Bu adam "Neftçi"nin gələcəyini məhv edir: Yeni Əmir(li), yoxa çıxan Bulud(ov)

24 İyun 2020 12:44 Neftçi 1 279
Bu adam "Neftçi"nin gələcəyini məhv edir: Yeni Əmir(li), yoxa çıxan Bulud(ov)

«Neftçi» yay transfer bazaolığına sürətli start verib.

Hələlik rəsmi olan 3 gediş, 1 gəliş var. Tural Axundov, Vangelis Platellas və Soni Sutivarı yola salıb, Cabir Əmirliyə qapı açıblar.

Sonuncu ilə 2 illik müqavilə imzalanıb. Bu, həmin futbolçudur ki, yarımçıq dayandırılan mövsümün əsas hissəsini «Keşlə»nin ehtiyat skamyasında keçirib. Bir o qədər şansı olmayıb ki, çıxıb özünü göstərsin və bəyəndirsin. Hələ bəyənini bir «Neftçi» olsun…

Cabirə ağ-qara formanı geyindirən Füzuli Məmmədovdur. Gəlməsini o istəyib. Nədir-nədir, keçmiş tələbəsidir, «Rəvan»da, «Zirə»də, «Keşlə»də bir yerdə olublar vaxtilə.

İndi məlum olur ki, Füzuli Məmmədov Ömər Buludovu niyə gözüm-çıxdıya salıbmış… Roberto Bordinin vaxtında ən çox etimad görən gənclərdən biri də

Ömər. Avropa Liqasında inamlı oyunu ilə ürəklərə su səpmişdi, rəğbət qazanmışdı, diqqət çəkmişdi. İstəyənləri də sıraya düzülmüşdü. Ölkə daxilindən və xaricindən. Biri elə «Qarabağ».

Bildiyimizə görə, əllərində pul gəlib «Neftçi»nin qapısını döymüşdülər. Ki, nə qədər istəyirsiz verək, onu bizə satın. Satmamışdılar. Avropadan bir tanınmış klubun təklif göndərməsini gözlədiklərini deyərək. Hər deyilən, hər gözlənilən olmur, həyata keçmir ki… Bu da belə.

Bordinin əsas heyət üzvü etdiyi Buludov italyanın görəvindən ayrılmasıyla yavaş-yavaş gözdən itdi. Demə, Füzuli Məmmədov hələ yanvardan öz yetirməsinə yer hazırlayırmış. O futbolçunun yerinə ki, U-21-in aparıcı simasıdır və artıq əsas milliyə də dəvət alıb.

Nəinki yığmaya, ortabab «Keşlə»də özünə yer edə bilməyən Cabir Əmirlini Ömər Buludovun üstünə alıb gətirmək çox mənasız bir əməliyyatdır. Füzuli Məmmədov dünəndə qalıb və burnundan ucundan o yanı görə bilmir.

Onda get, «Rəvan»da, «Zirə»də qarşısına top atdığın digər tələbələrini də yığ gətir, niyə durmusan? Kimisi futbolu atıb, taksi sürür? Nə eybi var, çağır yanına, beş-altı ay məşq edib hazırlaşar, sonra da 5-6 dəqiqə futbol oynayar sənin üçün.

Onun birinci transferi Cabirdirsə, Allah «Neftçi»ni arxasından gələnlərdən qorusun! Bu ölkədə ağ-qara formanı geyinməyə layiq məhdud sayda futbolçu var. Cabiri bir normal məşqçi bura aldırmaz.

Füzuli Məmmədov yetirməsini elə tərifləyib, elə tərifləyib, eşitdikcə matın-qutun quruyur. Heç Roberto Karlos vaxtilə «Real»a transfer olunanda məşqçilərindən belə dəm-dəstgahlı sözlər işlətməyib. Nə olub, Cabiri havayı götürüb gəlmisiz də, işdir bu, transferdir bu?

Füzuli Məmmədov üzgörənlik etməyində olsun. Ömər Buludova görə isə təəssüflənməyə dəyər. Son illər, onsuz da, «Neftçi»nin akademiyasından istedadlı gənclər az çıxır. Sayları tükənib. Ömər onlardan biri ildi.

Daha bundan belə onu da meydanda az-az görəcəyik. Baş məşqçinin 23 yaşlı Cabir haqda söylədiklərindən yola çıxsaq, ondan daha cavan və istedadlı Öməri axtarıb yalnız ehtiyat skamyada tapa biləcəyik.

«Neftçi»ni Füzuli Məmmədova etibar edənin çırağı sönməsin. Yazıq oldu Ömər kimi «Neftçi»nin öz şinelindən çıxan gənclərə. Bir-bir hamısını batıracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti