“Neftçi”nin prezidenti niyə bu qədər yalan danışsın ki?

20 Yanvar 2020 20:25 Neftçi 1 420
“Neftçi”nin prezidenti niyə bu qədər yalan danışsın ki?

Roberto Bordin “Neftçi”nin sükanı arxasında 1,5 mövsüm duruş gətirdi.

İtaliyalı 2018-ci ilin yayından çalışdırdığı komandanı bu müddətdə 54 oyuna çıxardı. Bakılılar bu müddətdə 30 qələbə qazanıb, 13 heç-heçə edib və 11 dəfə uduzub.

“Neftçi” ilə Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı olan apenninli mütəxəssis klub prezidentinin təqdimatı əsasında iş yerindən uzaqlaşmaq məcburiyyətində qaldı.

Əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə qaytarılıb, irad və təkliflər dinlənilib, sonda Bordinlə müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, komanda müvəqqəti olaraq köməkçi-məşqçi Füzuli Məmmədova tapşırılıb.

"Neftçi"nin prezidenti Kamran Quliyev Roberto Bordinin istefaya göndərilməsindən danışaraq deyib ki, italiyalı ilə dostcasına ayrılıblar. O, məşqçinin heç bir şərt irəli sürmədiyini söyləyib.

Təəssüf ki, hörmətli Kamran Quliyev öz "ənənə"sinə sadiq qalaraq həqiqətin önünə pərdə çəkib. Əvvəla, Bordinə istədiyi məbləğ ödənilib.

O, arzuladığı təzminatı alandan sonra niyə dava-dalaş etsin, incisin ki? Bir şey ki, məqsədinə çatıb. Guya, Bordin qalmaq istəyirdi ki? Bu qərar ən çox onun ürəyincə oldu. Ondan ötrü ki, komandanı çempion edə bilməyəcəyinə əmin idi.

İtaliyalıya lazım idi ki, müqavilənin pozulmasına dair təklif klub idarəçilərindən gəlsin. İstefa ərizəsini öz xoşuyla yazsaydı, təzminat istəmək haqqını itirəcəkdi. Lakin o, yenə də səbrli tərpəndi, dözdü və Kamran Quliyevi ayağına gətirdi. Üstəlik, pulla bərabər.

Bundan sonra Bordin ya İtaliyada, ya da Moldovada yaşayacaq, "Neftçi" isə onun hesabına pul ödəməkdə davam edəcək.

Ailəsi ilə istirahətə çəkilən məşqçi Bakıdan göndəriləcək məbləği özü üçün bala-bala xərcləyəcək. Asan qazancdan kim imtina edər ki, Bordin də etsin?

İkincisi, o, Kamran Quliyevin təsvir etdiyi kimi, yəni, "dostcasına ayrılığ"a razı olanadək klub rəhbərliyini nəyi var, tənqid edib. Daha nələr deməyib ki..?! Sağ-sol "döşəyib".

Bordin "Lodz"la yoxlama görüşündə qeydə alınan 0:4 hesablı məğlubiyyətin məsuliyyətinin futbolçuların üzərində olması fikrində dayanıb.

İtalyanın fikrincə, komandanın bəzi aparıcı fiqurları məhz "yuxarı"dan gələn tapşırığı yerinə yetirərək, polşalılarla matçda zəif təsir bağışlayıb, məqsəd də baş məşqçi dəyişikliyini sürətləndirmək olub.

Bordin köməkçilərindən Füzuli Məmmədovla Etibar Tarıverdiyevin də kollektiv daxilində onun əleyhinə kampaniya aparmasını iddia edib.

Yəqin, indi Kamran Quliyev "dostcasına ayrılıq" deyəndə, keçmiş baş məşqçinin ona əl qaldırmadan dəyirmi masanın arxasından qalxmasından məmnunluğunu ifadə eləmək istəyib. Niyə də yox?! Gedən razı, göndərən razı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı