"NEFTÇİ": "Transfer siyahımızda çox futbolçunun adı var"

11 Mart 00:38 Neftçi 742
"NEFTÇİ":  "Transfer siyahımızda çox futbolçunun adı var"

Sportinfo.az “Neftçi”nin idman direktoru Ceyhun Sultanovun müsahibəsini təqdim edir:

- “Neftçi”nin qış fasiləsindən sonrakı performansını necə dəyərləndirərdiniz?
- Məncə, hər şey normal gedir. Əsas odur ki, komandada oyun var.

- 2020-ci ildə keçirdiyiniz 6 oyunun 3-də qalib gəlib, 3-də bərabərə qalmısınız. Bu nəticə sevindiricidir, yoxsa daha yaxşı ola bilərdi?
- Məncə, nəticə daha yaxşı ola bilərdi. Sadəcə, bizdə baş məşqçi dəyişikliyi oldu və yeni çalışdırıcının da oyun sistemini formalaşdırmasına vaxt lazımdır. Füzuli Məmmədovun rəhbərliyi altında keçirdiyimiz ilk oyunla son matç arasında böyük fərq var. Onun istədiyini futbolçulara tam aşılaya bilməsi üçün zaman lazımdır. Mənə görə, məşqçi dəyişikliyindən sonra hələlik normaldır. Birdən-birə nəsə etmək olmur. Desək ki, bütün oyunlarda qələbə qazanmalıydıq, düz çıxmaz.

- “Sumqayıt”, “Qarabağ” və “Səbail”lə heç-heçə etdiyiniz görüşlərdə qalib gəlsəydiniz, hazırda liderdən 1 xal geridə idiniz. Hansı matçdakı xal itkisinə daha çox təəssüfləndiniz?
- “Səbail”lə heç-heçə etdiyimiz son oyunu deyərdim. Məlumdur ki, bizim əsas rəqibimiz “Qarabağ”dır. Bu komandaya qalib gəlsəydik, məncə, indi onlara ən azı daha yaxın idik.

- Sona 8 tur qalmış “Qarabağ”dan 8 xal geri qalırsınız. Çempionluq şansınız nə dərəcədə realdır?
- Bir yerdə işıq görünürsə, deməli, şans var. Əgər hər tərəfə qaranlıq kimi baxsaq, işləməyə dəyməz. Ümid həmişə var.

- Füzuli Məmmədovun təyinatından sonra hiss olunur ki, kollektivdə ab-hava da düzəlib. Yaydan sonra onu postunda saxlayıb-saxlamamaqla bağlı qərar verilibmi?
- Xeyr, hələ qərar verilməyib. Çünki qarşıda 8 oyun var. Həmin 8 qarşılaşmadan sonra Füzuli Məmmədovun işi daha qabarıq ortada olacaq. Ondan sonra rəhbərlik bu barədə düşünəcək.

- Avrokuboklara vəsiqəni böyük ehtimalla təmin etmisiniz. Transfer çalışmalarına start verilibmi?
- Əgər avrokuboklara vəsiqə şansı varsa, deməli, qazanmamaq ehtimalı da mövcuddur. Buna görə də, “artıq avrokuboklardayıq” deyə bilmərik. Əlbəttə ki, transfer çalışmaları mövsüm bitməmiş başlayacaq. Klub prezidenti ilə oturub bu barədə müzakirə aparacağıq. Siyahımızda çox futbolçunun adı var. Onu hansı tərəfdən yerinə yetirəcəyimiz məndən asılı deyil.

- Yəqin ki, siyahınızda əcnəbi futbolçu çoxluq təşkil edir...
- Bəli, əcnəbilər çoxluq təşkil edir. İndi yerli oyunçu tapmaq çətindir. Amma siyahımızda yerlilər də var.

- Bir çox futbolçunuzun müqavilə müddəti mövsümün sonuna qədərdir. Xüsusən də, Emin Mahmudovla bağlı çox söz-söhbət gəzir. Oyunçularla yeni sözləşmə ilə bağlı danışığa başlamısınız?
- Hələ heç bir futbolçu ilə müqavilə müddətini artırmaq barədə danışmamışıq. Gəlin açıq danışaq. Yazırlar ki, Namiq Ələsgərovla Rəhman Hacıyevin yeni müqavilə bağlaması yönündə danışıqlar gedir. Onların hələ 1 illik anlaşmaları var və heç kimin də bundan xəbəri yoxdur. Müqaviləsi davam edən oyunçu ilə yenidən oturub nəyi müzakirə edəcəyik? Əlbəttə ki, Emin Mahmudovu saxlamağa çalışacağıq. Heç biri ilə hələ danışığımız olmayıb. Çünki futbolçuların beyni çempionata köklənib. Onların hansı ilə danışıq aparsam, düzgün çıxmaz. Ola bilər ki, onun istədiyini biz verə bilməyəcəyik, futbolçu psixoloji cəhətdən düşünəcək ki, onsuz da, bu komandada qalmayacağam. Bu nüansları nəzərə almaq lazımdır. Bilməyənlərin kənardan artıq söz demələri gərəksizdir (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 19:16 Rüşvət veriblər?
7 Aprel 15:18 Messi "İnter" yolunda?