"Neftçi"nin legionerlərinə qurduğu "İNCƏ TƏLƏ"

10 Yanvar 2020 21:03 Neftçi 1 388
"Neftçi"nin legionerlərinə qurduğu "İNCƏ TƏLƏ"

Xəbər verdiyimiz kimi, "Neftçi"nin sabiq hücumçusu Lukas Qomes İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Bir müddət öncə klubdan FİFA-ya şikayət edən, ancaq qurumdan istədiyi cavabı ala bilməyən 32 yaşlı forvard bu dəfə CAS-a üz tutub.

2018-ci ilin yayında "Neftçi"dən göndərilən və klubdan pulunu ala bilməyən argentinalı budəfəki qərarın lehinə olacağına əmindir:

"Məsələ CAS-dadır, hələ gözləyirik. Amma əminik ki, bu dəfə qərar lehimizə olacaq. Düşündük ki, FİFA-ya müraciət edək, onlar mənim əcnəbi olduğumu nəzərə alarlar. Çünki bu işlərdə böyük təcrübəyə sahibdirlər.

Elə oldu ki, sonradan CAS-a şikayət ünvanladıq. Qurumdan cavab gözləyirik. Belə məsələlər orada, adətən, daha tez və futbolçunun xeyrinə öz həllini tapır. Lazım gəlsə, yenidən AFFA-ya da müraciət edəcəm".

"Neftçi" Qomesin müqaviləsinə birtərəfli şəkildə xitam verib. "Ağ-qaralar"ın keçmiş futbolçusuna təqribən 60 min dollar verəcəyi var.

"Neftçi" rəhbərliyi ötən il Lukas Qomes və Mayk Kampazı müqavilənin xitamına razı salmaq üçün futbolçuların maaşlarını gecikdirmiş, evlərinin 3 aylıq kirayə haqqını ödəməmişdi. Oyunçular hətta klubun bazasına da buraxılmırdılar.

Kampaz təzyiqlərə dözməyərək, rəhbərliyin tələbini qəbul etmişdi. Lakin Qomes müqavilə müddətinin sonuna qədər qalmaq istədiyindən, 32 yaşlı oyunçu əvvəlcə əvəzedici heyətə göndərilmiş, daha sonra isə yola salınmışdı.

"Neftçi"nin mətbuat xidməti yaxınlarda belə bir açıqlama yaymışdı ki, FİFA argentinalı legionerin iddiasını təmin etməyib. Yəni ki, klub bu məsələdə haqlı çıxıb.

Reallıq isə belədir ki, ali futbol qurumu Lukasdan öncə AFFA ilə əlaqə saxlamasını istəyib. FİFA-nın ilk ünvan olaraq AFFA-nı nişan verməsi səbəbsiz deyil.

"Neftçi" müqaviləyə belə bir bənd salıb ki, futbolçu ilə klub arasında hər hansı problem yaranarsa, işə yerli federasiya baxacaq. Bu, əksər böyük futbol ölkələrinə xas anlaşma şərtidir.

Amma Azərbaycanda… İndiki halda AFFA-ya müraciət etmək mənasızdır. "Neftçi"yə rəhbərliyi elə AFFA təyin edib, hamısı bir adamdır.

Cənubi amerikalı legioner haqlı olaraq fikirləşib ki, qurum "Neftçi"dəki kadrlarını qoyub, onun müdafiəsində dayanmayacaq. Belə bir praktika, yaxud ənənə mövcud deyil.

Ümumiyyətlə, paytaxt klubu əcnəbi futbolçularının kontraktına "unikal yenilik" etməyi özünə yol seçib. Adətən, görmüşük ki, tərəflər arasında problem yarananda, oyunçuların statusu ilə bağlı işlərə FİFA-nın müvafiq orqanları baxsın.

Bugünədək Azərbaycan klublarında çıxış etmiş hansı əcnəbinin məsələsi düyünə düşübsə, hamısı bir qayda olaraq beynəlxalq qurumlara şikayət ərizəsi yazıb.

FİFA əksər hallarda futbolçunun tərəfini saxlayır. Belə olmasaydı, "Bakı", "Xəzər Lənkəran", "Simurq" kimi keçmiş Premyer Liqa təmsilçiləri sözügedən təşkilat tərəfindən böyük məbləğdə cərimələnməzdi. Hər üç klub əvvəlki adla peşəkar səhnəyə qayıtmaq istəyəcəksə, ilk növbədə milyon dollarla ölçülən borclarını ödəməlidir.

"Neftçi"nin müqavilə təklif elədiyi legionerlər nə bilsin ki, klub elə AFFA-nın "bir parçasıdır", birbaşa onun nəzarətindədir?

Fikirləri gedib normal futbol ölkələrinə. Adını eşidirlər, pul-paranı öyrənirlər, daha dərinə getmirlər. Başqa sözlə, kabab iyi kənardan onları məst edir.

"Neftçi" əcnəbi futbolçularıyla bağlı işləri həll eləmək məqsədilə İspaniyadan bir vəkillə müqavilə bağlayıb. Həmin advokat Xose Van Delosdur. Bəs Lukası Azərbaycana gətirən, özünü "bir nömrəli menecer" adlandıran Kamil Məmmədov hara baxırdı? FİFA agenti olan şəxs, görəsən, müqavilədəki məlum bəndi necə diqqətdən qaçıra bilər?

Odur ki, "ağ-qaralar"ın dəvət göndərdiyi legionerlərə ehtiyatlı olmağı məsləhət görərdik. Müqavilə bağlayarkən, sənədləri tam şəkildə oxusunlar, bir-iki səhifəyə gözucu baxıb imzalamağa tələsməsinlər.

CAS yaxınlarda cənubi amerikalı hücumçunun iddiasına qiymət verməlidir. O, lazım gələcəksə, hüquqlarının "Neftçi" tərəfindən pozulmasına dair sənədləri paralel olaraq AFFA-ya da göndərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti