"Neftçi"də kommunal borc

11 Dekabr 2019 17:54 Neftçi 899
"Neftçi"də kommunal borc

Mövsümün əvvəlində və gedişində yeni legionerlərin alınmasına külli miqdarda maliyyə vəsaiti sərf edən "Neftçi" hazırda müəyyən problemlərlə üzləşib.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, kommunal xərclərin qarşılanması çətinləşib. Nobel prospektində yerləşən bazanın aylıq işıq, qaz və su məsrəfi 10 min manata yaxındır ki, bəzən həmin məbləğin ödənilməsində fasilələr yaranır.

Büdcəni yararsız əcnəbi futbolçulara səpələyən "Neftçi" rəhbərliyi indi çıxış yolunu yeni layihədən gələcək pulda görür. Bu, bilavasitə uşaq futbolu ilə bağlıdır və SOCAR, o cümlədən, neft şirkətinin törəmə müəssisələrində çalışan insanların övladları üçün nəzərdə tutulub.

"Neftçi"nin akademiyasına seçilə bilməyən uşaqlar bura götürüləcək. Təbii ki, pulsuz-parasız yox. Hər uşaq üçün aylıq məbləğ 150 manat olaraq müəyyənləşdirilib.

Prezident Kamran Quliyev bunun hesabına hər ay 6-12 min manat civarında gəlir əldə etməyi planlaşdırır. Həmin vəsaitin toplanmasına və büdcəyə əlavə olunmasına nəzarət vitse-prezident Elnur Eyvazova tapşırılıb.

Digər Xəbərlər
Xəbər Lenti