"Neftçi"nin dəhlizində başqasının ayaq səsi var...

21 İyun 2020 21:20 Neftçi 926
"Neftçi"nin dəhlizində başqasının ayaq səsi var...

"Neftçi”nin prezidenti Kamran Quliyev heç də yaxşı günlərini yaşamır.

Adam dilinin bəlasına düşüb.

Kimsə onu başa salıb ki, Baqali Dabonun 83 yaşlı kluba etdiyi hörmətsizliyini ört-basdır etmək üçün gündəmi dəyişmək lazımdı. Quliyevin da ağlına batıb, gündəmi dəyişməkdən ötrü Sadıq Sadıqovla Tahir Süleymanovun "bostanına” daş atıb. Sonrasını siz də bilirsiz...

Gözünə döndüyüm Süleymanovun da "cavab atəşi” özünü çox gözlətmədi, dedi "al, gəldi”. Alıb-verməyi, daha doğrusu alıb-satmağı yaxşı bacaran Kamran Quliyev bu dəfə ağzına su alıb oturmadığına peşman olub. Tarix yazan, Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olmağı bacaran, daxili çempionatda rəqib tanımayan, özünün yetirmələriylə öyünən "Neftçi”nin vitse-prezidenti olmuş Tahir Süleymanov Quliyevə çox şeyləri xatırladıb. Deyib ki, bizim vaxtımızda sənin prezident kimi təyinat aldığın "Sumqayıt”ın qapısına səkkiz cavabsız top vururduq. Amma indi "Neftçi” boyda dağdan ağır adı olan klub "Sumqayıt” qarşısında aciz qalıb, iki ildi kubokda ona "ilişir”. Ötən mövsüm də liderlik, çempionluq şanslarınını elə "Sumqayıt” "Neftçi”nin əlindən alıb, "Bakcell Arena”nın qazonuna gömmüşdü.

Cənab Süleymanov Kamran bəyə çox mətləblərdən bəhs edib, sadə dillə desək, ona həyatı başa salıb. Daha mən təkrarçılıq etməyim. Ağlı başında, hisslərə qapılmayan, dünyaya gözünü açıb baxan və sair və ilaxır səbəblərdən arif olan istənilən şəxs Kamran Quliyevin halına acıyır. Elə "Neftçi”nin də. Bu xalqın komandası, bu ölkənin futbolunun flaqmanı bu cür aciz, köməksiz günə düşməməliydi. Amma salıblar. İş o yerə gəlib çatıb ki, bir ətək pul alıb, mövsümü yola verən Baqli Dabo evdə rəqib komandanın formasında gəzir, xanımı da onu sosial şəbəkədə yayımlayır. Yəni ki, alın ha, yana-yana qalın ha...

Mən Kamran Quliyevin yerində olsaydım, Dabonun o hərəkətindən sonra başımı aşağı salıb, üzü dağlara gedərdim. Gedərdim ki, təhqir olunmuş azarkeşlərin hissləri soyusun, ortalıq sakitləşsin. Sonra da istefa verər, bacardığım işin qulundan yapışıb, həyatıma davam edərdim. Belə həssas məqamda səndən qat-qat uğurlu adamların "həyətinə” bomba atmaq kamikadzelik eləmək idi. Cavabı da gəldi. İndi yaralarını sarı, Kamran bəy. "Keçmiş olsun” diləklərimizin səmimiyyətinə şübhə etmə. Bizim tənqidlərimiz, təkliflərimiz həmişə dostyana olub, amma siz görmək, eşitmək istəməməsiz. Qulağımıza çatan sədalar deyir ki, daha belə davam etməyəcək. "Ağ-qaralar”ı qara günə salan Kamran Quliyevi tezliklə klubdan uzaqlaşdıracaqlar. Artıq klubun ofisinin dəhlizlərində başqa ayaq səsləri duyulur. Tuq-tuq, taq-taq (sport7.az)...

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti