Kamran Quliyev, heç hənanın yeridir?

11 İyun 2020 20:00 Neftçi 975
Kamran Quliyev, heç hənanın yeridir?

Düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı. Bu atalar sözü sanki “Neftçi” üçün deyilib.

Dünyanın düz vaxtında” futbola, klub strukturunun inkişafına məhəl qoymayan “Neftçi” rəhbərliyi bütün planetin koronavirusun əlindən qan ağladığı, sabahını düşünməkdən birtəhər olduğu dövrdə işləmək eşqinə düşüb. Onların bu “işləməyi” başqalarının işsiz qalmasına gətirib çıxarır.

Pandemiyanın yeganə müsbət tərəfi klublara öz əyri-üyrülərini görmək, səhvlərini təhlil etmək imkanı verməsidir. Avropada da klublar bu boşluqdan yararlanıb heyətlərini gücləndirmək üçün əməli iş görürlər, uğursuz olanlar bunun səbəbini araşdırır, lazımi tədbirlər görürlər.

“Neftçi” isə ənənəsinə sadiqdir. Onsuz da, qaydasında getməyən işi daha da çıxılmaz vəziyyətə salmaqla məşğuldur. Kamran Quliyev kluba gələndə ona verilən “pazl”ları yerinə oturtmaq əvəzinə, onları daha da çoxaldaraq özündən sonrakılara əməlli iş qoyacaq.

Mövsüm hələ rəsmən bitməyib, futbolçuların ayrılığına start verilib. Gerye getdi, Dabo gün sayır, Darionun ürəyi başqa yerdədir və s. Niyə başqalarında yox, yalnız “Neftçi”də 3 ay havayı maaş alan futbolçu 1 ay pulsuz oynamağa razı olmur? Çünki klubda rəhbər-futbolçu münasibəti bərbad durumdadır, heç kim bunlara görə qalıb fədakarlıq etmək istəmir. Bu boyda böyük problemin olduğu bir vaxtda rəhbərlik dəxlisiz addımlarla klubu öz oyuncağı kimi fırladır.

Hər işləri düzəlmişdi, bircə qalmışdı televiziya kanalı açmaq. Həlli daha vacib olan məqamlara göz yumub əhəmiyyətsiz detallarda “ilişən” rəhbərlik kanal üçün işçi axtarışına çıxıb. Camaat transfer üçün oyunçu axtarır, bunlar rejissor, operator, montajçı. Görünür neçə ildir davam edən uğursuzluğa başqa səbəbkar tapmayıblar, gələcək qurbanları indidən “Neftçi TV”yə yığmaq qərarına gəliblər. Adama deyərlər, bu həngamədə heç TV-nin yeridir? İllərdir çempionluğa həsrət qalan, ölkənin ən yaxşı azarkeş kütləsini stadiondan didərgin salan, küsdürən rəhbərlik verilişlərlə problemi həll edəcək?

Bəlkə də, Avropanın böyük klublarında televiziya kanalının olmasından ilhamlanıb özlərini onlara oxşatmaq istəyirlər. Çox uzağa getməyək, qonşu Türkiyədə “Fənərbaxça”nın, “Qalatasaray”ın, “Beşiktaş”ın TV kanalları var. Amma onların yayımlayacaq çox mövzuları var. Məsələn, bütün idman növlərində komandaları və hər il qazanılan uğurları var. Siz nəyi işıqlandıracaqsınız? Yaxşı, deyək ki, bir ili 1966-cı ildəki “bürünc”ə həsr etdiz. Ardınca da sizdən əvvəlki rəhbərliyin uğurlarından söz açdız. Bəs sonra?..

Avropada televiziyası olan klublarda hər şey təməldən düzgün qurulub, son addım kimi də onları efirə verəcək kanal yaradıblar. “Neftçi”də isə təməldən qalma olan-qalan daşları rəhbərlik təmizləyir. Əsas komandada baş məşqçi dəyişməkdən bezən klub prezidenti sevimli məşğuliyyətini indi də akademiyanın başında görür. Akademiyada məşqçiləri “təmizləməkdə” məqsəd nə ola bilər axı? Üstəlik, koronavirusa görə bütün dünyada işsizliklə, dolanışıqla bağlı problem yaranmış belə bir gündə ailəsini dolandıran insanları işsiz qoymağın günahı altına necə rahat girirlər, bunu başa düşmək mümkünsüdür. Məgər sənin illərdir titulsuz qalmağının səbəbkarları 300-500 manat verdiyin bu insanlardır? Necə olur, milyonları sağa-sola dağıdan siz, uğursuz sayılan, işsiz qalan fağır məşqçilər olur? Komandası birinci yerdə gedən komandanın məşqçisini saxlamırsansa, deməli, uğur yox, başqa məqsədlər güdürsən.

Əsas komandanın ardınca akademiyanı da dağıtdıqdan sonra televiziya kanalı açsan nə olacaq, açmasan nə? Bəlkə, fikirləşirsiz ki, uğur üçün sizdə çatmayan tək şey TV-dir? Məşqçiləri işsiz qoy, onların yetirmələrini “şikəst” elə, sonra da kanal açmaq eşqinə düş.

Vallah, adamın həmin kanalda çalışacaq insanlara indidən yazığı gəlir. Çünki bu iş prinsipi ilə “Neftçi” hələ uzun müddət başqasının çempionluğunu kənardan seyr edəcək. Belə bir klubun televiziyası nəyi çəkib işıqlandıracaq? (apasport.az)

Digər Xəbərlər
Xəbər Lenti