"Neftçi"nin legioneri: "Bilmək olmaz, bəlkə bir gün yenə “Qarabağ”a qayıtdım"

17 Mart 2020 18:06 Neftçi 2 101
"Neftçi"nin legioneri: "Bilmək olmaz, bəlkə bir gün yenə “Qarabağ”a qayıtdım"

Karyerasına Haitidə - “Violette”də başlayan Donald Gerye daha sonra ölkəsində “Amerika des Kayes”də çıxış edib.

Oradan “Visla”ya (Krakov) yollanıb və 4 il Polşa klubunda legioner həyat yaşayıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Azərbaycana gəlməzdən öncə Türkiyədə - “Alanyaspor”un heyətində özünü göstərib. İki il “Qarabağ“ın formasını geyinib, cari mövsümün əvvəlində “Neftçi“yə üz tutub.

Görüşümüz koronavirus pandemiyasının geniş yayıldığı bir vaxta təsadüf etdiyindən elə söhbətə də bu infeksiyadan necə qorunduğu ilə başladıq,

- Səhhətim və əhvalım yaxşıdır, gigiyenik qaydalara riayət edirəm. Ehtiyatlı olmağa çalışıram, çünki evdə uşaqlar var və mən əmin olmalıyam ki, xəstələnməyəcəm, ailəmi bu virusa yoluxdurmayacağam. Düzdü deyirlər, uşaqlar risk qrupuna daxil deyil, amma yenə də ehtiyatı əldən vermək olmaz, ailəmə və dostlarıma görə diqqətli olmağa çalışıram.

- Artıq bir neçə məşhur futbolçunun koronavirusa yoluxduğuna dair xəbərlər yayılıb. Hətta Sizinlə müsahibəyə gəlməzdən əvvəl Kriştiano Ronaldonun ölkəsində koronavirus şübhəsi ilə karantinə alındığı iddia olunurdu...

- Ronaldonun karantinə alındığı xəbəri real görünmür. Əksinə bu virusa yoxulan insanlara yardım etdiyi bildirilir. Eləcə də İtaliya A seriyasının oyunları koronavirusa görə təxirə salınıb.

- Azərbaycana gəlməzdən əvvəl ölkəmiz haqda məlumatınız var idi?

- Bəli, keçmiş futbol klubum “Qarabağ”la müqavilə bağlamazdan əvvəl Azərbaycanı internetdən araşdırdım.

- Artıq 2 ildir Azərbaycanda yaşayırsınız. Bu müddətdə daha çox “Qarabağ” klubunda oynamısınız. “Qarabağ” Sizin üçün nə ifadə edir?

- Ürəkdən cavab verəcəyəm,” Qarabağ” mənim üçün çox şey ifadə edir. Çünki Türkiyədə zədələndikdən sonra buraya gələndə baş məşqçi Qurban Qurbanov məni ailə üzvü kimi qəbul etdi. O insan mənə böyük uğur qazandırdı, heç vaxt Qurban Qurbanovu, Rəşad Sadıqovu və “Qarabağ” komandasını unutmayacağam.

- “Qarabağ” klubunun həyatınızda böyük iz qoyduğunu dediniz, bəs klubun adını daşıdığı bölgə barədə məlumatınız varmı?

- “Qarabağ” klubundan təklif gələndə agentim mənə dedi ki, sən bilirsənmi “Qarabağ” Bakının klubu deyil, sadəcə olaraq, Qarabağ işğal olunduğuna görə Bakıda oynayırlar. Düzünü desəm, o vaxta qədər məlumatlı deyildim, amma “Qarabağ”a gəldikdən sonra futbolçular, xüsusilə Qara Qarayevdən Qarabağ haqda danışmasını xahiş elədim. O, mənə hər şeyi danışdı, həmçinin Rəşad Sadıqov Qarabağın tarixi barədə çox ətraflı məlumat verdi.

- Hiss olunur futbolçularla münasibətləriniz çox yaxın olub. Bəs komanda yoldaşlarınız “Neftçi”yə gedişinizi necə qarşıladılar?

- Mənim “Neftçi”yə keçidim onları məyus etmişdi. “Qarabağ”dan ayrılmalı oldum və öz işimə dəvam etdim. Bilmək olmaz, bəlkə bir gün yenə “Qarabağ”a qayıdacağam.

- Yəni yenidən “Qarabağ”ın formasını geyinə bilərsiniz?

- Ola bilər.

- Sizin fikrinizcə, “Qarabağ”ın ən yaxşı oyunçusu kimdir?

- Məncə, Abdullah Zubir ən yaxşısıdır.

- Şans verilsə və “Qarabağ”la “Neftçi” arasında seçim etməli olsanız, hansını seçərsiniz?

- Anamın bir deyimi var, hər zaman bu anı yaşa. Yəni hazırda “Neftçi”dəyəmsə, burdayam. Ən əsası etdiyin seçimlə xoşbəxt olmaqdır.

- Yeni klubda adaptasiya prosesi necə keçdi, çətin olmadı?

- Məncə, yox, çünki ilk dəfə Avropaya köçəndə cəmi 22 yaşım vardı. Uzun zaman Haitidə oynamışdım, müqaviləyə əsasən, Polşaya köçməliydim, bu, mənim üçün çətin bir an idi. Təsəvvür edin, uşaqlıqdan doğulduğun ölkədə yaşayırsan, fəaliyyət göstərirsən, qəflətən müqavilə şərtlərinə görə, tamamilə başqa bir ölkəyə köçməli olursan. Orada heç kimi tanımırsan, dillərini, mədəniyyətlərini bilmirsən. Amma özlüyümdə dedim ki, haraya gedəcəyəmsə, sağ qalacağam və hər şeyə hazır olacağam. Haitidə bizim çoxlu pulumuz, lüks həyatımız yox idi. Mən imkanlı ailədə böyüməmişəm, sadə həyatı olan insanlarıq. Ailəm də futbol oynamağıma qarşı olub, çünki qardaşım Vatikanda rahibdir və valideynlərim istəyirdi ki, mən də onun kimi olum. Lakin düşünürəm ki, hər kəsin öz taleyi var, necə ailədə övladlardan biri həkim, biri jurnalist, biri müəllim olursa, mənim taleyimə də futbolçu olmaq yazılıb. Bütün gücümü yaxşı olmaq üçün sərf edirəm. Ancaq buna fokuslanmışam deyə hazırda olduğum yerdəyəm. Ona görə də hər zaman deyirəm ki, mübarizə aparacaqsansa, onda yaşayacaqsan, yəni yaşamaq üçün mübarizə aparmalısan.

- Haitiyə tez-tez gedirsiniz?

- Haitiyə ildə iki dəfə gedirəm. Dekabrda getmişdim, bir də iyunda səfər planlaşdırıram.

- Sabiq baş məşqçi Roberto Bordinin getməsindən sonra “Neftçi”də nə dəyişdi?

- Onun gedişindən sonra klubda çox şey dəyişdi. Bəzi oyunçular klubdan ayrıldı, Fizuli Məmmədov baş məşqçimiz oldu və oyunlarımıza baxırsınızsa, özünüz də görmüsünüz ki, “Neftçi” yaxşılaşıb və güclənib. Çünki məşqlərimiz daha güclü keçir və taktika üzərində çox işləyirik. Roberto Bordin də yaxşı məşqçiydi, amma Füzuli müəllimlə daha çox taktikalar üzərində çalışırıq, məşqlərimiz daha intensiv və məhsuldar keçir. Bəzən hər şey yaradılan atmosferdən asılı olaraq, dəyişir, sən bir klubdan digərinə keçəndə eyni performansı göstərməyə bilərsən. Bu, məşqçilərə də, oyunçulara da aiddir. Oyuna bir çox faktorlar təsir edə bilər, sənin ailə problemlərin, kiminləsə mübahisən əhvalını korlaya bilər.

- Sosial şəbəkələrdə kifayət qədər aktivsiniz, izləyiciləriniz Sizi pozitiv biri kimi tanıyır. Ölkəmizə gələndə hansısa çətinliklərlə üzləşdiniz?

- Demək olar heç vaxt kefsiz olmuram, nə isə çətinlik olanda da tez bir zamanda yoluna qoymağa çalışıram. Həyatımda ən ağır məqam qızımı itirməyim olub. Onun adı Miaydı və o, mənim hər şeyim idi, təəssüf ki, onu qaytarmaq mənim əlimdə deyildi. Qızımın dünyasını dəyişməsindən başqa məni üzən hansısa hadisəni xatırlamıram. Musiqi dinləməyi çox sevirəm, “Neftçi”yə gedəndə görürdüm məşqlər çox sakit keçir, növbəti gün mən bazaya maşınımla gəldim və musiqimin səsini qaldıraraq məşq etməyə başladım və bu, hamını sevindirdi. Bir növ motivasiya idi. Bəzən ailəmi düşünəndə kefim korlanır, anam və bacılarım məndən uzaqdadırlar. Burada həyat şərtlərim yaxşıdır, ümid edirəm ki, bir gün anam da mənimlə yaşayar, məsələn, bu gün toyuq yeyirəmsə, o da mənimlə birgə yeyər. Məndən uzaqdadır, onun necə olduğu, nə yeyib-içdiyi barədə geniş məlumat ala bilmirəm. Bu barədə düşünmək mənə pis təsir edir, amma anlayıram ki, həyat dəvam edir.

- Sizi nə özünüzdən çıxara bilər?

- Hörmətsizliyi heç sevmirəm. Hərdən komandada zarafatlaşırıq və bir dəfə nəyəsə gülüb keçirəm, amma bəzən gülüb keçmək çətin olur. Məsələn, bu gün məşqdə Vangelis Platellasa əsəbləşmişdim, dartınırdıq, həqiqətən çox yorğun idim, ayağıyla başıma vurdu və başım ağrıdı. Həmin an onu vuracaqdım, ondan uzaqlaşmağa çalışdım. Bir neçə dəqiqədən sonra yanıma gəldi və biz zarafatlaşdıq, soruşdu ki, məni vurmaq istəyirdin? Sonra hirsim soyudu və dedim hər şey yaxşıdır. Bu, həyatdır və hər kəs sakit də ola bilər, əsəbi də.

- Azərbaycanın hansı bölgələrində olmusunuz? Hansı şəhər və ya rayon daha çox xoşunuza gəlib?

- Azərbaycanda 2 ildir yaşayıram və bir çox bölgələrdə olmuşam. Qəbələyə gedəndə nədənsə həmin şəhərin havası mənə ağır gəldi. Bunun səbəbini soruşanda komanda yoldaşlarım dedi ki, Qəbələ dağlıq ərazi olduğuna görə elə gəlir. Qəbələ gözəl şəhərdir, amma mənə görə ən yaxşısı Bakıdır.

- Bəs Bakıda haraları gəzməyi sevirsiniz?

- İçərişəhəri çox sevirəm və vaxtım olanda orda oturub çay içirəm. Limonlu qara çayı, meyvə qurularını, xüsusən şip-şirin kişmişi xoşlayıram.

- Azərbaycan mətbəxini xoşlayırsınız?

- Bəli, hər şeyi yeyirəm və hansısa yeməyi qəbul edə bilirəmsə, nədən olmasın?

- Özünüz yemək bişirirsiniz? Sevimli təamınız hansıdır?

- Əsasən, Asiya mətbəxini sevirəm və adətən, həmin mətbəxtdən yemək bişirirəm, amma həyat yoldaşım italyan mətxəbindən pastanı dadlı hazırladığımı deyir və bu səbəbdən daha çox pasta hazırlayıram. O mənə tez-tez pasta bişirməyimi xahiş etsə də, bu yeməyi yeməkdən yorulanda əvəzində düyü bişirirəm . Asiya mətbəxindən təam hazırlamaq mənə daha asan gəlir. Çünki daha çox yağ, su, sarımsaq lazım olur və daha tez bişir.

- Məşqiniz olmayanda nə edirsiniz, hobbiniz nədir?

- Alış-veriş etməyi, evdə TV-yə baxaraq popkorn yeməyi və uşaqlarımla oynamağı xoşlayıram.

- Bayaq telefonunuza zəng gələndə, türkcə danışırdınız, Azərbaycan dilini də bilirsiniz?

- Əvvəllər Türkiyədə oynamışam deyə türk dilini bilirəm. Türk dili ilə Azərbaycan dili arasında müəyyən oxşarlıqlar var, məsələn, türklər “afiyet olsun”, azərbaycanlılar isə “nuş olsun” deyir. Siz mənimlə yavaş-yavaş danışsanız, mən hər şeyi başa düşəcəyəm. Sürətlə danışanda sözləri anlamaqda çətinlik çəkirəm.

- Azərbaycanlılar haqda Sizdə necə fikir formalaşıb?

- Azərbaycanlılar çox mülayimdirlər. Amma bəzən məntiqsiz insanlarla da üzləşirəm. Məsələn, mən səni tanımıramsa, necə səninlə dostumsanmış kimi davrana bilərəm? Səni tanımıramsa, nəyə görə səni ilk dəfə görəndə mənim üzümdən öpməlisən? Amma onu deyə bilərəm ki, azərbaycanlılar polyaklardan daha mehribandırlar. Polşada yolla gedərkən, tanışınızı görsəniz, hətta siz göz-gözə gəlsəniz belə, o adam sizə salam vermədən düz keçib gedə bilər. Düzdür, bu baxımdan azərbaycanlılar daha yaxşıdır, amma bəzi insanlar dostluqla tanışlığı ayıra bilmir (teleqraf).

Səbinə Şükürova, Nərgiz Ehlamqızı

Digər Xəbərlər
Xəbər Lenti