Doğrudanmı, "Neftçi"nin prezidenti heç kimi saymır?

6 İyun 2020 10:52 Neftçi 864
Doğrudanmı, "Neftçi"nin prezidenti heç kimi saymır?

Deyəsən, «Neftçi» yenə qarışacaq.

Nisbi sakitliyin darmadağın olunması an/gün məsələsidir. Hər an hər şey ola bilər, mümkündür.

Təəssüf ki, koronavirus pandemiyasının ikinci dalğasının sürət götürdyü bugünlərdə klub rəhbərliyi bir qrup işçisi ilə vidalaşmağa qərar verib. 13 nəfər artıq uzaqlaşdırılıb.

Onların arasında Emin Salmanov, Elnur İmanquliyev, Ramiz Əhmədov kimi məşqçilər, sıravi əməkdaşlar və başqaları var. Ehtimal ki, ixtisarlar bununla bitməyəcək, davamı gələcək.

Onlardan əvvəl Mik Bennet «Neftçi»yə lazım olmayıb. Əslində, britaniyalı ilk gündən paytaxt təmsilçisinə lazım deyildi. Amma nə edəsən, adamı AFFA-dan tapşırmışdılar.

«Mançester Yunayted» Yay Futbol Məktəbi uğursuz birneçə il keçirəndən sonra bağlanınca, federasiya onu «Neftçi»nin sərəncamına göndərdi. Hər ay 10 min dollar ödəməsini də klubun boynuna qoymaqla.

Bu mərhələdə vəziyyət elə gətirdi ki, azalan büdcənin fonunda artıq xərc çəkməyə güc qalmadı, Bennetlə müqavilə uzaldılmadı. Bu, artıq bəllidir. Ki, adadan gələn funksioner «Neftçi»nin futbol akademiyasının baş koordinatoru vəzifəsindən bilavastə maliyyə öhdəlikləri səbəbindən uzaqlaşdırıldı.

«Neftçi»nin uşaq futbolunda çalışanlar müqavilə ilə işə götürülür. Burada yüksək maaşdan söhbət gedə bilməz. Ortalama 600-1200 (1500) manat əməkhaqqı verilir. Bundan bir az çox, bir az – yenə böyük pul deyil.

Klub yönəticilərinin belə bir vaxtda, yəni, iş tapmağın çətin olduğu dönəmdə işçilərinin xidmətindən imtina eləməsi ölkə rəhbərliyinin verdiyi tövsiyələrə də zidd getmək deyilmi?

Xüsusi rejimli karantinin qüvvədə olduğu soyuq aprel günlərində əsas komandanın gizli məşq keçməsinə şərait yaratması azmış kimi, idarəçilərin bir tikə çörək dərdi çəkən çalışanları klubdan kənarlaşdırmasına nə ad verək?

Doğrudanmı, Kamran Quliyev prezident postunda özünü hamıdan güclü hesab edir, heç kimi saymır, dövlətin tövsiyələrinə etinasız yanaşır? Görəsən, ondakı bu əminlik, mövcud duruma etinasız yanaşmaq hissi nədən qaynaqlanır? Bu gücü hardan və kimdən alıb, bilən var?

Yəqin ki, Elxan Məmmədovun əlini kürəyində hiss etməsi deyil onu özünü bu cür aparmağa ürəkləndirən. O, boş oturmaz.

Böyük ehtimalla, AFFA-nın icraçı vitse-prezidenti və baş katibindən savayı da, müəyyən dairələrdə özünə dəstəkçilər tapıb. Biri Mikayıl İsmayılov, biri Zaur Qəhrəmanov, biri… Hər halda havadarları var və çoxdurlar.

Yola salınan məşqçilərin yerini bir zamanlar «Neftçi»nin formasını geyinmiş veteran futbolçularla doldurmaq istədikləri söylənilir. Bu, əslində çoxdan olmalı idi. Sadəcə, projeni həyata keçirmək baxımından vaxt düzgün seçilməyib.

Hələ ona da zəmanət yoxdur ki, sabiq «Neftçi»lilər görəv alandan sonra özündən əvvəlkilər kimi kluba can yandıracaq, uğurlu nəticələr qazanacaq. Guya, Kamran Quliyev prezident təyin olunandan bəri bu sahədə ciddi dəyişiklik, inkişaf qeydə alınıb ki?

Kim rəhbərlikdə dost-tanış tapıbsa, münasibət qurubsa. o(nlar) da iş alıb. Təki bugündən etibarən bu «ənənə» də pozulsun.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!