəcək kiçik bir klubdur. “Şkendiya”nın bu maneəni problem yaşamadan keçəcəyini düşünürəm. Ümumiyyətlə, komandalarımız hava şəraitinə, oyundan əvvəl məşqlərin vaxtına və oyun vaxtına diqqət etməlidirlər. Çünki avqustda Bakıdakı iqlim çox problem yarada bilər.

Digər Xəbərlər
Xəbər Lenti