Sadıq Sadıqovla Kamran Quliyevin fərqi - Bacarmırsızsa, çəkilin kənara

17 İyun 2020 00:42 Neftçi 1 153
Sadıq Sadıqovla Kamran Quliyevin fərqi - Bacarmırsızsa, çəkilin kənara

“Qalatasaray” forması ilə şəkil çəkdirən “Fənərbaxça” futbolçusu təsəvvür edə bilirsiz? Və ya “Real” formasında “Barselona”lı. Onlar şəkil çəkdirmək bir tərəfə, heç o formanı geyinməzlər, buna cürət də etməzlər. İndi deyəcəksiz ki, “El Klasiko”nu, Türkiyə derbisini kimlərlə müqayisə edirsən? Razıyam, “Neftçi” – “Qarabağ” dünya futbolunda həmin derbilərin heç kölgəsi ola bilməz. Nə edək, biz də bunlarla təsəlli tapırıq.

Hər ikisi bizimkidir, avrokubokda uğurlarına sevinir, uğursuzluqlarına onlar qədər üzülürük. Bəlkə onlardan da çox. Siz heç hansısa “Qarabağ” oyunçusunun “Neftçi” formasında video paylaşmasını gözünüzün önünə gətirə bilirsiz? Çünki “Qarabağ”da nizam-intizam var, kollektiv içində bağlılıq var. Bu da 1-2 günün işi deyil, Qurban Qurbanovun illərlə qurduğu sistemin bəhrəsidir.

Di gəl ki, ölkənin ən qocaman, ən titullu, ən çox sevilən klubunu oyuncağa çeviriblər. Futbolçusu hər hoqqadan çıxır, rəhbəri özünü həvəskar komandanın böyüyü kimi aparır. Bir Daboları var, gündə bir həngamə ilə qarşılarına çıxır. Gah məşqdən video paylaşır, gah azarkeşlərin söyüşünə qonaq olacağını bilə-bilə “Qarabağ” forması geyinir. İstədiyi də budur – müqaviləsi bitən kimi canını qurtarıb Kiprə qaçmaq.

Gerye 3 ay evdə oturub maaşını aldı, bir ay pulsuz oynamaq istəmədi. Dabo da onun kimi. Deyirlər ki, Monrozun ipini bir balaca boş buraxsan, nələr etməz ki. Nə oldu, “Neftçi” rəhbərliyi oyunçu seçərkən onun intizamsız olmasına xüsusi önəm verir? Heç düşünürlərmi ki, bəlkə problem elə bizim özümüzdədir. Futbolçu elə münasibət görür ki, oyuncağa çevirdiyiniz “Neftçi”nin bir qulpundan da o tutur. Hələ müqaviləsi davam edən Dario Frederiko da deyir ki, onlar məni istəmir, mən də onları. Qarşılıqsız məhəbbətlə hara qədər gedəcəksiz?

İndi də yeni bəhanə tapıblar. Özlərindən əvvəlki rəhbərliyi hədəf göstərməklə canlarını qurtarmaq istəyirlər. Klub rəsmisi Emil Mpenzaya olan borcun altında hələ də çıxa bilmədiklərini deyir. Bunlar necə borc içində batırlar ki, hər transfer dönəmində baha qiymətə əcnəbiləri yığırlar? Bəyənmədiyiniz Sadıq Sadıqova görə futbolçular başlarını ortaya qoyardılar, imkanları olsa sınıq ayaqla oynayardılar. Amma indi Kamran Quliyev maaşı da verir, üstündə mükafat da, futbolçu meydana çıxmaq istəmir. Çünki əməlləri ilə özlərinə nifrət qazandırırlar.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri də “böyüklərindən” geri qalmır. Təzadlı açıqlamaları ilə klubu yenidən çətin durumda qoyur. Sanki planlı şəkildə “Neftçi”nin illərdir çempion ola bilmədiyini əvvəlki rəhbərliklə əlaqələndirirlər. Gah deyir ki, istəsəydik Türk Hava Yollarından gələn pulları transferlərə xərcləyib rahat çempion olardıq, gah da deyir ki, “Neftçi”yə yaraşan çempionluqdur. Belə çıxır ki, neçə ildir çempionluğu bunlar “Qarabağ”a pay verirlər. Əgər “Neftçi”yə ikincilik yaraşmırsa, o zaman niyə əsas rəqibinizə titullar qazandırırsız? Sən demə, Sadıq Sadıqov titul qazanmaq üçün yox, özünü azarkeşlərə yaxşı göstərmək üçün çempion olurmuş. Qardaş, futbol azarkeş üçündür də. Bəs elədirsə, niyə “Neftçi” azarkeşlərinin sayının azlığından şikayətlənirsiz? Gözünü açıb futbol görənlər “Qarabağ”ın oyununu, çempionluqlarını, avrokuboklardakı çıxışları fonunda niyə “Neftçi”yə azarkeşlik etsin?

Keçmiş keçmişdə qalıb. Orada ilişib qalsan, elə səndən əvvəlkinin qazandığı titulların həsrətini çəkəcəksən. Gələcəyə baxmalı, strategiya müəyyənləşdirməli, normal iş görməlisiz.

Ən əsası, “Neftçi”ni adına yaraşan şəkildə idarə etmək lazımdır. Bacarmırsınızsa, çəkilin kənara, bacaranlar “Neftçi”yə əvvəlki imicini qaytarsınlar. Bu azarkeşləri bu qədər üzməyə haqqınız yoxdur (apasport.az)...

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"