"Neftçi"nin prezidentinin yalanlarını faktlarla ifşa etdi: "Yiyənizə görə…"

20 İyun 2020 12:30 Neftçi 1 512
"Neftçi"nin prezidentinin yalanlarını faktlarla ifşa etdi: "Yiyənizə görə…"

Yenə eyni dalğa, eyni koordinat... Əvvəlkilərin əlləri bala batmışdı, 2-3 ilin təzələri üçüncü "kruqu" getmək sevdasına düşüblər. Nə qədər olmasa da, bir komandanın üzvləridir. Dəyişən fərdlər, hələ ki, 5 ildi düzəlməyən "Neftçi"dir.

Uzun müddətdi "Neftçi" ilə bağlı geniş fikir bildirmirik. Məlum forma olayı mediada, futbol ictimaiyyəti arasında müzakirələrə səbəb oldu, fanat-azarkeşlər tərəfindən haqlı, kütləvi narazılıqla qarşılandı. Klubda isə fırlanmaq qərarına gəldilər. Kamran Quliyev isə səriştə(sizlik) sevdasına düşüb...

Futbolu bilməsələr də, heç olmasa öncəkilərin "Neftçi" aqibəti təhlil olunmalı, nəticələr çıxarılmalı, klub adına doğru yol seçilməli idi. Analitik qabiliyyət olmayan yerdə hər zaman fırlan(t)maq meylləri güclənir. Fırlana-fırlana fırlatmaq eşqinə düşənlər, sonda fır-fıra kimi özləri fırlanırlar...

5 ildən çoxdu 10 milyonları göyə sovuranlar, heç bir nəticə qazanmayanlar "borc altında qalıblar", çıxa bilmirlər. Demə "günahkarlar" "Neftçi" adına tarixi uğurlar qazandırmış insanlardı. Dərk edilmir ki, borc oldu-olmadı, əlaltıların əbədi yerləri altda olmaqdır. Nə qədər fırlan(t)salar da, bumeranq effekti verir, verəcək. Alt heç vaxt üst ola bilməz, ancaq alt-üst ola bilər...

II

Mpenza məsələsi o qədər çeynənilib ki, artıq futbol ictimaiyyəti arasında ikrah hissi oyadır. Futbola dünən, daha doğrusu, Kamran Quliyevin özünün dediyi kimi 2009-cu ildə zorla gətirilənlərin futbol səriştələrini emosiyasız, faktlarla, hüquqi müstəvidə "borc" yox, nəticələr altından çıxa bilməyənlərə bir daha isbatlayaq...

Futbolu bilmirlər, bəllidi, heç olmasa diplomatik bacarıq, mənəvi dəyərlər yerində olmalıdır. Təhlillərimizi edirik, fikirlərimizi bildiririk. Təbii, futbola daraşanlara sərf etmir. Psixoloji olaraq altdan çıxa bilməyənlər dava-dava, gəlin vuruşaq deyirlər. Bir tərəfdən "bizdən çox yazılır", deyilir, digər tərəfdən də özlərini gündəmə gətirirlər. Səriştəsiz məntiqsizliyin zirvə nöqtəsidir.

Ağıllı insan bədəninin girmədiyi yerə başını soxmaz, bilmədiyi, iştirak etmədiyi proseslərlə bağlı səriştəsiz fikirlər bidirməz. Məsuliyyətini bilənlər-sözün bütövlüyünü də dərk edənlərdir. Bizim dönəmdə Mpenza ilə bağlı son məktub 06 noyabr 2013-cü il tarixi ilə daxil olmuşdu. Bu rəsmi sənəd "Neftçi"nin gələcək qələbəsini təmin etməli idi. Faktlara nəzər yetirək...

"Buna görə də, qeyd etmişik ki, transfer instruksiyası ilə əlaqədar olaraq birtərəfli xitamın, sübutu kimi 22 fevral 2012-ci il tarixli sənədə əsasən "Xitam müqaviləsi", futbolçu və onun keçmiş klubu arasında bağlanmış əmək müqaviləsinə göründüyü kimi HEÇ BİR SƏBƏB OLMADAN FUTBOLÇU TƏRƏFİNDƏN XİTAM VERİLMİŞDİR. Digər tərəfdən, assosiasiyanız tərəfindən daxil olmuş sənədə əsasən, aidiyyati futbolçu iddia edir ki, keçmiş klubunun günahı üzündən müqaviləyə birtərəfli xitam verilmişdir.

Buna görə də, müvafiq əmək müqaviləsinin birtərəfli xitamı ilə əlaqədar, futbolçu və "Neftçi" PFK arasında olan mübahisə, Mübahisəli Məsələlər Şurasının nəzarətindədir.

Hazırda, müəyyən oluna bilinmir ki, əmək müqaviləsinə futbolçu tərəfindən müəyyən səbəb nəticəsində xitam verilib (və ya heç bir səbəb olmadan)".

Futbolda az-çox səriştəsi olanlar da bilirlər, FIFA böyük ölçüdə futbolçuların tərəfini saxlayır. Məktubda konkret göstərilir, futbolçu müqaviləyə birtərəfli xitam verib və dünya çapında olan hücumçu ilə davada müəyyən edilə bilinmir ki, tərəflərdən kim haqlıdır. FİFA, bu qənaətə uzun müddət detallı araşdırmalardan sonra gəlmişdi və belə məsələlərdə hər sözü, ifadəni hüquqi baxımdan yüz ölçüb, bir bicərək rəsmi hala salır.

Bu sənəd "Neftçi" adına daşdan da keçərli idi və səriştəlilərin Avropa hüquqşunaslarının köməyinə ehtiyac duymadan, yerli mütəxəssislərlə hüquqi müstəvidə gördükləri mükəmməl iş idi. Qalırdı prosesə nəzarət edib sona çatdırmaq. Son zərbə ilə problem həll ediləcəkdi. Məsələ bu səviyyədə kluba təhvil verilmişdi...

Öncədən bildirim, sponsora əziyyət vermədən, 5 il altda qalmadan, hətta uduzulacağı halda belə, Mpenza məsələsinin bağlanması üçün pley-offdan qazandığımız milyondan çox vəsait artıqlaması ilə kifayət edirdi. Reallıqda isə nə baş verdi... Müşahidə Şurasının sədri və üzvləri Çingiz Abdullayev, Sadıq Sadıqov, Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Bəhram Bağırzadə, rəhmətlik Mübariz Zeynalov, icraçı direktor Elnur Məmmədovun iştirakı ilə geniş toplantı keçirildi...

Nə qədər yorucu olsa da, Kamran Quliyev komandasının "Neftçi"nin adına yaraşan nəticələri düşünmək əvəzinə Mpenza "dərdinin" çəkilməsinə, götürülən bank kreditini nöqtələməyə ehtiyac var. Futbolda "səriştələri" fantan vuranlar, özlərini gündəmə gətirməklə bunu bir daha istəyirlər...

Maraqlılara sərf etməsə də, son anda özüm də məlum toplantıda iştirak etdim. Plan, görüntüdə Mpenza məsələsi, reallıqda isə "Neftçi" tarixində uğur qazanmış rəhbərliyin vurulması idi. Sifarişçilərin kimlər olduğu da bəlli idi. Bu gün də ara-sıra səriştəsiz həmlələr cəhdləri davam etməkdədir...

Toplantıda qəti fikrimizi bildirdik, imkan yaradılsın, prosesi özümüz tamamlayaq. Klubdan razılıq verilmədi. Sənədlərlə tanış olanda məlum oldu ki, dəyərli oxuculara təqdim etdiyim məktub yoxdur, gizlədilib. Sədr və şuranın aparıcı üzvləri olaya kəskin etiraz və münasibət bildirdilər. Yerindəcə bəlli oldu, deməli, Müşahidə Şurası bu "oyunun" içində deyil. Plan quranlar bilmirdilər ki, önəmli sənədlərin çıxarışları məndədir...

İspan vəkillə 150.000 avro civarında razılıq əldə edildiyini və prosesin udulucağı ilə bağlı söz verildiyi bildirildi. Futbolu, futbol hüququnu bilən hər bir səriştəli şəxs bilir, özünə hörmət edən hüquqşünas nüfuzuna xələl gətirib ümidsiz prosesə heç vaxt baş qoşmaz. Həqiqətən də məhkəmə "Neftçi"nin qələbəsi ilə bitməli idi. Əgər niyyət təmizliyi olardısa...

CAS-a bir gün qalmış ispan vəkil "Neftçi" rəhbərliyi qarşısında məhkəmədə mütləq iştirak etməyim tələbini irəli sürdü. Məlum oldu ki, o da planlardan tam xəbərdar deyil. Artıq bütün nümayəndə heyəti səfərdə idi. Son an olsa belə, təcili Isveçrəyə getməyim mütləq idi. Yenidən imkan verilmədi, şərait yaradılmadı.

Bunun əvəzinə məhkəmədə klubun keçmiş tərçüməçisi Tural Piriyev "Neftçi"nin səlahiyyətli nümayəndəsi kimi təqdim edildi. Mpenza və ya vəkilləri bilmirdi ki, tərcüməçi kimdi, vəzifəlilər kimlər olub?! Hər səriştəsiz addım atıldı. Aciz qalan ispan vəkil heç olmasa skayp vasitəsilə prosesə qatılmağımı klubdan istədi.

Kəskin etirazımı bildirdim, İsveçrədə olmağımı israrla təkid edirdim. Hətta səriştəsizlik göstərilsə belə, prosesi minimum 50% itkiylə qapatmaq olardı, əgər məhkəməyə saxta, həqiqətə uyğun olmayan məlumatlar verilməsəydi. Beləcə udulmuş proses - uduzduruldu. Bunlar fərziyələr deyil, faktlardı.

Bu hələ prosesin sonu deyil. Planların baş tutulmamasını görüb vəsaiti ödəmək istəmirdilər. Müddətə son iki gün qalmış mediada məsələ qabardıldı. Futbol+ və elektron mediaya bir daha təşəkkürlər. Necə vəsait ödənilməyə bilərdi ki, "Partizan"la oyundan sonra "Neftçi"nin qazandığı milyondan da qat-qat çox vəsait var idi...

Dərhal sponsor və klubun üst səviyyədə nümayəndələri ilə əlaqə saxladım. Çox böyük oyun oynanılırdı. İşin araşdırılması Elxan Məmmədova tapşırıldı. Gecəylə telefon açdı, dərhal görüşmək istədiyini bildirdi.

Sabah lazımı sənədlərlə AFFA-da görüşərik, dedim. Mpenza "oyunu" arxasında pulu ödəməyib "Neftçi"nin xallarını sildirmək və birinci diviziona göndərilməsi mənəviyyatsızlığı dururdu...

Məqsəd, "Neftçi"ni məhv edib kluba tarixi uğurlar qazandırmış insanların futboldan birdəfəlik yox edilməsi idi. Futbolu bilməsələr də, belə işləri yaxşı bacarırlar. Baxır kimlərin qarşısında... Futbol səriştəsizlərinin məkrli planlarını tam sübuta yetirəndən, sənədli faktlarla ortaya qoyandan sonra Elxan Məmmədov Müşahidə Şurasının digər üzvü Zaur Qəhrəmanovla əlaqə saxlayaraq məsələnin həlli üçün bir sutka vaxt istədi və Mpenza "oyunu" bununla da bitdi. Prosesi uduzanlar uduzdu!

IIl

"Neftçi" kredit altında boğulurmuş. Bizdən sonra klub rəhbərliyində dörd əl dəyişib. Yükləmək eşqinə düşənləri elə yükləyərlər ki, yük altından çıxa bilməzlər. Nəinki bizə, kreditlərin heç Elnur Məmmədova heç bir aidiyyatı yoxdur. Klub "boğulurdusa", elə krediti keçmiş icraçı direktor götürərdi...

Kamran Quliyev, səriştəni işə sal, Orxan Hüseynzadənin neçə milyonluq bank krediti götürdüyünü ictimaiyyətə açıqla. Çətinliklə üzləşsən, səriştə imkan verməsə, o proseslərin içində olmuş v.-prezident Elnur Eyvazov yardımçı olar, yəqin ki, köməyini əsirgəməz.

Səriştəli olmaq, işini bacarmaq hər zaman yaxşı nəticələr verir. Necə ki, "şlaqbaumun", qapının ağzını kəsdirib "Sumqayıt" üçün futbolçu xahiş etmirdin, yalvarırdın, Sadıq Sadıqovla 5 dəqiqəlik görüşmək üçün həftələrlə dil tökürdün. Bizlər də öz səmimiyyətimizlə, futbol adına kömək edirdik...

El arasında "lox" deyilən ifadə var. İşini bacarmayan, səriştəsiz adamlara şamil edilir.

"Neftçi"də 2.500 dollar maaş alan milli üzvü Ruslan Qurbanova "Sumqayıt"da 2 dəfədən çox, 5-6 min dollar ödətdirirdik. Necə ola bilərdi ki, "Neftçi" kimi klubda bu qədər məvacib alan futbolçuya artıqlaması ilə pul ödənilsin?! Əksi baş verməliydi. Futbolda səriştə, bacarıq fərqi budur, Kamran Quliyev.

Emil Balayev, Tərlan Quliyev, Elşən Abdullayev, digərlərinə ödəyəcəyimiz vəsaiti klub adına qənaət edib "Sumqayıt"da icarə əsasında sizlərə ödətdirirdik. Yəni, sizin pullarla "Neftçi" üçün yetişirdilər. Eyni qayda, futbol səriştəsizliyi ilə indi "Neftçi" idarə olunur...

Qarşımızda qapınızda 8 top görən səriştə sahiblərisiz, indi "Neftçi" "Sumqayıt"ı iki mövsümdür kubokda keçə bilmir. Futbol şəhəri Sumqayıtda o qədər yerli "futbolçular" yetişdirmisiz ki, komanda heyətdə oynatmağa futbolçu tapa bilmir. Hərtərəfli səriştəli olmaq həqiqətən yaxşıdır. 50 manatlıq futbol səriştə təfəkküründən getmir söhbət...

Müəlliminiz sizi yaman boş buraxıb. Çox sərbəst olmusuz, gedin bir az səriştəli diplomatiya dərsi keçin. Məsləhət olsa 2.000.000 dollardan, UEFA-dan qazanılan pulların taleyindən, nədən istəyirsiz söhbət açarıq. Bizim kimsədən qorxacağımız, çəkinəcəyimiz yoxdur. Səriştəsizliklə təsisçilərinizi, sponsorlarınızı, havadarlarınızı zibilə salmayın. Futbol səriştəniz bir "laykdan" o tərəfə keçmir...

IV

Borc içində "boğulan" klubun son 5 ildəki transferlərinə nəzər yetirək. Təki bütün komandalar belə yağ-bal içində "borclu" olsunlar. Nə olar ki, borclu borclunun sağlığını istər... Həyatdı, maddi borc da olur, mənəvi borc da. Böyük klublarda ən azından çempionluq, kubok borcları da olur...

2015 - 2020-ci illər...

-----------------------------------------------------

1. Aylton Silva Braziliya

2. Erik Ramos Paraqvay

3. Antonio Kuinta İspaniya

4. Xuan Alberto İspaniya

5. Jairo Rodriqes Braziliya

6. Kaue da Silva Braziliya

7. Məh. Qurbanov Rusiya

8. Nikolas Kanales Çili

9. Miçal Peskoviç Slovakiya

--------------------------------------------------------

10. Edson Kastilyo Venesuela

11. Boban Baykoviç Serbiya

12. Georgi Navalovski Gürcüstan

13. Zdenek Folprext Çexiya

14. Daniel Seqoviya İspaniya

15. İqnasio Herrera Çili

16. Uqo Barqas Fransa

17. Dairo Melnyak Xorvatiya

18. Kiril Petrov Ukrayna

19. Pavel Dreksa Çexiya

20. Denilson Pereyra Braziliya

21. Katalın Tira Rumıniya

22. Krşevan Santini Xorvatiya

23. Conas Pesalli Braziliya

24. Vançe Şikov Makedoniya

J. Rodriqes

-----------------------------------------------------------

25. Derlis Meza Kolli Paraqvay/İtaliya

26. Lukas Qomes Argentina

27. Fransisko Qarsiya Paraqvay

28. Soni Mustivar Haiti

29. Pavel Dreksa Çexiya

30. Mayk Kampas Kolumbiya

31. Mateo Mujek Xorvatiya

İ. Herrera

K. Petrov

U. Barqas

D. Seqoviya

----------------------------------------------------------

32. Baqali Dabo Fransa

33. Qoran Paratski Xorvatiya

34. Dario Federiko Braziliya

35. Mamadu Mbodj Seneqal

36. Vangelas Platellas Yunanıstan

37. Canluka Sansone İtaliya

38. Slavko Braliç Xorvatiya

39. Mamadu Kane Qvineya

40. Kvame Karikari Qana

41. Petr Raku Moldova

S. Mustivar

K. Petrov

-----------------------------------------------------

42. Donald Gerye Haiti

43. Voislav Stankoviç Serbiya

44. Nəriman Cahan İran

45. Stiven Monroz Fransa

B. Dabo

S. Mustivar

M. Kane

M. Mbodj

V. Platellas

F. Dario

Borcu olan klub bu qədər legioner futbolçu oynadar?! Ancaq son iki mövsümdə 20-dən çox legionerdən istifadə edilib. "İstəsək, 1-2 futbolçu alıb çempion olarıq". Bu qədər futbolçu bəs etmir? Yaxşı ki, limit var, yoxsa legionerlərin sayı iki dəfə çox olardı. "Neftçi" heç çempionluq, kubok qazandığı illərdə bu qədər legionerdən istifadə etməyib.

Bu, yerlilərsiz futbolçulardı. "Borc" dərdi çəkənlərin Roberto Bordini, bu illərdə gətirilən əcnəbi köməkçi məşqçiləri, həkimi, 3 mərtəbəli tərcüməçiliyi.... Tək Bordinin aylıq məvacibi çalışdığımız baş məşqçilərin toplam aylıq maaşlarından çox edir. İtalyanı evə göndərib pulunu ödəmək fantastik "peşəkarlıq, səriştəlik" tələb edir...

Mpenzanın bir milyonu olsaydı, nələr edilərdi, Bayıldakı kubok nədi, titul qalmazdı qazanılmasın. Hər kartın altından üç tuz çıxarılardı. Heç üç altı da çıxmır, hər dəfə "şestyorka" çıxır. 5 ildə xərclənən 40-50 milyonun hesabatını verin, bu qədər legionerlərə ödənilən pulları açıqlayın.

Daxili kommersiya sirridir? Belə hallarda şəffaflıq səriştəsi yada düşmür?

"Neftçi" tarixi uğurlar qazana-qazana bizlərə aid olmayan 10 -a yaxın məşqçi, futbolçuyla FIFA davası edirdik. Bunları heç vaxt açıqlamamışıq, ehtiyac olmadığı halda, ictimailəşdirmək fikrimiz də yoxdur. Təsdiqedici fakt olsun deyə, adlar çəkmədən bəzi rəqəmləri göstərək. Ancaq 2012-ci ildə, çempionluq, tarixi qrupla yanaşı cərimələrə görə 2 milyon dollardan artıq vəsait ödənilib.

Ancaq Vobay, daxili transfer satışları, Rəşad Sadiqov("Xəzər Lənkəran") , Tərlan Quliyev("Qarabağ") və digərlərindən "Neftçi"yə bir milyon dollardan çox xeyir verilib. FİFA şikayətlərindən məhkəmələrdə bir milyon dollardan çox vəsait udulub. Tək "İnter"lə oyunda bilet satışından 300 min dollardan artıq

təmiz gəlir əldə edilib...

Milyonlarla kluba gətirilən vəsaitlər heç vaxt ictimailəşdirilməyib, klubun boynunda qalan borclar gündəmə gətirilməyib, bəhanələr, nağıllar danışılmayıb. Çünki, tək futbol adına deyil, mənəvi səriştəlik hər zaman öndə olub.

Bunlar futbolda görülməsi vacib olan adi hallardı. Ən önəmlisi isə qazanılan nəticələrdi.

"Baza nəmişlik iyi verir". O bazada heç bir etiraz olmadan futbolçular hazırlaşıb, "Birlik kuboku"nda erməniləri, Kiprdə APOEL-i diz çökdürüb. Hər kəs dərk edirdi ki, şərait budur. Bəhanələr edənlər "Neftçi"də ola bilməzdi. Flavinyonun dediyi kimi-"Neftçi" ilk öncə bir ailə idi...

Baza nəmişlikdən iy vermir, səriştəsiz futbol idarəçiliyi ilə iyləndirilib. Yeni baza da mütləqdir, təməlini də kimlər atıb, o da bəllidi. Tv də yaxşıdır, bununla yanaşı "Neftçi" Ailə tv deyil, "Neftçi"dir. "MeqaSığorta", "Vita1000"-i uzun illərdi klubun sığortasından tutmuş, su, şirə ehtiyaclarını həll edir. Tək "Neftçi"nin yox, bütün SOCAR sisteminin...

Səriştəsiz manipulyasiyalar edilib bu şəkildə "Neftçi" gündəmə gətirilməməlidir. Təsisçi Mikayıl Ismayılov heç vaxt gündəmdə olmaq istəməyib. "Neftçi" bizim dönəmdə fərqli klub idi, indi isə şəxsi klubdur, xərclənən isə xalqın, dövlətin pullarıdır. Səriştəsiz açıqlamalarla, onsuz da nəticə problemləri olan "Neftçi"ni, klub ətrafında olanları gündəmə gətirməyin. Gec-tez, bu nəticəsizliyin, səriştəsizliyin hesabatı soruşulacaq...

V

"Azarkeşlərə xoş görünmək". El arasında xəbərçilərə başqa ad deyilir. Dezinformasiya xəbərçiliyi isə daha betər, daha keyfiyyətsizdir.

Kamran Quliyev və dəstəsi gecə-gündüz fanatlar arasında intriqa yayaraq əleyhimizə qarşı kampaniya aparır. Bu azlıq elədi, yetmədi, müvafiq dairələrə dezolar ötürüldü: "Fanatlara istefa şüarı öyrədən Tahir Süleymanovdur".

Bunun adı "qəhrəmanlıqdır". "Neftçi" adına, azarkeşlər adına səbr göstəririk, dərinə getmirik. Bütün fanatları, "Forza Neftçi"ni, "Neftçimaniya"nı, hər kəsi dəvət edirəm, bir nəfər desin ki, azarkeşlər öyrədilir. Əksinə, onlarla, yüzlərlə fanat-azarkeşlərin müraciətinə səbrli olmalarını, təxribata uymamalarını, "Neftçi" ətrafında sıx birləşməyi tövsiyə etmişəm....

Onlarla yazılı sübut təqdim edə, bu məsələnin sonuna kimi getməyə hazıram. Fanat-azarkeşlərin düşüncələri yerindədir, onlar kimlərinsə sözü ilə hərəkət etmirlər, "Neftçi" sevgisi ilə alışıb yanırlar. Fanatlar üçün fərqi yoxdur, klubda kimlər çalışır, onlara "Neftçi" adına layiq nəticələr gərəkdir...

İndiki "Neftçi" rəhbərliyi tanrıya dua etməlidirlər ki, ardıcıl çempionluqlar qazanılıb, yoxsa "Qarabağ" çoxdan önə çıxardı. "Neftçi" tarixinə dəyər verilmədən çempionluqlar, kuboklar geri qayıtmayacaq. Hüquqi prosedurlar vacibdir, ondan öncə niyyət təmizliyi, səriştəliyi mütləqdir. Dabo azarkeşləri təhqir edəndə müdafiə olunmamalı, elə hüquqi müstəvidə fanata arxa durub futbolçu cəzasını almalıydı.

Gəlişigözəl sözlərlə azarkeş təriflənir, arxalarında isə "istefa" oyunları oynanılır, şikayətlər edilir. Hətta "qapımızı kəsdirirdilər" deyib yeri gələndə şantaj da edilir. Mən sözünü heç vaxt qəbul etməmişəm, bizim özümüzü fanatlara xoş göstərməyimiz üçün ehtiyacımız yoxdur. Azarkeşlərə nəticə vermək mütləqdir.

Bir Dabo ilə bacarmayanların səriştədən dəm vurmaqları özü bir səriştəsizlikdir. Çempionat da bitdi, imkan vermədilər, 8 tura 8 xal aradan götürüləcəkdi, çempionluq da təmin ediləcəkdi. Nəzəri olaraq Çempionlar Liqasının 1/4 finalına da gedib çıxmaq olar...

Gedin, ağır "Bakı birinciliyi"ndən sonra istirahət edin, səriştəli-səriştəsiz özünüzü dilə-dişə salmayın. Sponsorlarla, təsisçilərlə, Müşahidə Şurası ilə, fanat-azarkeşlərin iştirakı ilə, hər birinizlə, hamımızla bütün məsələləri kökünə

kimi araşdırmağa hazırıq. Bizim "Neftçi"yə ancaq xeyrimiz dəyə bilər, necə ki, dəyib!

"Neftçi"yə gələndə "xod" açıqlama oldu, yiyənizə görə cavab verilmədi. Ağzınızda şirə qalıb deyəsən. Sizin yox, "optovoy" havadarlarınızın bizimlə futbolda qarşı-qarşı gəlməyə səriştələri çatmaz. Futbolda uğur da olar, uğursuzluq da. Cavansız hələ, səhvlərə yol verməyin. Mərd olun ki, hörmətli olasız...

Tahir Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti