Paxıl, bu qədər paxıl?

21 İyun 2020 16:20 Neftçi 1 409
Paxıl, bu qədər paxıl?

AFFA İcraiyyə Komitəsi qərar verdi,

«Qarabağ» Premyer Liqanın sonuna 8 tur qalmış çempion elan olundu.

Budur, Ağdam klubu ardıcıl 7-cit mövsümdür ki, qızıl medalları üzərindən asır.

Birincilik uğrunda mübarizə aparan «Neftçi» onlardan 8 xal geri qalırdı. Növbəti 8 turda bu fərqi aradan qaldırmaq qeyri-real görünsə də. «ağ-qaralar»ın idman direktoru Ceyhun Sultanov iddia edib ki, əgər korponavirus pandemiyası futbolun normal axarını dəyişdirməsəydi, «Qarabağ»ı zirvədən endirmək mümkün idi.

Ümumiyyətlə, o, mətbuata son müsahibəsində ziddiyyətli, bir-birini «döyən» fikirlərlə çıxış edib. Gəlin, bəzi suallara verdiyi cavablarla bir daha tanış olaq:

- Hər necə olsa, mövsüm bitdi. Nəticədən razısızmı?
- 8 tura 8 xallıq fərq böyük deyildi. Hamı deyir ki, “Qarabağ” onsuz da çempion olacaqdı. Amma mən belə düşünmürəm – hər şey ola bilərdi. Hər mövsüm olduğu kimi, yenə çempionluğa oynayırdıq, əfsus ki, ola bilmədik. Çempionatın dayandırılmasına bir tərəfdən də məyus olduq, çünki şansımız var idi.
- “Qarabağ”ın çempionluğu ədalətlidirmi?
– Deyə bilmərəm, qarşıda 8 tur var idi. 2-ci olduq, verilən qərara hörmət etməliyik.

Buradan görünür ki, Ceyhun Sultanov «Qarabağ»ın çempionluğunun ədalətli olmasını şübhə altına alır və onları təbrik etmir. «Hər şey ola bilərdi» deyərkən, nəyi nəzərdə tutur? Mənə də bu maraqlıdır.

Çempionatın geridə qalan 20 turu ərzində qızıl medallara layiq oyun sərgiləməyən komandası son 8 həftədə «şapka»dan dovşan çıxaracaqdı, hə?

Eh, Sultanov, Sultanov… Klubu necə idarə edirsiz, elə da boş-boş guruldayırsız, danışırsız. Sizin baş-ayaq fikirləriniz kənardan necə də avantürist görünür. fərqindəmisiz?

Hardan e! Fərqində olsaydız, başa düşərdiz ki, həqiqətən yerinizdə deyilsiz. Siz(lər) hara, «Neftçi» hara! Bu, Elxan Məmmədov başda olmaqla, futbola nifrət edən bir qrup dəllalın «Nefti»yə ironiyasıdır ki, siz(lər)i gətirib belə böyük klubun başında əyləşdirib.

2,5 ildir buradasız, «Qarabağ» bu müddətdə artıq 3 dəfə çempion olub. Bəli, birinciliyi onların əlindən almaq mümkün idi. Bunun üçün «Neftçi»yə «Neftçi»ni istəyən, canıyanan, iş bilən rəhbərliyimn gəlməsi lazım idi.

Və təəssüf hissi ilə bildirirəm ki, o insanlar sizlər deyilsiz, olmadız və olmayacaqsız. Siz də, prezidentinrz Kamran Quliyev də «Neftçi»yə qazanmaq üçün gəlmisiz.

Bu gün buna görə buradasız, sabah da buna görə burada olmaq istəyirsiz. İkinci bir amalınız, heç potensialınız, idarəçilik qabiliyyətiniz də yoxdur, çün böyük düşünməyi bacarmırsız, harada olmağınızın, hansı kluba cavabdehlik daşımağanızın məsuliyyətini dərk etmirsiz.

«Qarabağ» düzgün və ölçülü-biçili fəaliyyəti, planlaması ilə əvvəl komanda, sonra klub olaraq bu səviyyəyə yüksəlib. Ceyhun Sultanov, siz və Kamran Quliyev isə «Neftçi»ni – bu böyük klubu klub olmaqdan çıxartdız, komanda səviyyəsinə endirdiz.

Və bir komandanı da idarə edə bilmədiz. Bir yerdə nə qədər qalmaqal, nə qədər söz-söhbət, dedi-qodu, qruplaşma, pərakəndəlik olar? Bir Baqali Dabonun əlində qalan rəhbərlikləmi «Neftçi» çempion olacaq?

Dünən Kiril Petrovun çirkin davranışları qarşısında söz tapa bilməyən, sınan idarəçilərsiz, odur ki, bu gün də hansısa fransızın klubu aşağılaması təbii prosesdir.

Füzuli Məmmədovun, bir qrup futbolçunun əli və istəyi ilə Roberto Bordini «yola salan», sonra da italyanı yola saldanlaırn əlinə və istəyinə bağlı yönəticilik edən balaca fiqurlarsız: «Neftçi» necə çempion olsun?

Gəlirəm Ceyhun Sultanova ünvanlanan başqa bir suala və cavabına:

– Uzun müddət “Sumqayıt”da işlədiz, müəyyən işlər gördüz. Sizdən sonra bu kluba gələnlər nəticələri daha da yaxşılaşdırdı – ötən il kubokun finalçısı oldular, indi də Avropa Liqasına vəsiqə qazandılar. Klubun pilləli inkişafında payınız olduğunu düşünürsüz?
– Harda işləyirsənsə, müəyyən iz qoyursan, faydalı nəsə iş görürsən. “Sumqayıt”ın Avropa Liqasına vəsiqə qazanmasına sevinirəm. Ümid edirəm ki, mənim də payım olub. Yaxşı mövsüm keçirdilər.

Doğrudan da, «Sumqayıt» yaxşı mövsüm keçirdi. Bu, Riad Rəfiyev başda olmaqla, klubun yeni rəhbərliyinin, baş məşqçi Ayxan Abbasovun və futbolçuları bir məqsəd ətrafında birləşməsinin, bütün kənar təzyiq və təsirlərə baxmayaraq, yolundan dönməməsinin, son anadək mübarizə aparmasının nəticəsidir.

Burada sizin heç bir rolunuz, xidmətiniz yoxdur, olmayıb, hörmətli Ceyhun Sultanov!

Süfrədə nə gördü, «mənə də bir çömçə çək» deyənlər, istəyənlər kimi olmayın! Keçəlin əlacı olsa, birinci öz başına əncam qılar. Elə iş bacaransız, «Neftçi»ni bir yerə çıxarardız, siz və Kamran Quliyev «Sumqayıt»da neyləmisiz, guya?

Quliyev 7, siz də 3 ilə yaxın «Sumqayıt»da işləmisiz, deyə bilərsizmi ki, klub bizim vaxtımızda filan-filan uğurları əldə edib? Barmağınızı qatlayın və sayın! Sayın da, sayın…

Bir əlinizin bir barmağı qədər faydanız dəyməyib «Sumqayıt»a. yalnız sizlər buradan gedəndən sonra «Sumqayıt» rahat nəfəs alıb, gün görüb, ilk dəfə Azərbaycan kubokunun finalına vəsiqə qazanmağın sevincini, ardınca avrokuboklara yüksəlməyin həzzini yaşayıb.

«Ümid edirəm ki, mənim də payım olub» söyləməsəydiz, sussaydız, başınızı başa salsaydız, daha hörmətli, daha səmimi görünərdiz, Ceyhun Sultanov! «Qarabağ»»ın, bu klubu idarə edənlərin paxıllığını çəkirsiz, bildik. Bu paxıllıq onları təbrik etməyinizə mane olur, bunu da bildik.

Bəs «Sumqayıt»?

«Sumqayıt»ı qazandığı uğur münasibətilə təbrik eləmək də olmaz? Axı bu klub sizə bir köynək daha yaxındır, Kamran Quliyevlə birlikdə illərlə onların çörəyini yemisiz, şəhərin havasını udmusuz.

Nədir, istəyirsiz ki, Riad Rəfiyev, Zamiq Hüseynov və Rəşad Məmmədov mətbuata çıxıb açıqlama versin ki, filan hakim filan oyunda filankəslərin sifarişləri ilə komandamıza qan uddurub? Bilmirsiz ki..? Xəbəriniz yoxdur ki..?

2018-ci ilin yazında, yayında «Sumqayıt»a çaxnaşma salan kim idi, görəsən, Ceyhun Sultanov? «Sumqayıt»ı yaryıolda buraxmaq azmış kimi, futbolçularını gizli söhbətə çəkən, may-iyun aylarında «Neftçi»yə aparan kim idi, yadınızdan çıxıb?

Samir Abasovu xam xəyallar dənizinin sahillərinə «qonaq aparan», ruhən «Sumqayıt»dan didərgin salan, beləliklə, bu klubun hələ o ildə avrokuboklara getməsinin qarşısını alan, hədəfindən sapdıran kim idi, xatırlayırsızmı onu?

Bəlkə yetər üz-gözünüzü bulaşdırmağınız..?

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti