"Neftçi" niyə əfsanəvi prezidentinin oğlunu bağrına basmasın?

19 İyun 2020 10:10 Neftçi 1 015
"Neftçi" niyə əfsanəvi prezidentinin oğlunu bağrına basmasın?

Kamran Quliyev 7 ilə yaxın «Sumqayıt»ın prezidenti oldu.

Çox istədi, səy göstərdi, alındıra bilmədi. Zəif olduğundan, gücü çatmadı.

Nə titula yaxın getmək ona müəssər oldu, nədə hər hansı əyarlı medala. Həmişə uzaq qaldı, uzaqdan baxa-baxa qaldı. Bu həsrətin nisgili ilə qovrula-qovrula bir də gözünü açdı ki, bəs xoşbəxtlik quşu başına qonub, budur, o, artıq «Neftçi»nin prezidentidir.

Gəlmişdi ki, «Qarabağ»ın hegemonluğuna son qoysun. Vədi bu idi. Elə çalışdığı da. Görünür, kifayət etmədi. Quliyev «Neftçi»yə gələndən «Qarabağ» 3-cü dəfədir ki, çempionluğu bayram edir və belə getsə, daha üç dəfə dəyişən bir şey olmayacaq.

7 il «Sumqayıt»a heç nə verməyən Kamran Quliyev, demə, Riad Rəfiyevi hamıdan yaxşı tanıyırmıış. Və onu qusqanclıqla qarşılaması, kölgəsini qılınclaması boşuna deyilmiş.

Biz də öz-özümüzə sual verirdik ki, görən, Rəfiyev, hörmətli Kamran bəyə nə edib, adı gələndə adamın əsəbləri tarıma çəkilir, təzyiqi qalxır. İndi anlaşılır ki, bir çoxumuzdan fərqli olaraq, həmkarının gücünə, fərasətinə bələd imiş.

Ot kökü üstündə bitər. Vaxtilə mərhum Rasim Rəfiyev «Neftçi»yə prezidentlik edib. Sözün bütün mənalarında bu klubun futbolçularına atalıq qayğısı göstərib.

Onları öz balalarından ayırmayıb. Özü də «Neftçi»yə elə bir dönəmdə, elə çətin günlərdə sahib çıxıb ki, başqası çətin ki, bunu edər, kisəsinin ağzını açardı.

O isə qazandıqlarını «Neftçi»yə xərcləməklə kifayətlənməyib, son nəfəsinə kimi onun, futbolçuların yanında oldu.

Riad Rəfiyevdən söz düşəndə, «Neftçi»nin prezidenti vəzifəsinə namizəd göstərilməsini ata faktoru ilə məhdudlaşdıranlar buyursun indi meydana, cavab versin: oğlu «Sumqayıt»da azmı iş gördü?

7 il Sumqayıta boş yerə ayaq döyən Kamran Quliyev «Neftçi»nin prezidenti olmağa layiqdirsə, 2 ildə «Sumqayıt»ı avrokuboklarla tanış edən Riad Rəfiyev dünəndən onu haqq eləyir.

«Neftçi»dən qat-qat aşağı büdcəylə bu ağır missiyanın öhdəsindən gələn Riad Rəfiyevə atasının ruhunun dolaşdığı klubu əmanət etsələr, təsəvvürünüzə gətirin ki, nə kimi uğurlar qazanar. «Neftçi» azarkeşlərinin ürəyindən keçən də budur - doğma sima ilə yeni-yeni zəfərlər.

Kamran Quliyev «Neftçi»ni «Qarabağ»ın kölgəsindən xilas etməyi bacarmamaqla, yadlığını yaddaşlardan stldirə, isnişə bilmədi. Tərəfdar onu qəbul etmədi, bağrına basmadı. Yad sima olaraq ortalıqda vurnuxdu, doğmalaşmadı.

Riad Rəfiyev isə doğma biri kimi qəbul görəcək. Axı onun damarlarından da «Neftçi»nin qanı axır. Udduğu hava da, içdiyi su da «Neftçi»nin havası və suyudur.

Bir köynək yox, on köynək daha yaxındır bu camiəyə. «Neftçi» ilə doğulub, «Neftçi» ilə boy atıb, «Neftçi» ilə özünü tanıyıb. Niyə də arzularına ən yaxın gələcəkdə «Neftçi» ilə çatmasın?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti