"Neftçi"nin çöküşü barədə SENSASİON AÇIQLAMALAR

11 İyun 2020 16:14 Neftçi 995
"Neftçi"nin çöküşü barədə SENSASİON AÇIQLAMALAR

«Neftçi» bu mövsüm çempionluq uğrunda rahat mübarizə apara bilərdi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında azərbaycanlı məşqçi Vladislav Qədirov deyib.

Uzun illər «Neftçi»nin formasını geyinmiş veteran futbolçu paytaxt təmsilçisinin uğursuz mövsüm keçirdiyini bildirib: «Əslində, «Neftçi»nin çox yaxşı heyəti var.

Bu heyətlə çempion olmaq problem deyildi. «Qarabağ»ın qızıl medallar uğrunda mübarizədə bu qədər irəli çıxması «Neftçi»nin özündən qaynaqlanır.

«Neftçi»də kifayət qədər səviyyəli futbolçular var, xüsusən də legionerlər. Məncə, hər şey avrokuboklardan başladı. Avropa Liqasının ikinci təsnifat mərhələsində «Arsenal» üzərində qələbələr komandada arxayınlıq və eyforiya yaratdı.

Yəqin fkirləşdilər ki, hər şey yaxşıdır, biz bundan sonra hamıya asanlıqla qalib gələcəyik. Tula klubuna hər iki oyundan qalib gələndən sonra «Bney Yehuda»ya uduzub Avroliqa ilə vidalaşmağın səbəbini mən bunda görürəm.

Komanda ondan belə özünü meydanda tapa bilmir, qeyri-sabit çıxış edir. «Neftçi»nin içərisində olmasam da, kənardan etdiyim müşahidələr əsasən deyə bilərəm ki, bəzi legionerlər Premyer Liqa oyunlarında var qüvvəsiylə mübarizə aparmır.

Stiven Monroz, Baqali Dabo və başqalarının adını çəkə bilərəm. Mən futbol adamıyam, istənilən futbolçunun bir xırda hərəkətindən bilirəm ki, o, nə fikirləşir, nə istəyir. Məsələn, Dabo hücum zamanı sağa açılmalıdır, sola çəkilir.

Digər legionerlər də bir çox hallarda elə gülməli səhvlərə yol verir ki… Bunlar təsadüfi deyil, onlar «Neftçi»də can qoymaq istəmirlər. Mən bunun günahını Roberto Bordində görürəm. Onu düz eləyib, baş məşqçi vəzifəsindən göndərdilər.

Bordin komandaya təsir edə, futbolçuları bir məqsəd ətrafında birləşdirə, nizam-intizam yarada bilmədi. Füzuli Məmmədovun onun yerinə təyin edilməsini doğru qərar sayıram.

Xarici məşqçi gətirsəydilər, komanda daha pis günə düşəcəkdi. Gələn məşqçi deyəcəkdilər ki, bu heyəti mən yığmamışam, mənə filan qədər transfer büdcəsi ayırın və filan qədər vaxt verin.

Füzuli öz uşağımızdır, bu, onun üçün də gözəl şansdır. Gənc yaşında «Neftçi» kimi böyük klubun baş məşqçisi olmaq hər adama nəsib olmur. Füzuliyə şans yaradılıb və indi çalışıb özünü göstərməlidir.

Komandanın içində olan bir məşqçi kimi Füzuli problemləri, onun yaranma səbəblərini başqalarından yaxşı bilir. Məncə, o, bu gün üçün uğurlu seçimdir və komandanı düşdüyü vəziyyətdən çıxara biləcək».

Digər Xəbərlər
Xəbər Lenti