Quliyevlə Sultanov "Neftçi"ni necə nüfuzdan salıbsa…

4 Mart 2020 15:46 Neftçi 36 150
Quliyevlə Sultanov "Neftçi"ni necə nüfuzdan salıbsa…

"Qarabağ"ın xallar itirməsindən sonra "Neftçi"nin liderə yaxınlaşması üçün yaxşı şansı yaranmışdı.

Həm xal fərqinin azaldılması, həm də qələbə seriyasının davam etdirilməsi həyatı önəm daşıyırdı.

Eyni zamanda "Neftçi" dönüş yaradır" sualına da tam aydınlıq gələcəkdi.

Füzuli Məmmədov növbəti dəfə şansını qaçırdı və klubda suların durulmadığını əyani göstərmiş oldu. Hətta yarızarafat-yarıgerçək yanaşsaq, ilk dəqiqələrdən məşhur Essyenin qoca yaşında "dartıb" sıradan çıxmasından da "Neftçi" yararlana bilmədi. Hələ Qəbələdə sərgilənən ikinci yarıdakı oyun komandanın "barıt"ının" tükəndiyini göstərdi.

Hər məşqçi dəyişikliyindən sonra istənilən komandada ilk vaxtlar ruh yüksəkliyi yaranır, müəyyən irəliləyiş olur. Bunun hesabına "Neftçi"də də belə bir görüntü yaranmışdı.

Çox vaxt "Neftçi" fanatları Sportinfo.az-ı aşırı tənqidlərdə, hətta qərəzdə ittiham edir. Nə edək, yazmayaq ki, zəif "Səbail" qarşısında bir oyun göstərməyərək bəxt, avtoqol sayəsində önə çıxandan sonra Nəriman Cahanı Soni Mustivarla əvəzləyib iki dayaq futbolçusuna üstünlük vermək, nəticəni qoruyub saxlamağı düşünmək "Neftçi" adına yaraşmayan rəzalətdir?

Yazmayaq ki, matç bitən kimi meydanda olmaya-olmaya Rauf Əliyevin üstünə qaçıb, qucaqlayıb təbrik edən Səlahət Ağayev niyə, nəyə sevinir?

Yazmayaq ki, final fitindən sonra Baqali Dabo və digərləri gülə-gülə meydanı tərk edib, öz keflərinin dalınca gedirlər?

"Sabah"ın ruhən "Neftçi"lı Saşa Stamekoviçi flaqman üçün daha çox can yandırır, nəinki komandada olan ödənişli futbolçular.

Yazanda ki klubda dərəbəylikdir, Kamran Quliyev, Ceyhun Sultanov, gözəgörünməz Zaur Qəhrəmanov "Neftçi"ni idarə edə bilmir, bizdən şikayətçi olurlar.

İndi başabəla Roberto Bordin də yoxdu, kimdi günahkar? Yalnız qurban seçilmiş Füzuli Məmmədov?

Bugünləri gördüyümüz üçün vaxtında tənqidlərimizi edirdik və edəcəyik də. Kimlərin xoşu gəlmirsə, gedib 95-ci dəqiqədə qapılarından topu çıxarıb tərlərini silsinlər.

Olanı yazmaq bizim vəzifə, jurnalist borcumuzdur. "Neftçi" azarkeşləri isə yəqin ki, sevimli komandalarının bugünkü durumunu görmək istəməz. Nə vaxta kimi Kamran Quliyev, Ceyhun Sultanov burada at oynadacaq,

"Neftçi" heç atlara yaxın da düşə bilməyəcək. Rauf Əliyevin qoldan sonra kimlərəsə ünvanlanan jestləri də hər şeydən xəbər verir. Klubu necə nüfuzdan salıblar ki, öz evində sənə bu hərəkəti göstərsinlər! Vaxtilə "Neftçi"də bunu təsəvvür etmək də mümkün deyildi, meydanı, stadionu tərk edə bilməzdilər.

"Səbail" isə ayağını tutub meydanı erkən tərk edən Maykl Essyenlə yanaşı, Füzuli Məmmədovun dəyişiklərinə təşəkkür edə bilər. Komanda, məşqçi, futbolçuların da sona kimi mübarizə aparması öz yerində. "Neftçi" kimi klubun çalışdırıcısının günahı özündə, qohumlarında deyil, Ömər Buludovda görməsi də bir başqa rəzalətdir.

Füzuli müəllim, niyə Ceyhun Sultanovun adını çəkməyə qorxursuz? Əsl baş məşqçi odur deyə? Əsas heyəti, hətta taktikanı da o, müəyyənlləşdirir deyə?

Sözəbaxan olun, özünüz bilərsiz, öz seçiminizdir. Sadəcə, "qulbeçə" olmayın. Sizdən də olmasa, "Neftçi"nin adından ayıbdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti